Keçmiş xarici işlər naziri: “Ermənistan bu siyasətini davam etdirsə, Bakı güc tətbiq edəcək” – ŞƏRH
Politoloq Fərhad Məmmədov: "Paşinyan dövlət çevrilişinə ilham verə və nizamlanma prosesini ləngidə bilər”
Aprelin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Şurasının sədri Şarl Mişelin iştirakı ilə Brüsseldə keçirilən üçtərəfli görüşdə sülh sazişi üzrə danışıqlara hazırlığa başlamaq barədə razılıq əldə olunmasına baxmayaraq, eləcə də 2022-ci ilin aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının yaradılmasına qədər Yerevan sülh prosesini torpeda etməkdə davam edir. Belə ki, Ermənistan Silahlı Qüvvələri son günlər Kəlbəcər istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqda fəallaşıb. Bundan başqa, erməni quldur dəstələrinin qalıqları Rusiya sülhməramlı kontingenti yaxınlığında yenidən mühəndislik işləri aparmağa başlayıblar ki, bu da onların silahlı təxribatlara hazırlaşdığını göstərir. Maraqlıdır ki, bu, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında Brüsseldə keçirilən görüş fonunda baş verib.
Bu baxımdan kifayət qədər məntiqli suallar ortaya çıxır ki, bunlardan da başlıcası budur: nə üçün Ermənistan bir tərəfdən öz nümayəndələrini Azərbaycan nümayəndəsi ilə görüşə həvalə edir, digər tərəfdən isə, əslində, sülh müqaviləsi prosesini və sərhədlərin delimitasiyasını dalana dirəyib? Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov və politoloq Fərhad Məmmədov “Caliber” analitik mərkəzinbə şərh ediblər. Şərhləri oxucularımıza təqim edirik.

T.Zülfüqarovun sözlərinə görə, Ermənistanda başa düşülən proseslər gedir - Qarabağdakı məğlubiyyətdən sonra İrəvan sülh arzusunu yamsılamaq məcburiyyətində qalıb. “Bu, Ermənistanın beynəlxalq aləmdə öz imicini yaxşılaşdırmaq və onların hesab etdiyi kimi, Azərbaycandan təhlükəsizliyini təmin etmək üçün lazımdır, çünki o, ərazi bütövlüyünün bərpası prosesini məntiqi sonluğa çatdırmaq niyyətindədir. Eyni zamanda, Ermənistan tərəfi açıq şəkildə bəyan edir ki, yeni şəraitdə, necə deyərlər, “Artsax” siyasətini davam etdirmək niyyətindədir və buna görə də onlar ziddiyyətli bəyanatlar verirlər və onların əməlləri də çox vaxt ziddiyyətli olur. Bir tərəfdən Ermənistan Azərbaycan ərazilərini ilhaq etmək siyasətini davam etdirir, digər tərəfdən də Azərbaycanın təsiri altında beynəlxalq qanunlara əməl etməyə məcburdur. Azərbaycan beynəlxalq standartlara tam cavab verən nizamlanma prinsiplərini irəli sürəndə Ermənistan tərəfi bunları əsas kimi qəbul etdiyini bəyan edir, lakin sonradan nizamlanma prosesi “AMMA...” vəziyyətinə düşür. Və bu “AMMA” son nəticədə nizamlanma prinsiplərinin mənasını təhrif edən bir şeyə çevrilir. Yəni ermənilər bu və ya digər şəkildə Azərbaycanın daxili işlərinə qarışmaqda davam edirlər. Məsələn, Ermənistan tərəfi deyir ki, Qarabağdakı erməni əhalisinin təhlükəsizliyini təmin etmək istəyir, amma fakt budur ki, orada Rusiya sülhməramlı kontingenti var, onun funksiyası Qarabağda əhalinin təhlükəsizliyini təmin etməkdir. Eyni zamanda, İrəvan sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yerləşən ərazilərə “könüllülər” adı altında öz hərbi hissələrini göndərir. Yəni faktiki olaraq Ermənistan silahlı qüvvələri 2020-ci ildə uğradıqları məğlubiyyətə baxmayaraq, Azərbaycan ərazisində mövcuddur. Bundan başqa, Ermənistan hər cür proqramlar həyata keçirir, vəzifəsi Azərbaycan ərazilərini ilhaq etmək cəhdləri və hər cür təxribat törətməkdən ibarət olan bəzi özünü elan edən strukturları maliyyələşdirir. Əslində, Ermənistan-Azərbaycan həlli yolunda indi baş verənlər məhz budur.
Təbii ki, Azərbaycan öz bəyan etdiyi mövqeyinə uyğun olaraq siyasi vasitələrlə Ermənistana sülh yolu ilə nizamlanmanın cəlbediciliyini göstərməyə çalışır. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev hər dəfə çıxışlarında vurğulayır ki, ərazi bütövlüyümüzün pozulması və Ermənistanın destruktiv siyasətinin davam etdirilməsi halında Bakı güc tətbiq etməyə hazırdır. Başqa sözlə, ölkəmiz ikikomponentli siyasət tətbiq edir”, - deyə sabiq xarici işlər naziri bildirib.
Daha sonra həmsöhbətimiz əlavə edib ki, Rusiya və digər xarici oyunçular ənənəvi olaraq bu münaqişədən Azərbaycanın daxili işlərinə qarışmaq və onun siyasətinə təsir etmək üçün alətlər yaratmaq üçün istifadə edirlər.
“Onlar üçün münaqişənin mövcudluğu 30 ildir müdaxilənin aparıldığı alətlər dəstidir. Təbii ki, heç kim Azərbaycana bu təsir alətini itirmək istəmir ki, bu da öz növbəsində bu gün müşahidə etdiyimiz ikili siyasətə gətirib çıxarır: bir tərəfdən sülhə sadiqlik bəyannaməsi, Azərbaycanın ərazi bütövlüyünə hörmət, digər tərəfdən, gərginlik və konflikt situasiyasının ocağının saxlanmasına yönəlmiş əməli hərəkətlər”, - deyə T.Zülfüqarov bildirib.
![]()
Öz növbəsində F.Məmmədov qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan heç vaxt proqnozlaşdırıla bilənliyi ilə seçilməyib. “44 günlük müharibədən əvvəl olduğu kimi, bu baxımdan da heç nə dəyişmədi, müharibədən sonra da. Bizdə 2021-ci il təcrübəsinə sahibik, o zaman Moskvada 11 yanvar tarixli bəyanatlar qəbul edildi, burada müddətlər aydın şəkildə göstərildi. O vaxtdan 1 il 4 ay keçsə də, kommunikasiyaların açılması prosesində heç bir irəliləyiş yoxdur. Yalnız hökumətlərarası komissiya səviyyəsində iş aparılıb.
Mövcud vəziyyətə gəlincə, hər kəs Paşinyanın Moskva səfərindən sonra Ermənistanın ritorikasının dəyişdiyini hiss etdi. Paşinyanın Milli Assambleyada Ermənistanın Qarabağın statusu ilə bağlı nizamlanmanı ləngitməyin zəruriliyi ilə bağlı bəyanatından bir gün sonra Aİ-nin Cənubi Qafqaz üzrə nümayəndəsi Toivo Klaar öz Twitter səhifəsində Ermənistan baş nazirinin bu uzaqgörən qərarını alqışladığını yazıb. Yəni Paşinyanın beynəlxalq ictimaiyyəti deyərkən kimi nəzərdə tutduğu aydın oldu.
İndi biz həm də o dövrə gəlmişik ki, Paşinyan hökuməti delimitasiya ilə bağlı qərar qəbul etməli idi, lakin Ermənistanın parlament müxalifəti ötən ilin fevralında olduğu kimi yenidən aktiv fəaliyyətə başlayıb. Amma Ermənistanda müxalifətin fəallığına görə hər dəfə qərarlar təxirə salınsa, bu heç də yaxşı nəticə verməyəcək. Hesab edirəm ki, bu mesajı Ermənistan tərəfinə ötən görüşlərdə Azərbaycan nümayəndələri veriblər. Bunu Azərbaycan prezidenti də həmişə deyir. Eyni zamanda biz görürük ki, Ermənistanda müxalifətin fəaliyyəti bir növ həddən artıq və ya irimiqyaslı xarakter daşımır. Buna baxmayaraq, Paşinyan dövlət çevrilişinin bəzi elementlərini ruhlandıra bilər”, - politoloq hesab edir.
F.Məmmədovun sözlərinə görə, indiki mərhələdə Ermənistan rəhbərliyinin ümumi strategiyası prosesin ləngiməsi və mürəkkəbləşməsi kimi qiymətləndirilir.
“Xoşbəxtlikdən həm Rusiya tərəfi, həm də Qərb tərəfdaşları artıq Azərbaycan və Ermənistan arasında mövcud danışıqlar prosesinin bütün incəliklərindən xəbərdardırlar və onların iştirakı ilə bu müddətlər qəbul edilib ki, bu da həm üçtərəfli bəyanatlarda, Avropa Şurasının rəhbəri Çarlz Mişellə verilən bəyanatda qeyd olunub. Ona görə də Azərbaycanın birtərəfli fəaliyyəti bu ölkələr və geosiyasi güc mərkəzləri üçün təəccüblü olmayacaq”, - deyə F.Məmmədov yekunlaşdırıb.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB