Ümumdünya Ticarət Təşkilatına üzvlük Azərbaycanın maraqlarına cavab verirmi? - ANALİZ

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) dünyada ticarət əməliyyatlarının birgə prinsiplər üzərində həyata keçirilməsini təmin edən beynəlxalq təşkilatdır. Azərbaycanın bu təşkilata daxil deyil və əksər mütəxəssislər hesab edirlər ki, bu haqlı mövqedir. Bunun da səbəbləri var- ÜTT-yə daxil olmaq heç də bütün ölkələr üçün yaxşı perspektiv vəd etmir. Bu yazıda bu prosesdən danışacağıq.

1947-ci ildən bəri “Rüsumlar və Ticarət üzrə Baş Saziş”in iclaslarında verilən qərarlar dünya ticarətindəki sərbəstliyi məhdudlaşdıran maneələrin aradan qaldırılmasına yönəlmişdi. Beynəlxalq ticarət münasibətlərini tənzimləmək məqsədilə 1 yanvar 1995-ci ildə Ümumdünya Ticarət Təşkilatı quruldu. ÜTT-nin mənzil qərargahı Cenevrədə yerləşir. Təşkilat müəyyənləşdirdiyi qayda və normalar əsasında dünya ticarətinin 95 faizini tənzimləyir. Hazırda təşkilatın 160 üzvü var. 30 ölkə isə təşkilatda müşahidəçi qismində iştirak edir. Azərbaycan da təşkilatda müşahidəçi səslə iştirak edir.

ÜTT-yə üzv olmaq istəyən ölkələrin qarşısına mövcud sazişlərin icrası, qanunvericilik bazasının yeniləşdirilməsi və ticarətin liberallaşdırılması üçün tarif və qeyri-tarif maneələrinin aradan qaldırılması tələbləri qoyulur. Bu təşkilata üzvlük məsələsinin mənfi və müsbət tərəflərləri var.

Təşkilat hər hansısa bir ölkənin standartlarını qəbul etməyi tələb etmir. ÜTT-yə qəbul olmaq istəyən ölkə standartlaşdırma prosesini liberallaşdırmalıdır. ÜTT-yə üzv olmaq bütün ölkələrə eyni hüquqları verir. Belədə təşkilatın üzvü olan ölkələrdə əmtəə və xidmət üzrə qiymətlər eyni olmalıdır.

Əksər ekspertlər bu təşkilatın ölkəmiz üçün sərfəli olmadığını düşünür. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkəmizin ÜTT-yə üzv olmasının tərəfdarı deyil. O hesab edir ki, ticarətin, əmtəə mübadiləsinin son ünvanı istehlakçı olduğundan ilk növbədə onun hüquqları qorunmalıdır. Sözügedən təşkilat isə istehlakçı hüququnu qorumağı təmin edə bilmir. Yəni, bu təşkilatın nizamnaməsində istehlakçı siyasəti yoxdur.

ÜTT-yə qəbul olunmağın mənfi cəhətlərindən biri də odur ki, keyfiyyət və qiymətindən asılı olmayaraq bütün məhsulların üzv ölkələrə ixracı həyata keçirilməlidir. Bu o deməkdir ki, ölkəyə nə qədər mal daxil olursa olsun, qəbul edilməlidir. Bu da təbii ki, yerli istehsalın səviyyəsini aşağı sala bilər. Bu qənaətdə olan iqtisadçılar, əsasən aşağıdakı arqumentləri gətirirlər:

1. Ticarətin liberallaşdırılması qoruyucu tədbirlərin səmərəli olmadığı halda daxili bazarda daha ucuz olan xarici malların yer almasına şərait yaranacaq;

2. Qoruyucu tədbirlərin tədbiq olunub-olunmamasından asılı olmayaraq, daxili bazarda daha güclü və tanınmış xarici şirkətlər üstünlük qazanacaqlar;

3. Təqdim ediləcək keçid dövrü ərzində rəqabətədavamlı və ixracyönümlü malların istehsalı təşkil edilməzsə, sonrakı mərhələlərdə bu çox çətin olacaq;

4. Xarici ticarətdə kəmiyyət məhdudiyyətləri aradan qaldırılacaq;

5. Xidmət sahəsində daha ucuz və aşağı keyfiyyətli xidmət təchizatçıları yer tutacaq;

6. Bir sıra subsidiya növlərinin tədbiq olunması qeyri-mümkün olacaq və s.

Beynəlxalq iqtisadi araşdırma mərkəzlərinin proqnozlarına görə, Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə birlikdə yaxın gələcəkdə beynəlxalq iqtisadi münasibətlərin inkişaf etdirilməsində ən əhəmiyyətli 3 dünya təşkilatından biri olacaqdır. Azərbaycan 1992-ci ildən BVF və DB-nin üzvü olsa da, ÜTT-yə müşahidəçi statusu ilə qatılmaqdadır.

Bu təşkilatların isə qərb dövlətlərinin və korporasiyalarının mənafelərini qoruması sirr deyil. Bu səbəbdən bir çox ölkələr təşkilata daxil olduqdan sonra yerli istehsalı, sənayesi rəqabətə davam gətirə bilməyərək sıradan çıxır və o ölkələr ucuz xammal ölkəsinə çevrilirlər.

ÜTT üzv ölkələrdə GMO məhsullara qadağanın götürülməsini tələ edir ki, bu da həmin ölkələrin öz toxum fopndunu itirməsinə, böyük transkorporasiyalardan asılı düşməsinə səbəb olur. Çünki gen modifikasiyasi mərkəzləri, GMO toxum ixracı təxminən 10 qərb şirkətinin əlindədir. Beləliklə, ölkə aqrar sektoruna nəzarət imkanlarını itirir və iqtisadi təhlükəsizliyi təhlükə altına düşür.

Moldova və Qırğızıstanın təcrübəsi göstərdi ki, dünya bazarında rəqabətədavamlı məhsulla çıxa bilməyən ölkələr üçün bu təşkilata daxil olmaq ölkənin milli iqtisadiyyatına ciddi zərbə vurur. Üzvlükdən sonra gömrükdə protektionist siyasət yürütmək mümkün olmur və yerli istehsal müdafiəsiz vəziyyətdə qalır.

Hər bir ölkə spesifik xüsusiyyətlərə malikdir və öz milli maraqları var. Məsələn, bəzən ölkələrdə iqlim şəraitindən, təbii fəlakətlərdən və ya digər səbəblərdən dolayı müəyyən sahələrdə böhran vəziyyəti yaranır. Hər hansı məhsulun qıtlığı zamanı ölkələr digər dövlətlərdən sərfəli qiymətə bu məhsulu ixrac edə bilirlər. Yəni, tutaq ki, Hindistanda taxıl qıtlığı yaranıb. Rusiya isə öz ehtiyaclarından xeyli artıq taxıl istehsal edib və bunu vaxtında sata bilməyib. Növbəti taxıl biçininədək isə taxıl terminalları boşalmalıdır və əvvəlki məhsul güzəştli qiymətlərlə ixrac olunmalıdır. Bu zaman Hindistan həmin taxılı aşağı qiymətə alıb vəziyyətdən çıxa bilər. Amma ÜTT-yə üzvlükdən sonra belə hallarda vəziyyət çətinləşir və həmin ölkələrə anti-dempinq cəzası tətbiq oluna bilər. Yəni, istənilən vaxt maraqlı qüvvələr tərəfindən istənilən ölkədə süni qıtlıq yaradıla bilər və bu zaman da ÜTT öz şərtlərini diktə edə bilər.

Mənfi cəhətlərdən biri də odur ki, keyfiyyət və qiymətindən asılı olmayaraq bütün məhsulların üzv ölkələrə ixracı həyata keçirilməlidir. Bu o deməkdir ki, ölkəyə nə qədər mal daxil olursa olsun, qəbul edilməlidir. Bu da təbii ki, yerli istehsalın səviyyəsini aşağı salacaq. Bazar keyfiyyətsiz və ucuz xarici mallarla dolacaq. Bundan başqa, idxal və ixrac rüsumlarından büdcəyə daxil olmalar azalacaq. Bir məsələ də var ki, üzvlükdən sonra qiymətləri biz yox, ÜTT müəyyənləşdirəcək. Bu da təhlükəli faktordur. ÜTT-yə üzvlükdən sonra vəziyyəti pisləşən ölkələrin sayı daha çoxdur.

Hazırda dünya bazarında enerji daşıyıcılarının qiymətləri rekord həddə çatıb. Bu da xarici ölkələrdə istehsal olunan məhsulların qiymətlərinə təsir edəcək. Nəticədə ölkəyə idxal olunan malların qiyməti artacaq.

Əslində qiymətlərin liberallaşması elə də arzuolunan məqam deyil. Məsələn, yanacağın, kommunal xidmətlərin, sərnişin nəqliyyatının qiymətinin liberallaşdırılması onların qiymətinin azı 2 dəfə artmasına səbəb ola bilər.

90-cı illərin əvvəlində dövlət qəfildən qiymətlərin liberallaşdığını elan etmişdi, axırı nə oldu? Bahalaşma və inflyasiya baş alıb getdi, əhalinin alıcılıq qabiliyyəti son dərəcə aşağı düşdü. Yalnız uzun müddətdən sonra bu proses nəzarət altına alına bildi.

Qısası, ÜTT-yə üzvlük ölkəmizin maraq və mənafelərinə uyğun deyil. Bu, daha çox Amerika, Çin, Rusiya, Britaniya, Fransa, Almaniya, Yaponiya kimi iri istehsalçı ölkələrə sərf edir, bir də böyük transmilli korporasiyalara. Kiçik ölkələrdəki istehsalçılar bu nəhənglərlə həm istehsal həcmi, həm texnoloji, həm də qiymət cəhətdən rəqabət apara bilməyəcək və sıradan çıxacaq. Belə ölkələrin iqtisadiyyatını, bazarını böyük körporasoyalar ələ keçirir, ölkə borclanmağa davam edir və asılı vəziyyətə düşür.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə