Kənd turizminin inkişafı sosial-iqtisadi vəziyyətə necə təsir edə bilər? - ANALİZ

Kənd turizminin inkişafı iqtisadi gəlirlərini artırmaqla yanaşı, əhalinin sosial rifahının yaxşılaşmasına da töhfə verə bilər

Azərbaycanda qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir. Ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması üçün ekspertlər klaster yanaşmanı məqbul sayırlar. Kalster yanaşma zamanı Azərbaycanda perspektivi aydın görünən bir neçə sahənin inkişaf etdirilməsi əsas götürülür ki, bunlardan da biri turizm sektorudur. Digər sektorlardan fərqli olaraq turizm ekologiyaya zərər vurmayan, xammal və ya industrial texnologiya tələb etməyən, faydalı qazıntıların istifadəsinə ehtiyac duymayan bir sektordur. Təsadüfi deyil ki, bir çox ölkələrin əsas gəlirləri məhz bu sektordan əldə olunur.

Azərbaycan çoxcəhətli təbii şəraiti, olduqca zəngin mədəni və təbii resursları, xarici və daxili turizmin təşkili üçün böyük potensiala malikdir. Respublikamızın əlverişli iqlim şəraiti, ilboyu zirvələri qar və buzlaqlarla örtülü olan ecazkar quruluşu, cəlbedici landşaftı, çoxsaylı dağ çayları və şirinsulu gölləri, insanı heyrətə gətirən şəlalələr, yüzlərlə mineral və müalicəvi bulaqlar, narın qumlu dəniz çimərlikləri, palçıq vulkanları, qədim tarixi-mədəni və dini abidələr və s. ölkədə daxili və xarici turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Təbii ki, bu imkandan səmərəli formada yararlanmaq üçün bir sıra digər tədbirlərin də həyata keçirilməsi zəruridir.

Son illər Azərbaycanda yuxarıda qeyd edilən problemlərin həlli, o cümlədən infrastruktur sahələrin inkişafı istiqamətində irimiqyaslı yerli, regional və beynəlxalq layihələr həyata keçirilməkdədir. Bu layihələr müxtəlif istehsal və xidmət sahələrini əhatə etməklə ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynamaqdadır.

Həyata keçirilən layihələrin prioritet istiqamətlərindən biri də infrastruktur sahələrin təkmilləşdirilməsi və müasir tələbata uyğunlaşdırılmasıdır. Bu da təbiidir, çünki köhnə, müasir standartlara cavab verməyən infrastruktur sahələrlə hər hansı inkişafa nail olmaq qeyri-mümkündür.

Bu gün infrastruktur layihələrinə dövlət büdcəsindən ayırmaların ilbəil yüksək templə artması dövlətin bu məsələyə necə böyük həssaslıqla yanaşdığını göstərir. Müşahidə və təhlillərdən aydın olur ki, ölkəmizdə son 10 ildə sürətlə inkişaf edən sahələrdən biri də nəqliyyat sektorudur.

Nəqliyyat xidmətlərinin, yolların və s. inkişafı isə dolayı yolla digər iqtisadi sahələrin dirçəlişinə təkan verir. O cümlədən, bu gün Azərbaycanın ən ucqar kəndlərinədək rahat yolların çəkilməsi, ölkəmizin Şərq-Qərb, Şimal-Cənub kimi iri beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi turizm sektorunun da inkişafına ciddi təsir göstərməkdədir.

Belə ki, həm ölkə daxilində, həm də beynəlxalq səviyyəli yolların yenidən qurulması, yeni yolların çəkilişi ölkənin Avropa və Asiya arasında yerləşən nəqliyyat qovşağı kimi əhəmiyyətini daha da yüksəldir. Azərbaycanın tranzit potensialı artdıqca isə ölkə ərazisindən tranzit kimi istifadə edən xarici daşıyıcıların sayı da çoxalır. Bu da turizmin inkişafında mühüm rol oynayır.

Məlumdur ki, turizmin inkişafında daxili turistlər də xüsusi rol oynayır. Xüsusən, ölkəmizdə kənd turizminin inkişafı əsasən daxili turistlərdən asılıdır. Belə ki, turizmin ekoloji turizm, qış turizmi, idman turizmi və s. müxtəlif növləri içərisində kənd turizmi daha geniş yayılıb. Eyni zamanda, Azərbaycanda da kənd turizminin inkişaf etdirilməsi üçün çox geniş potensıal imkanlar mövcuddur.

Ümumiyyətlə, kənd turizmi Avropa ölkələrində XX əsrin 70-ci illərindən başlayaraq inkişaf edən ekoturizmlə bağlı olub. Kənd turizmi insanların ətraf mühitlə bağlılığına aid olduğuna görə müasir dövrdə ekoturizmin tərkib hissəsi kımi çıxış edir.

Hər bir ölkədə, xüsusilə də əhalisinin təqribən yarısı kənd yerlərində yaşayan Azərbaycan kimi ölkələrdə kənd turizminin inkişafı çox vacibdir. Çünki kənd turizmi şəhər mühitinin kənd mühiti ilə əvəz olunması ilə yanaşı, kənd yerlərində kiçik sahibkarlığın inkişafının, kənd təsərrüfatı məhsullarının istehlakçılara birbaşa çatdırılmasının təmin edilməsində, bölgələrin mövcud potensialından səmərəli istifadə olunmasında xüsusi əhəmiyyətə malikdir.

Araşdırmalardan aydın olur ki, kənd turizmi ümumilikdə, milli park və təbiət ərazilərindən istifadəyə, insanların istirahət tələbatında ətraf mühitlə bağlılığa, mədəni və milli irs nümunələrindən, eləcə də tarixi memarlıq abidələrindən istifadəyə, yüksək keyfiyyətli yaylaq havasına və müalicəvi bulaq sularına daimi tələbatın olmasına əsaslanır .

Azərbaycanda kənd turizminin sürətli inkişafı XX əsrin 70-80-ci illərinə təsadüf edir. Bu dövrdə şəhər əhalisinin kəndlərə istirahətə getməsi daha da kütləviləşdi. Təbii ki, kütləvi axında əsas hissəni əhalinin orta və aztəminatlı təbəqəsi təşkil edirdi. Son dövrlərdə daxili tursitlərin sayı daha da artıb. Bütün bunlar isə təbii ki, son nəticədə turizmin inkişafına təkan verir.

Son illər ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar, əksər regionlara və sahələrə dair dövlət proqramlarının qəbulu, onların uğurla icra edilməsi və s. nəticəsində bir çox problemlər tədricən öz həllini tapıb, ölkədə kənd turizminin inkişafı üçün münbit şərait formalaşdırılıb. Bu sahədə isə nəqliyyat əlaqələrinin genişlənməsi, ən ucqar yaşayış məntəqələrinədək abad yolların çəkilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəlməsi xüsusilə əhəmiyyətli olub.

Avtomobil yollarının yenidənqurulması və təkmilləşdirilməsi nəinki kənd turizminin, ümumilikdə ölkə turizminin inkişafında mühüm rol oynayır. Son dövrlər, hətta ən mürəkkəb coğrafi şəraitə və dağlıq relyefə malik ərazilərlə nəqliyyat əlaqələri yaradılıb. Ən yüksək zirvədə yerləşən, rəngarəng təbiəti və gözəl mənzərələri olan kəndlərə yol çəkilişi buna sübutdur. Bu ərzilərdə keyfiyyətli turizm xidmətlərinin təşkili ilə yolların çəkilişinə sərf edilən vəsaiti tezliklə dövlət büdcəsinə qaytarmaq və turizmi büdcənin əsas gəlir mənbələrindən birinə çevirmək olar.

Aydındır ki, kənd turizm mərkəzləri əsasən dağlıq rayonlarda- Quba, Qusar, Xaçmaz, Masallı, Şamaxı, Qəbələ, Qusar, Şəki, Gədəbəy, İsmayıllı və s. rayonların ərazisində yerləşir. Lakin Tovuz, Şərur, Ordubad, Daşkəsən, Zaqatala, Lerik, Yardımlı, Qax, Lənkəran, Balakən və s rayonlarda da böyük potensial var.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının da böyük turizm potensialı var, tezliklə bu potensialdan istifadə edilməsinə başlanacaq. Bu zonalarda kənd turizmi, dağ turizmi, ekoturizm, ekstremal turzim daha çox potesiala malikdir. Qış turizmi də bu zonalarda böyük perspektivə malikdir. Yeri gəlmişkən, hazırda qış mövsümüdür, lakin dağlarda yerləşən iri turizm müəssisələrinin qiymətləri çox baha olduğundan yerli turistlər onlardan bəhrələnə bilmir. Kənd turizmi inkişaf etsə, rəqabət çoxalacaq və sadə insanlar da qış turizmindən yararlana biləcək.

Bütün bunlarla yanaşı, son illər, regionlarda- beynəlxalq standartlara cavab verən hava limanlarının tikintisi, rayonlararası və kəndlərarası yollarının yenidən qurulması və yeni yol çəkilişləri turizmin inkişafına verilən ən gözəl töhfədir.

Burada ölkə başçısı cənab İlham Əliyevin bir fikrini xatırlatmaq yerinə düşərdi: “Harada ki, müasir yol var, o bölgədə mütləq və mütləq inkişaf olacaqdır. Əgər yol yoxdursa, o bölgə inkişaf edə bilməz. Orada istənilən təbii sərvətlər, istənilən infrastruktur, gözəl binalar, mehmanxanalar olsa da, əgər yol yoxdursa və ya bərbad haldadırsa, oraya heç kim gəlməyəcəkdir”.

Turizmin, o cümlədən kənd turizminin inkişafı nəqliyyat və onun infrastruktur sahələrinin inkişafı ilə bir kompleks əmələ gətirir. Bütün bunlar isə ölkədə həyata keçirilən infrastruktur layihələrin turizmin inkişafında, yeni yol çəkilişlərinin isə kənd turizminin inkişafında xüsusi əhəmiyyəti olduğunu bir daha sübut edir.

Son illərdə ölkəmizdə istirahətə və səyahətə üstünlük verən yerli və əcnəbi turistlərin xeyli artması bu sahənin klaster yanaşmada ən vacib sahələrdən olduğunu göstərir. Düzdür, qlobal vəziyyətlə, pandemiya ilə əlaqədər son 2 ildə bu sahədə ciddi problemlər yaranıb və bütün ölkələrdə xarici turistlərin dövriyyəsi minimuma düşüb. Lakin bu hallarda belə daxili turizmin inkişafı üçün heç bir əngəl yoxdur.

Kənd turizmi kiçik sahibkarlığı inkişaf etdirməyə, məşğulluq probleminin həllinə töhfə verməyə, kənd əhalisinin gəlirlərinin artmasına və sosial rifahının yaxşılaşmasına qadirdir. Bunun üçün dövlətin bu sahədə bəzi güzəştlər tətbiq etməsi və stimullaşdırıcı tədbirlər həyata keçirməsi məqsədəuyğundur. Misal üçün, turizm bölgəsində yaşayan və normal tələblərə cavb verən evi olan kənd sakinlərinə çox aşağı faizlərlə uzunmüddətli kreditlərin verilməsi həm onların özünüməşulluğunun təmin edilməsini təmin edə bilər, həm də dövlət büdcəsinə bu fəaliyyətdən köçürülən məbləğlər artar. Həm də əhalinin aşağı gəlirli təbəqəsi də ucuz qiymətə bu turizmdən istifadə edə bilər.

Beləliklə, çox az xərclə tez və yaxşı gəlir əldə ediləcək sahələrdən birinin kənd turizmi olduğu aydın olur. Əhalinin müəyyən bir hissəsinin xaricdə yox, ölkə daxilində turizmdən istifadə etməsi ölkədən valyuta çıxışını azaldar, üstəlik xarici turistlərin və belə sərfləli xidmətlərdən istifadə etməsini təmin etməklə ölkəyə valyuta gəlirlərinin artmasına töhfə verə bilər.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə