Milad möcüzəsi: Rusiyalı qız 20 il sonra Azərbaycanda atasını tapdı - MÜSAHİBƏ
Svetlana Perşina: “Atamla görüşmək üçün Bakıya uçdum. Proqram işçiləri atama qızını tapdıqlarını və görüş olacağı barədə xəbərdarlıq etməmişdilər...”
Onun hekayəsini Milad möcüzəsi adlandırmaq olar. 20 ildən sonra qızı Azərbaycanda atasını tapıb. İvanovolu fotoqraf Svetlana Perşina bütün həyatı boyu atasını axtarıb. Uzun müddət ona qəhrəmancasına həlak olan dənizçi atası haqqında əfsanə danışırdılar. Anasının ölümündən sonra qız uşaq evinə düşsə də, atasının sağ olduğunu və başqa ölkədə yaşadığını öyrənib. Svetlana uzun illər davam edən axtarışa başladı. Və bu yaxınlarda, “Зов крови” (Qan çağırışı) axtarış proqramının köməyi ilə Sveta atasını tapdı. Ata, Azərbaycanda yaşayır, cərrah işləyir. “Moskva-Baki” platformasına müsahibəsində Svetlana vətənində atası ilə görüşünün necə keçdiyini, azərbaycanlı qohumlarının onu necə qəbul etdiyini və buna onu nəyin ruhlandırdığını danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.
- Niyə atanızı tapmaq qərarına gəldiniz?
- Mən yenicə püxtələşirdim və başa düşdüm ki, ailəmi və mənşəyimi bilmək hüququm var. Ailənin tam tarixini bilmək əlbəttə, çox yaxşı olardı. Mənim xüsusi gözləntilərim yox idi, çünki o vaxt mənim artıq öz ailəm var idi. Amma tez-tez düşünürdüm ki, niyə qohumlarımın heç birinə bənzəmirəm. Bəlkə atama oxşayıram? Və onun necə göründüyünü görmək istədim. Məhz o zaman ağlıma fikirlər gəldi ki, onu tapmaq əla olardı, amma haradan başlayacağımı başa düşmədim. Bir dostum onu transfer yolu ilə axtarmağı təklif etdi, razılaşdım. Amma hər şeyin bu qədər tez alınacağını düşünməzdim. Mənə zəng etdilər və bir ay sonra atamla görüşmək üçün Bakıya uçdum. Proqram işçiləri atama qızını tapdıqlarını və görüş olacağı barədə xəbərdarlıq etməyiblər. Bu vəziyyəti mən Bakıda ərim və uşağımla sahil boyu gəzəndə bildim. Və təbii ki, panikaya düşdüm və qorxdum. Ancaq yanımda onu tapmaqda mənə kömək edən bütöv bir komanda var idi. Bu istiqamətdə mənə elə güclü təkan verdilər ki, bundan imtina etmək mümkün deyildi. Sonra intuitiv olaraq hiss etdim ki, atamla görüşümüz yaxşı keçəcək.

- Bu axtarışda sizin üçün ən dəhşətlisi nə olub?
- Onun həyatında özümü müəyyən etmək mənim üçün vacib idi və bəlkə də ən dəhşətlisi emosiyalarımın öhdəsindən özüm gəlməyim idi.
- Atanız həyatında tanımadığı bir qız övladının peyda olması barədə məlumatı necə qəbul etdi?
- O, sakit reaksiya verdi. Verilişdə nümayiş olunan görüşümüzün kadrları ilk çəkilişdən lentə alınıb ki, başa düşəsiniz. O, Qarabağ müharibəsindən keçib, cərrah olduğu üçün stressə davamlıdır. Təbii ki, bu vəziyyəti həyat yoldaşına necə deyəcəyindən narahat idi. Həyat yoldaşı bu xəbəri çox iffətlə qarşıladı. Onların evinə kameralarla gəldiyim üçün ondan üzr istədim. Axı plana görə, atamla görüşümüzün çəkilişləri onun işlədiyi xəstəxanada aparılmalı idi. Ancaq evdə alındı. Atamın da uşaqları var- bir oğlu (Moskvada yaşayır), bir qızı var. Qızının başına faciə gəlib, avtomobil qəzasına düşüb. Bu sentyabrda olub, mən də sentyabrda onların ailəsinə gəldim. Nəsə çox simvolik alındı.

- Bütün bu müddət ərzində şərq köklərinizi hiss etdinizmi?
- Mən böyüyəndə heç kim buna diqqət yetirmirdi. Məsələn, azərbaycanlı ola biləcəyimi düşünmürdüm. Nadir hallarda soruşurdular ki, hansı millətdənəm, bəzən mənimlə gürcü və ya azərbaycanca danışmağa çalışırdılar (gülür). Amma daxilimdə həmişə bir sual yaranırdı: mənim milliyyətim nədir? Və sonra anam ölümündən bir müddət əvvəl atamın həqiqətən kim olduğunu söylədi. Bütün uşaqlığımda mənə atamın dənizçi olduğu və faciəvi şəkildə boğulduğu barədə əfsanə danışırdılar. Sonra mənə dedi ki, o, Gürcüstandan olan cərrahdır. Yəni, onun haqqında məlumatları bir az fərqli xatırlayırdı, amma biz onu tapa bildik.
- Həyat yoldaşınızla birlikdə atanızı axtarırdınız. Sənə axtarışı dayandır desəydi, istəklərini dəstəkləməsəydi, axtarmağı dayandırardınmı?
- Bu məqamda nəticəni bildiyim üçün axtarışdan əl çəkməzdim. Və həmin anda... bunu demək çətindir. Yəqin ki, mənim üçün başqa ölkəyə uçmaq çox çətin olacaqdı, çünki o vaxt mənim körpə uşağım var idi, amma mütləq axtarışdan əl çəkməzdim.

- Əriniz və uşağınızla ilk dəfə Bakıya gələrkən sizi ən çox təsirləndirən nə oldu?
- Biz gələndə artıq axşam idi, çox isti idi. İşıqlarla dolu gözəl bir şəhər gördüm və ətrafda bu qədər tanış simaların olmasına təəccübləndim. Qeyri-adi hisslərim yarandı. Xarici görünüşcə mənim kimi insanların əhatəsində olduğumu düşünərkən özümü tapdım. Elə bir hiss var idi ki, mən onlarla vahid bir bütövlükdə birləşdim. Sanki evə gəlmişəm. Təbii ki, Azərbaycan mətbəxini bəyəndim. Rusiyada da məşhurdur və mən onu İvanovoda sınamışam. Amma Bakıya gələndən sonra anladım ki, Azərbaycan mətbəxi onun vətənində daha yaxşıdır.
- Milli xörəklərdən nəsə bişirməyi özünüz öyrənmisiniz?
- Başa düşdüm ki, burada yemək bişirənlərlə rəqabət aparmaq çox çətindir. Bu prosesə girməyə belə qorxuram, çünki mənim üçün bu, bir növ sehrdir. Hər şeyi necə dadlı bişirirlər. Yox, mən doğrudan da Azərbaycan xörəklərindən heç nə bişirməyi bilmirəm. Hələlik, sadəcə, yeməyi sevirəm (gülür).

- Hazırda Azərbaycanda çoxlu qohumlarınız var?
- Bəli, ikinci və üçüncü dərəcəli qohumlar da var. Amma Azərbaycanda, başa düşdüyüm kimi, belə anlayışların olmadığını gördüm. Burada əmi, xala, bibi, dayı uşaqları sadəcə qardaş və bacılardır. Bütün azərbaycanlı qohumlarım məni dərhal “çat”a əlavə edib təbrik etdilər. İlk vaxtlar mənə çox qəribə gəldi ki, onlarda heç bir yadlıq yox idi. Dərhal məni böyük ailələrinə qəbul etdilər. Mən isə daim fikirləşirdim ki, niyə hər şey çox yaxşıdır, axı çox vaxt belə olmur (gülür). Çünki digər qohumlarımla çox çətin münasibətim var. Onlar kifayət qədər soyuq adamlardır, məni həmişə məsafədə saxlayırlar. Azərbaycanlı qohumlar isə dərhal isti qarşıladılar. DNT testi artıq onlar üçün vacib deyildi. Hər gün mənə zəng edirdilər, mənimlə məmnuniyyətlə tanış olurdular.
- Hazırda Bakıdakı qohumlarınızla ünsiyyətiniz necədir? Sizi ziyarətə gəliblər?
- Bəli, İvanovoya məni ziyarətə gəlmişdilər. Əla vaxt keçirdik. Bir ay sonra biz onları Gürcüstanda yenidən gördük. İşlə bağlı bir səfər planlaşdırmışdım və ora gəldilər. Bir-birimizi daha yaxından tanımaq üçün bir həftə böyük bir mehmanxanada yaşadıq (gülür).
- İvanovoda “Sənin qızın olmaq gözəldir” adlı şəxsi fotosərginiz açılıb. Həyat hekayənizdən ilham aldınız?
- Bütün bu hekayəni həzm etmək emosional baxımdan çətin idi. Bu vəziyyətə necə münasibət bildirmək olar, hər şey əla, gözəl, hər şey ürəkdən, doğma bir şəkildə. Amma məncə xoşbəxtliyin öhdəsindən gəlmək çətin olanda belə olur. Və başqa ailələrdə ata-qız münasibətlərinin necə inkişaf etməsi ilə maraqlandım. Kadrda öz duyğularımı ifadə etmək, başqa insanların hisslərini görmək istəyirdim. Mən bu layihəyə asta-asta başladım. Fotoda adi insanlar, ata və qızı, müxtəlif tiplər, fərqli hekayələr var.
- Sərginizin interaktiv hissəsi var ki, orada hər kəs öz atasına qeyd yazmaqla mesaj buraxa bilər. Atanıza nə yazmısınız?
- Orada çox yazdım, vaxtaşırı gəlib nəsə yazırdım. Qeydlərin birində deyilir: “Mənə turp deyəndə xoşuma gəlir!” Bu, artıq bizim, ailə və şəxsi aramızda zarafatdır. Mən gözlənilmədən atama yaxınlaşdım. Sanki bir növ prototip kimi böyüyürdüm, çünki atam və mən başmaqlarımızı eyni şəkildə dəhlizə atırıq. Hardasa bizim həyata münasibətimiz də eynidir, halbuki ondan əvvəl bir-birimizi tanımırdıq. Belə çıxır ki, bir-birini yarı baxışdan, sadəcə olaraq, bir-birlərinə baxmaqla başa düşürlər. Atanızın qızı olmaq çox gözəldir (gülür).

- Qarşıda Yeni il bayramları var, onları necə, harada və kiminlə keçirəcəksiniz?
- Artıq Yeni il bayramları üçün Bakıya bilet almışıq. İki həftəlik Bakıya uçacağıq. Artıq hədiyyələr yığıram. Təbii ki, bu, "Sənin qızın olmaq gözəldir" sərgisindən poster olacaq. Onun həyat yoldaşı Svetaya gözəl şəkillər gətirəcəyəm ki, işində istifadə etsin. Ümumiyyətlə, səfərə hazırlaşırıq (gülür).
- Sevdiklərini tapmaq istəklərinə şübhə edən insanlara nə məsləhət görərdiniz?
- Mənə elə gəlir ki, doğma insanı tanımamaq bir boşluqdur. Rədd olunsanız və qəbul edilməsəniz, qorxulu və ağrılı ola biləcəyi aydındır, amma yəqin ki, bu, ilk növbədə özünüz üçün edilməlidir. Qohumları axtarmağa dəyər. Axı axtardığın qohumdan başqa onu əhatə edənlər də var. Və bəziləri ilə yaxınlaşa bilərsiniz. Ailə əlaqəsi dostluqdan daha güclüdür. Özüm də hiss edirəm ki, indi ünsiyyətdə olduğum insanları tanımadığım üçün onları özünə çəkirəm. Siz onsuz da onlara bağlısınız və insanı cizgilərinə görə qiymətləndirməyəcəksiniz- qardaş qardaşdır, əmi əmidir və s. Atamı tapmağımdan əlavə, böyük bir ailəmi də tapdım. Oradakı hər bir insan çox fərdidir və həyatıma bəzi canlı emosiyalar və xatirələr gətirir. “Zov Krovi” (“Qan çağırır”) sadəcə proqram adı və sözləri deyil, bu, realda işləyir.
Müəllif - Tatyana Novikova
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB