Rus politoloq: “Brüssel sammiti Azərbaycanın qeyd-şərtsiz diplomatik qələbəsidir” - MÜSAHİBƏ
İqor Korotçenko: “Rusiya İrəvana təzyiq etməlidir ki, Azərbaycanın Avropa İqtisadi İttifaqına daxil olması prosesinə mane olmasın”
Rusiyalı politoloq, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Ermənistan-Azərbaycan nizamlanması üzrə Brüssel sammitinin yekunları haqda “Moskva-Baku” platformasına geniş müsahibə verib. Müsahibəni kiçik ixtisarla oxucularımıza təqdim edirik.
- Brüsseldə Əliyevlə Paşinyan arasında danışıqları necə qiymətləndirirsiniz? Avropa Şurasının (Aİ) rəhbəri Şarl Mişelin yekun bəyanatı Rusiyanın vasitəçiliyi ilə əvvəllər əldə edilmiş bütün razılaşmaların Aİ tərəfindən sadə bir şəkildə yenidən təsdiqlənməsi kimi görünmürmü?
- Azərbaycan və Ermənistan arasında müharibədən sonrakı vəziyyətin nizamlanması ilə bağlı problemlərin müzakirəsinin Brüsselə verilməsi ideyasının özü tamamilə Nikol Paşinyanın və Aİ-nin təşəbbüsüdür. Daha dəqiq desək, prezident Makronla baş nazir Paşinyan arasında şəxsi münasibətlər, eləcə də Parisin erməni mövqeyinə açıq lobbiçilik fəaliyyəti bu cür danışıqların baş tutmasında oynayıb. Sammitin səmərəliliyi nöqteyi-nəzərindən aydındır ki, bütün razılaşmalar hələ Brüssel görüşündən əvvəl üçtərəfli qaydada imzalanmış 3 bəyanatda nəzərdə tutulub.
Brüssel formatının məqsədi Aİ-nin Ermənistan-Azərbaycan nizamlanmasında moderator olmaq cəhdlərini, habelə Paşinyanın Rusiya və Azərbaycana qarşı Avropa-Amerika kartı oynamaq istəyini reallaşdırmaq idi. Amma bunu bacarmadılar. Brüsseldə Azərbaycan prezidenti ilə görüşdə Ermənistanın baş naziri Rusiya və Azərbaycan liderləri ilə imzaladığı üçtərəfli bəyanatın həyata keçirilməsinə görə məsuliyyət daşıdığını və nəqliyyat dəhlizinin açılmasına hazır olduğunu bir daha təsdiqləməyə məcbur oldu. Düzdür, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında olan Zəngəzur nəqliyyat dəhlizinin statusunu necə şərh etmək problemi var idi. Paşinyan deyib ki, orada Ermənistan gömrüyü, erməni sərhədçiləri olmalıdır, prezident İlham Əliyev isə qeyd edib ki, bu halda Azərbaycan strukturları da müvafiq olaraq Laçın dəhlizində yerləşəcək. Tamamilə ədalətli mövqedir. Beynəlxalq diplomatiyada qarşılıqlılıq prinsipi mövcuddur ki, onun əsasında beynəlxalq siyasət və diplomatiya sahəsində hüquq və münasibətlər normaları fəaliyyət göstərir.
İstənilən halda biz Paşinyanın Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı İrəvanın rəsmən üzərinə götürdüyü öhdəlikləri konkret şəkildə yerinə yetirməsini gözləyirik. Və xüsusən də bu, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsidir. Burada, əminəm ki, avropalı vasitəçilər tamamilə lazımsızdır, çünki onlar məsələnin həllinə ancaq xaos və çaşqınlıq gətirə bilərlər. Bu, sırf Azərbaycan-Ermənistan münasibətlərindən gedir, Putin Soçidə buna diqqət çəkərək, lazım gələrsə, Rusiyanın konsaltinq yardımı və dəstək göstərəcəyini deyib. Amma bütövlükdə məsələ ikitərəfli formatda həll olunmalıdır. Burada isə Fransanın bu işdə arxasında dayandığı Aİ-nin müdaxiləsi sırf erməni maraqlarının lobbiçiliyini nəzərdə tutur. Ona görə də burada Aİ tamamilə lazımsızdır.
Brüsseldə keçirilən sammit Azərbaycanın qeyd-şərtsiz diplomatik qələbəsinə çevrildi. Azərbaycan Prezidenti İlham Əliyev bir daha öz mövqeyini kifayət qədər aydın, dəmir məntiqli, hüquqi cəhətdən qüsursuz formalaşdırır. Əliyev bir daha bəyan edib ki, o, Ermənistanla sülh, sülh müqaviləsinin imzalanması, iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması və nəqliyyat kommunikasiyalarının açılması və mehriban qonşuluğun yaradılması əsasında regionun normal inkişafını istəyir. Hesab edirəm ki, digər mühüm element 1-ci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirmək kimi humanitar aspektin araşdırılması zərurətini müəyyən etmək idi. Bu çox vacib məqamdır, çünki məlum olur ki, həmin dövrdə azərbaycanlılara qarşı məhkəməsiz qətllər həyata keçirilirdi. Erməni hərbi birləşmələri sadəcə olaraq mülki azərbaycanlı əhalini məhv edib, Azərbaycan əsgərlərini əsir götürüblər. Və burada, bu faciənin bütün aspektlərinə aydınlıq gətirmək üçün ATƏT-in Minsk Qrupunun, Aİ-nin, hüquq müdafiəçilərinin mövqeyini gözləyirik. Ermənistan öz günahını etiraf etməli, rəsmi ifadələr gətirməli, hərbi cinayətkarları cəzalandırmalı, bütün materialların məxfiliyini götürməlidir.

- Əgər Aİ rəhbərinin bəyanatı, sadəcə olaraq, Rusiyayönlü razılaşmaların yenidən təsdiqinə çevrilibsə, o zaman bunları necə qarşılamaq lazımdır? Rusiya əsas vasitəçi olaraq qalacaqmı?
- Gəlin görək hadisələr bundan sonra necə inkişaf edəcək. Hər halda, Kremlin mövqeyi bəllidir- Rusiyanın Cənubi Qafqazda heç bir vasitəçiyə ehtiyacı yoxdur. Bu, Rusiya Federasiyasının maraq zonasıdır. Rusiya Federasiyası bu regionda sülh və mehriban qonşuluqda maraqlıdır. Avropa İttifaqı isə burada açıq şəkildə lazım deyil.
Biz istənilən danışıqlar formatını alqışlayırıq. Amma biz başa düşürük ki, Makron Zaqafqaziyaya girmək istəyir, Aİ bura daxil olmaq istəyir. Bunların hamısı nə Rusiyanın, nə də Azərbaycanın dostu deyil. Ona görə də onların regionda olması məsələsi nə Moskvaya, nə də Bakıya lazım deyil. Əgər hansısa konstruktiv məqamlar gətirsələr- məsələn, Paşinyana təziq etsələr ki, daha balanslı mövqe tutsun, bu yaxşı sayılardı. Amma bu baş verməyəcək. Ermənistanın baş nazirinə otura biləcəyi başqa bir kürsü kimi Aİ lazımdır.
Ermənistan-Azərbaycan nizamlanmasında xüsusilə Aİ və Fransa obyektiv mövqe tuta bilərdi. Amma biz görürük ki, Fransa necə tamamilə ermənipərəst mövqe tutur. Makron və Paşinyan görüşəndə sözün əsl mənasında diş ətindən öpürlər. Makron dedi ki, biz erməni xalqını heç vaxt tərk etməyəcəyik. Və sonra özünü toplayıb azərbaycanca da yazmağa başladı. Amma hamı hər şeyi başa düşür. Azərbaycan dilində yazmaq çox gecdir... Ona görə də Avropa İttifaqından, Fransadan obyektivlik gözləməyə ehtiyac yoxdur.
- Putin bir tərəfdən Azərbaycan, Ermənistan liderlərinin və Ai rəhbərinin Brüsseldə görüşünü alqışladı. Digər tərəfdən, görüşdən sonra Moskva əvvəlki bütün razılaşmaların yerinə yetirilməsinin vacibliyini qeyd edir...
- Moskva bəyan etdi ki, istənilən danışıqlar platformasına və konstruktiv razılaşmaların əldə olunmasına şaddır. Bildirilib ki, Moskva Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsində monopoliya iddiasında deyil. Eyni zamanda, aydındır ki, Rusiya öz siyasəti çərçivəsində bu istiqamətdə gedən prosesləri izləyir. Və tərəflər hansısa məqamda razılaşsalar- yaxşıdır.
Sual yaranır- Paşinyan il ərzində əldə olunan razılaşmalara sadiq qalacaqmı? Əgər qalacaqsa- yaxşı, amma bu olmasa- o zaman vəziyyətin inkişafı üçün müxtəlif variantlar ola bilər. Rusiya Cənubi Qafqazda sülhün və sabitliyin olmasında maraqlıdır. Onun üçün Ermənistanın Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətləri qurması vacibdir. Putinin siyasəti ona əsaslanır ki, Cənubi Qafqaz regionunda qarşılıqlı əməkdaşlıq və iqtisadi inteqrasiya sonrakı qarşıdurma risklərini azaldır və regionu sabitləşdirir. Cənubi Qafqazda stabilləşmə və təbii ki, burada hərbi qarşıdurmanın olmaması Rusiya üçün son dərəcə vacibdir.
- Yeri gəlmişkən, Əliyev Brüsseldə yenə bəyan etdi ki, Qarabağın statusu məsələsi müzakirə olunmur...
- Hansı statusdan danışmaq olar? İlham Əliyev əsas mövqeyini bir daha təsdiqlədi- Azərbaycan ərazisi bölünməz və toxunulmazdır. Brüsseldə Qarabağın statusu ilə bağlı məsələ qaldırmağa cəhdlər olsa belə, Əliyev onları yatırtdı. Mənə elə gəlir ki, hətta Paşinyan özü də Əliyevlə görüşəndə çox gözəl anlayır ki, onun yeri ön planda olmaqdan çox uzaqdır... Azərbaycan Prezidenti bu gün beynəlxalq miqyaslı şəxsiyyətdir. Prezident, ərazi bütövlüyünü bərpa etmiş qalib ölkənin ali baş komandanı, Qoşulmama Hərəkatının sədri kimi onun imkanları bu gün Ermənistanın baş nazirinin imkanları ilə müqayisə olunmazdır.
Ona görə də status ola bilməz. 44 günlük müharibənin nəticələri Ermənistanın bütün iddialarını tamamilə puç etdi. Hamısını. Bu, məğlub olmuş kapitulyatordur. Ermənistanda təcavüzün çəngəlləri kəsilib, bu, yalnız siyasi neqativlik yarada bilər. Amma hərbi baxımdan bu gün Azərbaycan ərazilərini ələ keçirməyə qadir deyil. Qatar həmişəlik getdi. Ermənistanın ya dünyanın siyasi xəritəsindən silinib yoxluğa qovuşmaq, ya da beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində inkişaf etmək perspektivləri var. Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri var, ona görə də onların delimitasiyasını, demarkasiyasını həyata keçirmək və ölkənin gələcək inkişafı lazımdır. Ermənistanın belə haqqını heç kim əlindən almır.
“Böyük Ermənistan” mifini unutsunlar. Belə bir şey olmayacaq, ona görə də, bu gün müəyyən erməni revanşistlərinin istəkləri heç nəyi müəyyən etmir. Ermənistan elə bir hərbi-siyasi ayılma məntəqəsinə düşüb ki, oradan aydın başla çıxmaq lazımdır. Çünki ikinci dəfə belə bir ayılma stansiyasına girməsi çox acınacaqlı nəticələrə səbəb ola bilər. Azərbaycana qarşı istənilən yeni təcavüzə sarsıdıcı cavab veriləcək. Ermənistanın sakitləşməsi, inkişafı, mövcud reallıqları qəbul etməsi və öz xalqının rifahı üçün çalışması kritik dərəcədə məcburidir.
İlham Əliyev Brüsseldə Moskvanın vasitəçiliyi ilə əldə olunan bütün razılaşmaları müdafiə etdi. Hamı çox yaxşı bilir ki, Putinlə Əliyev arasında necə müsbət münasibət var. Onların arasında sədd çəkmək cəhdi faydasızdır. Əliyev regionda sülhün və sabitliyin olmasında maraqlı olan siyasətçidir. Ermənistan normal ölkəyə çevrilməlidir, çünki o, hələ də yaşamalı olacağın qonşudur. “Şərq Tərəfdaşlığı” sammitində Əliyev Brüsseldə Ermənistan tərəfdən hər hansı təxribat xarakterli bəyanat eşitmədiyini bildirib. Və bu fikri dilə gətirmək- təbii ki, həm də Ermənistanın sülh prosesinə şüurlu diplomatik stimullaşdırılmasıdır. Və bu baxımdan Ermənistanın həqiqətən də konstruktiv vektor götürməsini istərdim.
- Son günlər Azərbaycanın Avrasiya İqtisadi İttifaqında status alması məsələsi aktuallaşıb. Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev belə bir ehtimalı açıqlayıb, Rusiya baş nazirinin müavini Overçuk bu gün Bakıda Azərbaycanın status alması üçün yeni imkanlar barədə məlumat verib. Yəni, Bakının belə bir statusa malik olması ehtimalı varmı, bu haqda müzakirələr gedirmi?
- Erməni elitasının bəzilərindən Paşinyana bu prosesi əngəlləmək üçün çağırışlarını görürük. Rusiya birmənalı olaraq Azərbaycanın istənilən statusa malik istənilən iqtisadi inteqrasiya birliyinə qoşulmasında maraqlıdır. Ona görə də Rusiya diplomatiyası və siyasəti İrəvana təzyiq etməlidir ki, Ermənistan bu proseslərə mane olmasın, çünki Ermənistan tərəfindən Azərbaycanın Aİİ-yə daxil olmasının qarşısını almaq cəhdi Rusiyaya qarşı kobud hiylə olacaq və biz bunu nəticəsiz buraxmamalıyıq. Düşünürəm ki, Rusiya diplomatiyası burada qabaqlayıcı şəkildə işləyəcək ki, İrəvan Qazaxıstanın təklifini dəstəkləsin.
Rusiya ilə Azərbaycan arasında daimi təmaslar davam etdirilir, indi biz strateji tərəfdaşlıq sahələri üzrə bir sıra irimiqyaslı sənədlərin qəbulu ərəfəsindəyik. Hazırda iş gedir və ümid edirik ki, bu, bir sıra mühüm sazişlərin qəbulu ilə yekunlaşacaq.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB