“Uşaqlarınızı tərbiyə etməyə çalışmayın, onsuz da sizə oxşayacaqlar, özünüzü tərbiyə edin...”
Ekspertlər uşaq tərbiyəsinin əsas məqamları haqda “Səs”ə danışdılar
Dövrümüzün ən çətin və həllində heç vaxt yekdil rəyə gəlinməyən bir problemi var– uşaq tərbiyəsi. Müasir dövrdə uşaqların tərbiyə edilməsi daha da çətinləşib. Çünki uşağın ətraf mühitlə əlaqəsi və ona kənardan təzyiqlər artıb. Bu da onun psixologiyasını formalaşdırır. Bu, multfilmlər vasitəsilə də olur, həyətdəki dostları vasitəsilə də, ailə üzvləri və yaxın qohumları vasitəsilə də. Xüsusən də, indi azyaşlı uşaqlara smartfonların alınıb verilməsi və orada nə ilə məşğul olduğuna nəzarət edilməməsi çox ciddi problemlər yaradır. Bu, hətta uşaq intiharlarınadək gətirib çıxarır. Mütəxəssislər uşaqlara, ümumiyyətlə, 16 yaşadək smartfon alınmamasını məsləhət görür, yalnız çox vacib olarsa 12-13 yaşından sonra adi telefon alına biləcəyini deyirlər. Çünki, smartfonlar uşaqların təkcə tərbiyəsinə, psixologiyasına yox, həm də fiziki sağlamlığına ciddi zərbələr vurur. Lakin indiki valideynlər bu məsləhətləri qulaqardına vurular və bir çoxu da bunun cəzasını çəkir.
Tərbiyəyə nə vaxtdan başlanmalıdır?
Bəzən uşağın tərbiyəsinə doğulan kimi, bəzən 5 yaşından, bəzən də 11-12 yaşından sonra başlamağın doğru olduğunu deyirlər. El arasında “uşaq hökmü, şah hökmü” adlı bir məsəl də var. İndi bütün valideynləri bir sual maraqlandırır: Uşaq tərbiyəsi neçə yaşından başlamalıdır və müasir dövrdə onu necə tərbiyə etməliyik? Psixoloq Arzu Qarayev deyir ki, uşağın tərbiyəsi hansısa yaşdan yox, artıq uşaq ana bətnində olan dövrdən başlamalıdır. Mütəxəssis bildirir ki, hamiləlik zamanı ananın yediyi qida uşağa təsir göstərdiyi kimi, ananın kecirdiyi emosional hallar, uşaqla danışması, oxuduğu kitablar, qulaq asdığı musiqi də uşaqa eyni tərzdə təssir edir.
Ekspertin dediyinə görə, tərbiyədə ilk növbədə ananın rolu böyükdür: “Birinci növbədə uşaqla ana arasında emosional ünsiyyət olur. Uşaq 1 yaşa qədər ancaq ananı tanıyır. Bu dövrdə ananın uşağa verdiyi isti emossional yaxınlıq onun normal fiziki və mənəvi inkşafında, tərbiyəsində mühüm yer tutur. Sonrakı dövrlərdə isə ailə üzvlərinin hər birinin uşağın tərbiyəsində rolu böyükdür. Uşaq valideynlərin bir-birinə qarşı və ya onların başqalarına qarşı münasibətindən örnək götürür və tərbiyə alır. Məşhur deyimdəki kimi- Uşaqlarınızı tərbiyə etməyə çalışmayın, onsuz da sizə oxşayacaqlar, özünüzü tərbiyə edin. Uşaq görsə ki, valideyn kitab oxuyur, faydalı işlər görür, onun da o işlərə meyli olacaq, əksini görsə elə də formalaşacaq”.
Nənə-baba uşağın tərbiyəsini “korlayır”?
Dövrümüzün bir çox valideyninin ortaq bir düşüncəsi var: “Uşağın tərbiyəsini nənə-baba korlayır”. Hətta sırf bu səbəbdən yay tətilini nənə və babası ilə keçirmək istəyən uşaqlara ailəsi sərt qadağalar qoyur. Valideynlər düşünür ki, nənə-baba uşağın hər istəyini yerinə yetirməklə onu ərköyün və xudbin böyüdür.
Amma psixoloqun sözlərinə görə, “nənə-baba uşağın tərbiyəsini korlayır” demək düzgün deyil: “Sadəcə, böyük nəsillə cavan nəslin uşaq tərbiyəsində fikirləri müxtəlif olur və bu müxtəliflik uşağın kimin düzgün olduğunu secməsi ücün çətinlik yaradır. Amma elə nənə-babalarımız var ki, uşaq onlarda cox gözəl tərbiyə alır, milli folklorumuzu öyrənir, qədim nağılları dinləyir, müasir anaların bilmədiyi laylaları eşidir”.
Ekspert deyir ki, bəzi hallarda nənə və baba nəvələrini çox sevdiyindən onlara əlinə keçən hər şeyi yedirir və nəticədə, onların sağlamlığına zərbə vururlar və ya onların hər istədiyini etməklə ərköyün böyümələrinə səbəb olurlar. Lakin bu hallarda uşağı nənə babasından aralı saxlamaq yox, nənə babaya bunun uşaq üçün zərərli olacağını izah etmək lazımdır.
Uşağın cəzalandırma metodu necə olmalıdır?
Pedaqoq, orta məktəb müəllimi İbrahim Cəfərov deyir ki, bu gün cəmiyyətimizdə uşaqların cəzalandırılması metodları da ürəkaçan deyil. Çünki elə valideyn var ki, övladına fiziki güc tətbiq edir, döyməklə tərbiyə etməyə çalışır. Ekspertin sözlərinə görə, tərbiyədə və cəzalandırma metodunda fiziki cəzalandırmadan söhbət gedə bilməz: “Uşağı hansısa pis əməlinə görə cəzalandırmazdan qabaq birinci növbədə həmin əməlin nəyə görə pis olmasını uşaq ücün aşılamaq lazımdır. Daha sonra onun xoşladığı və ya adət etdiyi gündəlik məşğuliyyətlərdən hansısa bir müddətə məhrum etmək lazımdır”.
Ekspertin sözlərinə görə, valideyn öz sözünün üstündə durmalıdır: “Yəni, demək olmaz ki, sən daha multfilmə baxmayacaqsan. Çünki buna daimi əməl olunması mümkün deyil. Konkret cəzalandırma müddəti ərzində filmə baxmasına izin verməmək ən obyektiv cəza hesab oluna bilər. Valideynin öz sözünün üstündə dura bilməsi üçün qoyulan vaxt qısa olmalıdır və mütləq həmin vaxta əməl olunmalıdır”.
Uşaqları rüşvətə öyrətməyin
Uşaq tərbiyəsindəki ən maraqlı məqamlardan biri də “rüşvət”dir. Bu rüşvət oyuncaq, şokalad, yeni paltar da ola bilər, pul da. Pedaqoq deyir ki, daha çox iştahı olmayan uşaqlara tətbiq edilən “rüşvət” sistemi əslində ona zərərdir: “Belə ki, valideyn yemək yeməyən övladına “bunu yesən yeni oyuncaq alacam” deməklə onu rüşvətə öyrədir. Əgər uşağa pis əmələ görə cəza veririksə, yaxşı əməlinə görə də mükafat verməliyik, uşaq yaxşı əməllərinə görə daha tez–tez mükafatlandırılmalıdır ki, yaxşı əməl etməyə meyilli olsun və onları həvəslə etsin. Amma bu mükafat nə olmalıdır? Mükafatlandırılma birinci növbədə tərif, gözəl söz olmalıdır. Uşağın tərbiyəsində yerində olunan tərifdən gözəl üsul yoxdur. Daha sonra xırda hədiyyələr, gəzinti və s. ola bilər. Uşağın yaxşı əməllərinə görə xırda mükafatlar etmək olar, amma valideyn uşağa birbaşa deyirsə ki, bu işi elə sənə filan şey alacam, uşağı gələcəkdə rüşvətsiz hec bir iş görməyəcəyinə öyrədir”.
Övladınızı düzgün tərbiyə etdiyinizdən əminsinizmi?
Uşaq tərbiyəsinin ən çox müzakirə edildiyi bir cəmiyyətdə yaşayırıq və bu sahədəki çatızmazlıqlar özünü ailədə, uşaqların tərbiyəsində də büruzə verir. Belə ki, bəzi valideynlər uşağın cinsinə görə tərbiyə metodlarının tətbiq edilməsinin tərəfdarıdır. Uşağın cinsinə görə münasibət və tərbiyə metodları müxtəlifdir. Oğlan uşağını daha möhkəm, dözümlü, işə davamlı böyüməsində səy göstərilir. Qız uşağının isə zəif məxluq olduğu nəzərə ailınır və daha incə tərbiyə olunur. Mentalitetimizin xüsusiyyətləri tərbiyədə özünü göstərir.
Sonda söhbətləşdiyimiz ekspertlərdən uşağın düzgün tərbiyə üçün əsas şərtlər barədə qızıl məsləhətlər istədik. Bu da həmin məsləhətlərdən ibarət kiçik siyahımız:
- Tərbiyədə əsas rol ailədə mehribanlıqdı.
- Ata, ana, nənə, babanın tərbiyə zamanı sözləri bir olmalıdır.
- Ailə üzvlərindən biri uşağa hansısa bir şeyə qadağa qoyan zaman digər üzvlər də bunda dəstək olmalıdır.
- Uşaq qadağaların nə səbəbdən qoyulduğunu başa düşməlidir.
- Sadəcə “olmaz” deyib üstündən kecmək olmaz.
- Uşağa nəvaziş, isti münasibət göstərməkdən cəkinməyin.
- Düşünməyin ki, cox nəvaziş uşağı “qudurda” bilər.
- Uşaq ailədən nə qədər artıq dəstək, tərif, nəvaziş görsə, daha cox özündən əmin olar və həmin dəstəyi qıraqda axtarmaz.
- Uşağa daim müsbət şeylər təbliğ edilməli, onun müsbət ruhlu multfilmərə baxması, müsbət mövzulu nağıllara qulaq asması təmin edilməlidir.
- Uşağı nəzarətsiz buraxmaq olmaz və onun bütün hərəkətlərini izləyib, səhvlərini başa salmaq lazımdır.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB