Ermənistan Rusiyaya qarşı təhlükəli oyun aparır - MÜSAHİBƏ

Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda ABŞ-ın təşəbbüsü ilə videoformatda keçirilən Demokratiya Sammitinə MDB ölkələrindən dəvət edilən yeganə lider olub.

Ermənistan hökumətinin başçısının sammitdəki çıxışı qısa, lakin son dərəcə diqqətəlayiq idi. Paşinyan bəyan edib ki, Ermənistan öz demokratiyasını gücləndirmək axtarışında bir çox problemlərlə üzləşir. “Bizim üçün ən böyük problem təhlükəsizliyimizə hərbi təhdidlərdir. Başqa bir problem ölkə daxilində demokratiya uğrunda mübarizədir. Təhdidlər sərhədlərimizdən kənardan gələndə bu problem daha da çətinləşir. Əgər biz bütün dünyada demokratiyanın cəlbediciliyini bərpa etmək istəyiriksə, bu çağırışlarla birlikdə mübarizə aparmaq üçün qüvvələrimizi birləşdirməliyik. Ermənistan demokratiyanın möhkəmləndirilməsi üzrə qlobal missiyaya öz töhfəsini verməkdə qərarlıdır və ümid edirik ki, bu işdə biz tək deyilik”,- deyə Ermənistanın baş naziri bildirib.

Paşinyan, görünür, sərhədlərdən kənardan gələn təhlükə deyəndə Azərbaycanı nəzərdə tutur. Özü də daxildə demokratiya uğrunda mübarizənin altında- daxili müxalifətlə mübarizə. Amma müəyyən dərəcədə İrəvanın Azərbaycanı növbəti dəfə təhdid kimi təqdim etmək istəyi başa düşüləndirsə, o zaman sual yaranır: Amerika sammitində Ermənistanın baş nazirinin demokratik dövlətlərin birləşməsi çağırışlarını necə qəbul etmək olar? Hansı ki, bu siyasi tədbirə dəvət edilməyən Rusiya və Çinin sərt etirazına məruz qaldı.

Nikol Paşinyanın kimə qarşı birləşməyi təklif etdiyini Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Fenenko “Moskva-Bakı” platformasına verdiyi müsahibəsində şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Aleksey Valeriyeviç, Nikol Paşinyan kimə qarşı birləşməyə çağırır? Yeri gəlmişkən, Ermənistan Demokratiya Sammitində iştirak edən yeganə MDB ölkəsi oldu. Özü də Rusiyanın müttəfiqi sayılır. Bu cəfəngiyyat deyilmi?

- Belə çıxır ki, birləşmək çağırışı həm də Rusiyanın əleyhinə gedir. Əslində, burada heç bir cəfəngiyyat yoxdur. Bu təbiidir. NATO-nun rəsmi saytına baxın, Alyansla Ermənistan arasında əməkdaşlıq səviyyəsinə baxın- NATO-nun ən çox birgə proqramlar həyata keçirdiyi KTMT-yə üzv dövlətdir. Və bu əməkdaşlıq daim genişlənir. Sual olunur ki, nə üçün MDB ölkələrindən yalnız Ermənistan dəvət olunub? Bu o deməkdir ki, Qərb Ermənistana bir növ kökə verməklə ona stavka edir. Onu Rusiyaya qarşı qeyri-dost hərəkətlərə görə mükafat verməyə hazır olduqlarını göstərmək üçün dəvət etdilər. Yəni, erməni tərəfinin sammitdə iştirakında məqsəd Ermənistanla Rusiya arasında uçurumun genişləndirilməsinə çalışmaqdır.

- Yəni, bu siyasi məntiqdən çıxış edərək, Ermənistan müttəfiqi Rusiyaya hörmət naminə sammitdə iştirakdan imtina edə bilmədi, daha doğrusu, bunu istəmədi? Belə bir sammitə ehtiyacı olmadığı barədə bəyanat verməklə Rusiyanın mövqeyini dəstəkləyə bilərdi...

- Təbii ki, Ermənistan bundan imtina edə bilərdi. Amma o istəmədi. O, Rusiyadan Qərbə keçmək niyyətində olduğunu göstərdi. Belə olan halda Ermənistan Rusiyanın ona kömək etməyə tələsəcəyini gözləməsin. Paşinyan üçün isə sammitdə iştirak və ümumiyyətlə, belə qərbyönlü kurs, mən deyərdim ki, ən yaxşı siyasət variantı deyil. Çünki Paşinyan Qərb üçün müvəqqəti fiqurdur. Onlar Ermənistanda hakimiyyətə daha da qərbpərəst və daha da anti-Rusiya liderinin gələcəyinə ümid edirlər. Ancaq bu, bir az daha çox vaxt aparır.

Qərb üçün Ermənistan bir saatlı bombadır... Hətta deyərdim ki, Qərb artıq çoxdan Ermənistandan belə bir bomba hazırlayıb. Qərb dövlətləri Ermənistandan KTMT və Aİİ-ni sarsıtmaq üçün istifadə edirlər. Ermənistanın bu cür strukturlarda olması onların xoşuna gəlir, çünki İrəvan onların işini əngəlləyir və mümkün olduğundan daha az effektiv edir. Ona görə də Qərb Ermənistan rəhbərliyinin xəttini dəstəkləməyə hazırdır.

- Paşinyan Azərbaycana eyham vurdu ki, bu ölkə, təhlükədir. Və sammitdən əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi açıq şəkildə dedi ki, bu siyasi tədbirdən Azərbaycana qarşı platforma kimi istifadə etmək İrəvana lazımdır...

- Belə çıxır ki, İrəvan da göstərir ki, əslində Ermənistanın Rusiyanın vasitəçiliyi ilə əldə olunan razılaşmalara ehtiyacı yoxdur... Bu, onu göstərir ki, o, NATO-nun regiondakı qoşunlarını qəbul etməyə hazırdır, bir şərtlə ki, Qərb dövlətləri İrəvana noyabrı yenidən yazmağa kömək etsinlər. Moskvanın vasitəçiliyi ilə əldə olunan Qarabağ nizamlanmasına dair razılaşmaları.

Paşinyan birləşmək çağırışını harada etdi? İştirakçıların əksəriyyətinin NATO-ya üzv dövlətlər olduğu sammitdə. Bu, Ermənistanın ya NATO vasitəsilə, ya da milli miqyasda demokratik dövlətlərdən hərbi yardım gözlədiyi siqnalını verir. O, ABŞ və Fransa ilə maraqlanır, bu da onun Rusiyadan uzaqlaşmaq və NATO ilə qarşılıqlı fəaliyyətə can atmaq siyasətini təsdiqləyir.

Yəni, belə başa düşülür ki, NATO Ermənistan vasitəsilə Transqafqaza daxil olmalıdır. Paşinyan Amerika sammitində belə bir bəyanatla çıxış edərək KTMT-ni bəyənmədiyini, Ermənistanın alternativ olaraq yeni hərbi tərəfdaşlar axtarmaq niyyətində olduğunu bildirir. O, KTMT ilə qarşılıqlı əlaqəni NATO ilə qarşılıqlı əlaqə ilə əvəz etmək istəyir.

Əslində, əvvəllər artıq Yerevanda rəsmilərdən belə bəyanatlar var idi ki, KTMT reaksiya vermək istəməsə, biz digər beynəlxalq tərəfdaşlarımıza müraciət etməli olacağıq...

Bu yaxınlarda Ermənistan və Azərbaycan sərhəddində hər iki tərəfdən itkilərin olduğu noyabr təxribatı təsadüfi deyil. Yadınızdadırsa, o zaman növbəti dəfə məlumat yayıldı ki, Ermənistan yardım üçün KTMT-yə müraciət edib, Rusiya isə rəsmi müraciətin olmadığını bildirib. Deməli, bu vəziyyəti Ermənistanın NATO ilə fəal qarşılıqlı əlaqəsinə əlavə etsək, o zaman İrəvanın fikrincə, Rusiyanın vəziyyətə reaksiyası “düzgün” olmaması Paşinyana KTMT-nin öhdəliklərini yerinə yetirmədiyini qışqırmağa imkan verir. KTMT-yə üzv olan ölkələrin heç biri həqiqətən Ermənistanı müdafiə etmək fikrində deyil. Onlara Azərbaycanla münaqişə və ümumiyyətlə, yeni eskalasiya lazım deyil.

- Əliyev, Paşinyan və Avropa İttifaqı Şurasının rəhbərinin görüşündə Moskvanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların yenidən yazılması cəhdi olacaqmı?

- Məncə, Paşinyan görüşdə deyə bilər ki, Rusiya bizə qarşı həddindən artıq qeyri-konstruktivdirsə, NATO və Avropa Şurası, əksinə, çox konstruktivdir, bunlar bizim imtiyazlı tərəfdaşlarımızdır.

Yeri gəlmişkən, ermənilərin həmişə “müqavimət nümunəsi” olduğunu deməyə başlayan Fransa prezidentliyinə namizəd Erik Zemmur müharibədən sonra ermənilərə dəstək verməyə hazır olduqları barədə İrəvana gəlib. Yəni Ermənistan indi tam gücü ilə istifadə edəcək. Bu, xüsusilə Fransada, yeri gəlmişkən, aprelin 24-də- qondarma “soyqırım günü”ndə keçiriləcək prezident seçkiləri ərəfəsində özünü daha qabarıq şəkildə büruzə verəcək- bu seçkilər əhval-ruhiyyəni qızışdıracaq və müxalifətçilərin dəstəyini artıracaq. Ermənipərəst elektorat bu məsələni qabaqcadan həll etməyə çalışacaq.

Amma son nəticədə Qərb əslində Ermənistan üçün heç nə etməyəcək. Bunların hamısı ilğımdır. Heç kim Ermənistan üçün döyüşməyəcək ki, o, Azərbaycanın artıq işğaldan azad olunmuş əraziləri üzərində nəzarəti bərpa etsin. ABŞ və Fransa bunu həqiqətən istəsəydi belə, bölgəyə quru qoşun göndərmək, burada baza yerləşdirmək lazım gələcəkdi ki, bu da təbii ki, Rusiya və Türkiyənin müqavimətinə səbəb olacaqdı. Ona görə də Ermənistan bu oyundan Rusiyaya qarşı NATO-nun “peşka”sına çevrilməkdən başqa heç nə əldə etməyəcək. Əgər Ermənistan rəhbərliyi “peşka” olmaq istəyirsə, biz buna qadağa qoya bilmərik.

Paşinyan, açığı, oturduğu budağı kəsir. KTMT-dən və Rusiya bazasından yapışmaq əvəzinə, Rusiyadan qopmaq üçün hər şeyi edir. Və əgər Ermənistan artıq Rusiya ilə son dərəcə ciddi şəkildə qopmağa başlasa, qərbpərəstlik daha da güclənməyə başlasa, o zaman respublikanı fəlakət gözləyir. Məncə, sonunu təxmin etmək asandır. Qərbyönümlü əhval-ruhiyyə ona gətirib çıxaracaq ki, Ermənistan özü Rusiya sülhməramlılarının və Gümrüdəki bazanın çıxarılması məsələsini qaldıracaq. O zaman Ermənistan Qarabağın bir hissəsi üzərində son nəzarətini də itirəcək. İstər kor insan, istərsə də hansısa biri bunu məqsədli şəkildə, qəsdən edildiyini başa düşə bilər.

Ermənistan, görünür, nə etdiyini dərk etmir. Respublika Birinci Qarabağ müharibəsindən yanlış nəticələr çıxardı. Ondan sonra Ermənistanda İsrail ordusu ilə müqayisə oluna biləcək yenilməz ordusu olduğunu düşünürdülər. Onda biz hər zaman eşidirik ki, kimsə Ermənistana “xəyanət edir”- gah onların rəhbərliyi, gah Rusiya, gah da Qərb. Erməni cəmiyyətində qeyri-sağlam şüur ​​formalaşıb ki, onu aradan qaldırmaq kifayət qədər çətindir.

- Yeri gəlmişkən, bu günlərdə “3+3” məsləhətçi regional formatının (3 Zaqafqaziya dövləti və onların 3 qonşusu) ilk iclası keçirildi. Düzdür, Gürcüstan formatdan imtina etdi və görüşdə iştirak etmədi. Formatın perspektivləri nədir?

- Hesab edirəm ki, bu gün perspektivlər təəssüf ki, zəifdir. Qərb bu formatı tormozlamaq üçün Ermənistandan istifadə edəcək. Amerikalılar onların iştirakı olmadan regional formatın yaranmasından çox qorxurlar. Buna görə də, prosesi mümkün qədər tormozamaq üçün hər şeyi edəcəklər. Biz artıq görürük ki, ABŞ-ın təsiri altında olan Gürcüstan iştirakdan necə imtina edib. Bəli, formatda Ermənistan, Türkiyə və Azərbaycan bir masa arxasında əyləşdilər. Amma Ermənistanın gördüyü işlər fonunda bu, ümumiyyətlə, kifayət qədər ziddiyyətlidir. Təbii ki, bu meydançada konsensus, qarşılıqlı faydalı əməkdaşlıq axtarışları axtarılacaq. Ancaq bir çox risklər də var.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə