Erməni ekoterroru və Qlazqoda növbəti erməni həyasızlığı - ANALİZ

Xəbər verdiyimiz kimi, Qlazqoda COP26 İqlim Dəyişikliyi sammitində Ermənistan prezidenti Armen Sarkisyan Azərbaycanın ünvanına sərsəm ittihamlar səsləndirib. Onun sözlərinə görə, bir il əvvəl Qarabağ müharibəsi zamanı Azərbaycan guya qadağan olunmuş silah növlərindən istifadə edib, ətraf mühitə külli miqdarda ziyan vurub: “Azərbaycan beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan istifadə edib, bununla təkcə mülki əhalini deyil, həm də meşələri hədəfə alıb, ümumilikdə ətraf mühitə külli miqdarda ziyan vurub. Biz bütün beynəlxalq ictimaiyyəti gələcəkdə belə qeyri-insani rəftarın qarşısını almağa çağırırıq”.

Erməni həyasızlığının və saxtakarlığının sərhəd tanımadığına aid növbəti fakt. 30 ildir Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin hanslı ekoloji terror törətdiyini bütün dünya gördü. Qarabağa səfər edən əcnəbi jurnalistlər, politoloqlar burada gördüklərini yüz dəfələrlə yazıb, göstəriblər. Həm də bu terror aktları çoxsaylı faktlarla sənədləşdirilib.

Fakt budur ki, Ermənistan işğalı dövründə bu ərazilərin ümumi təbiətinə və bioloji müxtəlifliyinə ciddi ziyan vurulub. Bölgə ekoloji böhran həddinə gətirilib.

Ermənilərin ekoloji terroru Azərbaycanın su ehtiyatlarına da ciddi zərər vurub. Ermənistan transsərhəd çayları davamlı olaraq zərərli kimyəvi maddələrlə çirkləndirir. Araşdırmalar göstərir ki, hər il Ermənistandan keçən 350 milyon kubmetr su kimyəvi maddələrlə çirklənir. Ağır sənaye və metallurgiya zavodlarının bütün tullantıları Azərbaycana keçən çaylara axıdılır. Mənbəyini Ermənistandan götürüb Azərbaycan ərazisinə keçən çaylarda aparılan biokimyəvi analizlər göstərir ki, bu dağ çaylarının suyu təmiz olmalı olduğu halda, sənaye tullantıları olan zərərli kimyəvi maddələrlə zəngindir.

Azərbaycan ərazilərindən keçən Araz çayının 43 km hissəsindəki mikroflora və mikrofauna tamamilə məhv edilib və suyunun tərkibindəki ağır metalların miqdarı normadan çoxdur. Qarabağda Həkəri, Zabux, Levçay və Tərtər çayları da qurumaq təhlükəsi ilə üz-üzə qalıblar.

Ermənilər Oxçuçayı zəhərləməklə bütövlükdə bölgənin təbiət və heyvanat aləminə ziddi ziyan vurub. Ən çox ziyan isə Azərbaycan və İrana dəyir, çünki Oxçuçayın Araza axması bu çaylar boyunca ölkələrin quru sərhədlərinin də zəhərlənməsi deməkdir. Arazın isə Kürə tökülməsi ilə bu zəhərin Xəzərə yayılması artıq bütün bir region zəhərləyir.

Çayların ekosistemini pozmadan su elektrik stansiyalarının tikintisi mümkün olsa da, tikinti normalarının pozulması və tikililər SES-dən su istifadəsini 100%-ə çatdırmışdı. Nəticədə, Qarabağda 160 kilometr çay suyu borularla axır və Həkəri, Zabux, Levçayın yataqlarının əsaslı sürətdə qurumasına, Tərtər çayında isə bu problemin yaranmasına başlamışdı.

Çaylarda sululuq səviyyəsinin kəskin aşağı düşməsi içməli su və suvarma işlərinin aparılmasına öz mənfi təsirini göstərdi. Nəticədə bölgədə yaşayan ermənilər belə Qarabağ çaylarının amansız istimsarına qarşı çıxdılar. Kəlbəcərdə yaşayan Aleksandr Kananyanın Tərtər çayında Su Elektrik Stansiyasının tikintisinə qarşı etirazından sonra, aksiyaya Xankəndi sakini Mqer Poqosyan da qoşuldu. Digər tərəfdən, Kəlbəcərdə məskunlaşdırılmış erməni məktəbliləri də etiraz aksiyalarına başladılar.

Ekoloq David Yeqiazaryan ekoloji vəziyyətin çox təhlükəli həddə çatdığını bildirirdi: “Əvvəl Kəlbəcərdə 3-4 SES var idi və ekologiyaya ziyanı elə də hiss olunmurdu. Lakin sonradan tikintinin miqyası genişlənməyə başladı və bölgədə ekoloji vəziyyət kəskinləşdi. İndi Tərtər çayının əksər qolları borular və turbinlərlə hərəkət edir. Bundan başqa, SEA-lər ekoloji standartlardan kənar inşa olunub”.

Azərbaycanın 1992-ci ilin martında BMT-nin “Transsərhəd su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”sını imzalaması, Ermənistanın isə bunu hələ də imzalamaması təəccüblü deyil. Ermənistanın ekoloji terror aktları bir neçə dəfə beynəlxalq təşkilatlarla müzakirə edilmiş, bununla bağlı çoxsaylı məqalələr yazılıb və araşdırmalar aparılıb. Nəticədə, Avropa Şurası Parlament Assambleyası tərəfindən "Azərbaycanın sərhədyanı regionlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” haqqında 2016-cı il 26 yanvar tarixli, 2085 saylı Qətnamə qəbul etmişdir. Həmin qətnamədə deyilir: “... Assambleya tərəfindən hesab edilir ki, qəsdən süni bir ekoloji böhranın yaradılması “ekoloji təcavüz” kimi qəbul edilməli və bu hal bir dövlətin digərinə qarşı ekoloji fəlakət bölgələri yaratmaq və orada yaşayan əhalinin normal həyatının mümkünsüz edilməsinə yönəlmiş “ətraf-mühit aqressiyası” kimi qəbul edilməlidir”.

Qətnamədə həmçinin bildirilir ki, Dağlıq Qarabağın və ətraf ərazilərin Ermənistan tərəfindən işğalı Qarabağın işğal altında olmayan ətraf ərazilərində yaşayan Azərbaycan vətəndaşları üçün bənzər humanitar və ekoloji problemlər yaradıb və Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərindən birində yerləşən Sərsəng su anbarında 20 ildən artıq planlı texniki qulluq işlərinin aparılmaması səbəbindən bütün sərhəd bölgə üçün ciddi təhlükə yaradır. Assambleya qeyd edib ki, Sərsəng su anbarının bərbad vəziyyətdə olması böyük bir insan tələfatı və bəlkə də yeni bir humanitar böhran ilə nəticələnə biləcək bir fəlakətə səbəb ola bilər.

Bütün bu faktlar nəzərə alınmaqla Assambleya tərəfindən Ermənistan silahlı qüvvələrinin dərhal bölgədən çıxarılması, ərazinin müstəqil mühəndislər və hidroloqlar tərəfindən yerində araşdırması, Sərsəng su anbarına suyun toplanması, su resurslarından istifadə və həmin su sahəsinin saxlanılması üzrə qlobal idarəetmənin təşkili, suvarma kanallarına, Sərsəng və Madagiz (indiki Suqovuşan) su anbarlarının vəziyyətinə, payız və yaz fəsillərində suyun səviyyəsinə və sulu təbəqənin həddindən artıq istismarına beynəlxalq nəzarətin təşkili tələb kimi qoyulub.

Ermənistanın işğal olunmuş ərazilərdəki ekoloji terroru bununla bitmir. Bölgənin meşə ehtiyatı da ağır təcavüzə məruz qalıb. Meşələrin çox hissəsi qırılıb satılıb, bir hissəsi də sulh razılaşmasından sonra ərazini tərk edən ermənilər tərəfindən yandırılıb.

Ermənilər təkcə Zəngilanda 1500 hektar Tuqay meşələrini məhv edib. Dünyanın nadir endemik ağaclarından olan qırmızı çinar meşələri məhv edilib. Ermənilər Bəsitçay qoruğunda 300 illik ağacları məhv ediblər.

Ermənilərin Qarabağda həyata keçirdikləri terror təkcə su, meşə və torpaq fondunun məhv edilməsi ilə bağlı deyil, daha bir neçə istiqamətdə ekoböhran qaynaqları var ki, onlardan bir neçəsini misal çəkəcəyik.

Metsamor AES-in fəaliyyəti təkcə Qarabağ yox, İran, Türkiyə, Gürcüstan, Azərbaycanın bir hissəsi və bütövlükdə Ermənistan üçün təhdiddir. Köhnə texnologiyalı və seymik zonada yerləşən stansiyanın radiasiyalı suyunun yeraltı boru kəməri vasitəsilə Araza axıdıldığı haqda məlumatlar var.

Qarabağda basdırılan milyonlarla mina və bu sursatların partlaması həmin torpaqları yararsız vəziyyətə gətirir ki, oradakı meşə örtüyü məhv olur, əkinlə məşğul olmaq çətinləşir.

Mədən sənayesi, filizçıxarma müsəssisələri isə bölgədə əsl fəlakət yaradıb. Qızıl yataqlarının istismarı üçün Kəlbəcərin təbiətinə də ciddi ziyan vurulub. Ərazinin torpaq qatı, florası zərər çəkib.

Ermənistan rəhbərliyinin son zamanlar nümayiş etdirdiyi açıq təxribatçı fəaliyyətə ekoloji terror əməllərinin də əlavə olunması, bu təcavüzkar ölkənin beynəlxalq hüquq və fundamental insan haqlarını kobud şəkildə pozmaqla yanaşı, bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid olaraq qalmaqda davam etdiyini göstərir.

Qağabağın düşmən işğalından azad edilməsi ilə, bölgədə ekoterrorun qarşısını tam almaq mümkün olmayıb. Çünki bir çox ekoterror qaynaqları Ermənistan ərazisindən formalaşır. Bundan başqa 30 ilə əraziyə vurulmuş böyük ekoloji zərərin nəticələrinin aradan qaldırıması, bölgənin ekoloji cəhətdən təmizlənməsi hələ çox uzun illər vaxt və enerji aparacaq, külli miqdarda vəsait tələb edəcək. Ona görə də, Azərbaycan beynəlxalq məhkəmədə Ermənistana qarşı təzminat iddiası ilə çıxış etməlidir və bu təzminata ekologiyaya vurulan böyük zərər də əlavə edilməlidir.

Ermənistan prezidentinin Qlazqo sammitindəki çıxışı da “qara məni basınca…” prinsipinə söykənir. Öz cinayətini başqalarınının boynuna atmaq alınmayacaq cənab Sarkisyan, çünki faktlar, sənədlər ortadadır. Bütün dünya artıq nəyin nə olduğunu bilir. 116 il qabaq Osmanlıda baş verənlər haqda nağıllara bəlkə bəzilərini inandırmaq olar, amma informasiya əsrində beynəlxalq ictimaiyyəti nağıllarla aldatmaq olmur. Erməni təbliğatı və saxtakarlığının sonu çatdı.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə