Ölkəmizdə məqsədyönlü gender siyasəti aparılır - TƏHLİL

Gender bərabərliyi dedikdə, ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadınların bərabərliyi nəzərdə tutulur. Azərbaycanda gender tendensiyasının başlamasının tarixi böyükdür və Azərbaycan qadınının savadlanmasını, sonra onun ictimai həyata xeyriyyəçi kimi qatılmasını nəzərə alsaq, bu tarix XIX əsrin ortalarına təsadüf edir. Bir sözlə, gender bərabərliyi ənənəsinə ölkəmizdə yenicə başlanılmayıb, belə bir ənənə çoxdan olub, sadəcə, digər sahələrdə olduğu kimi, bu istiqamətdə inkişaf müşahidə olunur və cəmiyyətimizdə gender bərabərliyi prioritet məsələlərdən biri hesab olunur.

İslam aləmində qadına seçmək və seçilmək hüququ verən ilk respublika kimi tarixə düşən və Şərqdə yaradılan ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründən artıq gender bərabərliyinin təməli qoyulub. Hələ 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsini qəbul etməsi ilə bərabərhüquqluluq prinsipi, seçmək və seçilmək hüququ təsbit edilib. Bununla da Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə kimi yaddaşlara yazılıb. Müqaisə üçün qeyd etmək yerinə düşərdi ki, bu gün özünü daha sivil təqdim etməyə çalışan bir çox dünya ölkələrində qadınlara səsvermə hüququ Azərbaycanda bu hüququn verilməsindən on illər sonra verilib. Məsələn, ABŞ kimi demokratik dövlətdə qadınlara səsvermə hüququ 1920-ci ildə, Fransa kimi Avropa ölkəsində isə bu hüquq 1944-cü ildə verilib. Bu baxımdan, özlərini ən demokratik ölkə hesab edən, dünya çapında nüfuzlu ölkələrdən hesab olunan bir sıra dövlətlərdən əvvəl Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsini hətta inqlab adlandırmaq belə olar. Məhz elə həmin dövrdən, həmin tarixdən etibarın ölkəmizdə artıq gender bərabərliyi qorunur. Hələ o zamanlardan etibarən qadınların kişilərlə bərabər azadlıqları, hüquqları, imkanları, qadınların təhsil problemi belə öz həllini tapmağa başlayıb.

Məsələ burasındadır ki, Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra, xüsusən də 1994-cü ildən başlayaraq ölkədə sabitliyin bərqərar olması qadınların da ictimai-siyasi həyatda fəaliyyətinin artmasına əsaslı zəmin, münbit şərait yaradıb. Qadınların nəinki seçmək, indi hətta seçilmək hüquqlarının da olması günün reallığıdır. Bununla bağlı ölkədə dövlət səviyyəsində bir sıra qanun və qərarlar qəbul edilib. Artıq bir sıra idarəetmə orqanlarında qadınların rəhbərlik etdiyini də hamimız bilirik və heç bir ayrıseçkilik qoyulmur. Azərbaycanın konstitusiyasında da kişilərə və qadınlara eyni hüquqlar verilib. Bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, artıq uzun zamandır Azərbaycan gender bərabərliyinin təmin edilməsi üçün mühüm beynəlxalq konvensiyalara da qoşulub.

Hələ ötən əsrin sonlarından, daha dəqiq desək, 1995-ci ildən Azərbaycan BMT-nin “Qadınlara Qarşı Ayrı-Seçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında” Konvensiyanı ratifikasiya edib. Ümummilli Lider Heydər Əliyev təşəbbüsü ilə artıq 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin – indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb, “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” sərəncamlar imzalanıb. “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci ildə Ulu Öndər tərəfindən verilən fərman isə bütün dövlət strukturlarında qadınların təmsil olunma faizinin yüksəldilməsini nəzərdə tutur.

Hazırda Azərbaycanda qadınlar istər dövlət, istərsə də özünüidaretmə orqanlarında rəhbər vəzifələrdə çalışırlar. Azərbaycan qadını hal-hazırda həm dövlət, həm də özəl sektorda yüksək postlarda təmsil olunurlar. Parlamentin spikeri, Dövlət İmtahan Mərkəzinin rəhbəri, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərləri qadınlardır. Bununla yanaşı, dövlətin güc strukturlarında çalışan, yüksək rütbəli rəhbər vəzifə sahibi olan ümumilikdə yüzlərlə qadın var. Müxtəlif qurumlarda təmsil olunan, rəhbər vəzifələrdə çalışan qadın mütəxəssislərin olması Azərbaycanda gender balansının tarazlığı ilə bağlı müsbət fikirləri isbat edir, təsdiqləyir.

Təkcə rəhbər vəzifələrdə deyil, ictimai həyatın bütün sahələrində qadınların kişilərlə bərabər, çiyin-çiyinə çalışdığı inkar edilə bilməz. Qadınların kişilərlə bərabər nəinki çalışdığının, hətta ümumi düşmənə qarşı cəbhə bölgəsində vuruşduğunun da şahidi oldu bütün dünya. Azərbaycan qadınının lazım gəldikdə silaha sarıldığını, düşmənlə üz-üzə ləyaqətlə dayandığını hər kəs gördü. Hər kəs gördü ki, hətta birinci Qarabağ savaşında, ötən əsrin sonlarında Azərbaycan qadını kişilərlə bərabər düşmənə qarşı savaşa qatılıb və bunu biz ikinci Qarabağ savaşında da müşahidə etdik.

Qadınlara qarşı şiddət isə ölkəmizdə birmənalı şəkildə yolverilməzdir. Nə islam əxlaqında, nə də dövlətçilik prinsplərində qadınların təzyiqlərə məruz qoyulması, onlara həqarət olunmasına haqq qazandırılmır. Doğrudur, bəzən bir sıra xoşagəlməz hadisələrin də şahidi oluruq və bu xoşagəlməzliklər cəmiyyətimiz tərəfindən də qınanılır, qanunsuzluq hesab edilir və bu qanunsuzluqları törədənlər hətta qanun qarşısında da cavab verməli olurlar. Belə halların ümumiyyətlə baş verməməsi üçün həm ictimai qınaq, həm də maariflənmə tədbirlərinə görünür hələ də ehtiyac duyulur. Çünki, qadınlara qarşı şiddət hallarına görə ictimai qınaq olduğu halda və belə halların qanunla qadağan olunduğu barədə insanlar maariflənərsə həmin halların minimuma enməsinə, hətta yox olmasına zərrə qədər şübhə olmaz.

Ölkəmizdə məqsədyönlü gender siyasəti aparılır deməkdə hər kəs haqlıdır. Çünki, bu mühüm sahə dövlətin daim diqqət mərkəzində saxlanılır. Artıq ictimai qınaq da tətbiq olunur, maariflənmə tədbirlərinə də üstünlük verilir. Tez-tez gender məsələləri ilə bağlı tədbirlər keçirilir, müzakirələr aparılır, ictimaiyyət də bu barədə məlumatlandırılır. Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönəlmiş siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və bu siyasətin uğurlu nəticəsi də göz önündədir.

İnam Hacıyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə