İntihar halları - günahkar kimdir? - ARAŞDIRMA

Şiddət, güc və təzyiq tətbiq edərək insana fiziki və ya zehni zərər verən bir vəziyyətdir. Şiddət insanların bədəninə və ruh dünyalarına düzəldilməsi çətin yaralar verir. Son zamanlar çox yayılan məişət zorakılığı, şiddətə məruz qalan şəxsin psixi sağlamlığına mənfi təsir göstərir. Uşaqlıq dövründə ailədə emosional-fiziki zorakılığa məruz qalan uşaqların yetkinlik yaşlarında müxtəlif formalarda və dərəcələrdə zehni problemləri yaşaması qaçılmazdır. Son günlər ailədaxili münaqişələr səbəbi ilə ana və uşaq ölümlərinin sayı kəskin şəkildə artır. Bəs, buna səbəb nədir? Bu vəhşiliyin altında nələr yatır? Günahkar kimdir? Məsələ ilə bağlı SİA araşdırma aparıb.

İnsanların ən özəl sahəsi və hər cür bəladan sonra sığınacaqları ən əhəmiyyətli liman olan təhlükəsiz ailə mühiti, şiddət səbəbi ilə insanın özünü təhlükəli hiss edən bir yerə çevrilir. Məişət zorakılığı hadisələri çox vaxt gizli qalır. Göründüyü kimi, "şəxsi həyat", "ər arvadını döyə də bilər və sevə də bilər" kimi ənənəvi fikirlər var.

Şiddət, istər fiziki, istər duyğusal, istərsə də cinsi, insanların bədənində və ruh dünyalarında bərpa olunması çətin yaralar verir. Bu səbəbdən də göz ardı edilməməli, inkar edilməməli və son dərəcə önəm verilməməli olan bir məsələdir. Məişət zorakılığı daha çox qadınlara və uşaqlara qarşı yönəlib, şiddətə haqq qazandıran isə əsasən kişilərdir. Fiziki və cinsi zorakılığın yüzdə 90-nı ailə üzvləri tərəfindən edilir.

Məişət zorakılığı və statistika

Türk Ailə Araşdırma İnstitutu tərəfindən 1995-ci ildə edilən bir araşdırmaya görə, məişət zorakılığına məruz qalanların 80%-i heç bir şey edə bilməyəcəklərinə inanır. 2000 -ci ildə edilən bir araşdırmada, Türkiyənin şərqində və cənub-şərqində qadınların 50,8 %-i razılığı olmadan evləndiklərini ifadə ediblər.

Azərbaycanda 2010-cu ildə qəbul edilmiş məişət zorakılığı haqqında qanuna nəzər saldıqda məişət zorakılığının qarşısının alınması üçün polis və yerli icra orqanlarının qarşısına müəyyən öhdəliklərin qoyulduğunu görə bilərik. Qanunda məişət zorakılığı ilə üzləşmiş şəxslərin hara müraciət etməsi, ilkin olaraq hüquqi və psixoloji yardımların göstərilməsi, qadının sığınacağa göndərilməsi və sosial yönümlü yardımların göstərilməsi öz əksini tapsa da, bunları yerinə yetirmək üçün nə təlimatlandırılmış polis, psixoloq, sosial işçilər, ictimai vəkillər kimi mövcud insan resursları, nə də sığınacaqlar və müvəqqəti yaşayışla təmin edilmək üçün nəzərdə tutulan proqramlar mövcuddur. Məişət zorakılığı haqqında qanunda yuxarıdakı icra edilməli olan proses bu cür izah olunur: “7.0.1. zərurət olduqda zərər çəkmiş şəxsin dövlət vəsaiti hesabına dərhal tibbi yardımla, yardım mərkəzində müvəqqəti sığınacaqla, geyim və qida məhsulları ilə təmin edilməsi, habelə onun barəsində psixoloji reabilitasiya kursunun aparılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına məlumat göndərmək”. Qanunda proses öz əksini tapsa da, icra edilməsi labüd sayılmış aktlar və bu qanundan irəli gələn öhdəliklər həyata keçirilmir və bu işdə dövlətin səfərbərliyi müşahidə edilmir. Qanundan irəli gələrək yaradılmış qadın krizis mərkəzlərində işçilər çalışmır və bu yerlərin aktiv fəaliyyət göstərməsi üçün maddi yardım yönəltmə və digər islahatlar aparılmır. Buna görə də çox vaxt məktəb və ya maarif mərkəzlərində yaradılmış bu otaqlar yaranma məqsədləri üçün istifadə edilmir və ya bağlı saxlanılır.

Bioloji səbəblərə kişi hormonlarının təsiri, şizofreniya, paranoid şizofreniya kimi bəzi ruhi xəstəliklər və antisosial şəxsiyyət pozğunluğu kimi bəzi ruhi xəstəliklər daxildir. Reallıqdan uzaqlaşma, qısqanclıq və zərər görmə paranoyası ilə xarakterizə olunan şizofreniya da şiddətə səbəb ola bilər. Qəzəbi idarə etmənin də pozulduğu depressiya, məişət zorakılığının çox yayılmış bir səbəbidir. Zərər verməkdən zövq alan və bir az da olsun peşman olmayan münasibətlərlə irəliləyən "Psixopatik xarakter pozuqluğu" da şiddətin bioloji səbəblərindən biridir. Şizofreniya və depressiya müalicə edildikdə şiddətli davranış əhəmiyyətli dərəcədə azalır. Ancaq eyni müvəffəqiyyət antisosyal şəxsiyyətlər üçün sual altında deyil.

Şiddət növləri

"Sən bacarıqsızsan, nə bilirsən"

"İşimi görürəm, evə pul gətirirəm, daha nə istəyirsən"

"İstəyirəm ki, bu gecə yanımda olasan"

"İşləyə bilməzsən"

"Pul yoxdur. Haradan tapırsan tap".

Fiziki şiddət

Şəxsin əsas ehtiyaclarını rədd etmək, silah və ya bıçaqla yaralamaq, şapalaqlamaq, itələmək, döymək, yumruqlamaq, saçlarını çəkmək, qolunu sıxmaq kimi problemli davranışlar fiziki şiddət sahəsinə daxil edilir.

Duyğusal və şifahi şiddət

Alçaltmaq, söymək, təhdid etmək, tənqid etmək, qışqırmaq, sorğu-sual etmək, ələ salmaq, aşağılamaq, qayğı göstərməmək, günahlandırmaq kimi münasibətlər emosional şiddət nümunələridir. Xüsusilə, qadınların emosional ehtiyaclarını ödəməmək və qadınlara qayğı göstərməmək həm də emosional şiddətdir.

Cinsi şiddət

İstəmədən cinsi əlaqəyə məcbur etmək, təcavüz etmək, digər insanlarla cinsi əlaqəyə məcbur etmək, cinsi təcavüz, namus və adət-ənənə səbəbiylə təzyiq göstərmək cinsi zorakılıq daxilindədir.

İqtisadi Şiddət

Həyat yoldaşından pul almaq, istəmədiyi bir işlə məşğul etmək, onu pulsuz buraxmaq, istəsə də işə göndərməmək kimi iqtisadi şiddət vəziyyətləri var.

Sosial əlaqələrin məhdudlaşdırılması

Dostlarla görüşməyi qadağan etmək, zorla evlənmək, gedəcək yerləri məhdudlaşdırmaq və ya qadağan etmək kimi sosial ünsiyyət ehtiyaclarını məhdudlaşdırmaq, şiddətdir və özünü daha çox emosional, şifahi və fiziki şiddətlə göstərir.

Məişət zorakılığı və uşaqlar

"Mən günahkaram... anamı qoruya bilmədim ..."

"Bütün bunlar mənə görə olur"

"Mənim zəhləm gedir"

"Kömək edə bilmirəm ... çarəsizəm"

"Xahiş edirəm atamı və ya anamı mənə pisləmə... Mən tərəf tuta bilmərəm"

Bu daxili çıxışlar uşağın baş verənlərə görə özünü günahlandırmasının ifadəsidir, çox vaxt bunun fərqində deyil. Çox nadir hallarda uşaqların oxşar cümlələri ucadan söylədiyini görürük, lakin bu, bu travmatik təcrübələrin təsirinin uşaqlıqda, xüsusən də valideynlər arasında şiddət görən uşaqlarda mütləq baş verəcəyini və bu təsirlərin onları izləyəcəklərini dəyişdirmir. Uşağın beyni və zehni qabiliyyəti bu hadisələrin şahidi olmaq üçün kifayət qədər inkişaf etməmişdir.

Ailədəki uşaqlar şiddətdən çox təsirlənirlər. Ailədə zorakılığa şahid olan uşaq qorxusunu, qəzəbini, kədərini göstərməməyə meyillidir. Ailə üzvlərinin bu vəziyyəti və uşaqla hisslərini danışması vacibdir. Uşağa arxayın olmaq lazımdır.

Zorakılığın şahidi olan uşaq özünü zorakılıqda günahlandıra və özünü məsuliyyətə cəlb edə bilər. Bu prosesdə valideynlərin bu vəziyyətin uşaqla əlaqəli olmadığını açıq və birmənalı şəkildə söyləmələri vacibdir. Bundan əlavə, uşaq anasını və ya atasını günahlandıra bilər. Bu vəziyyətdə uşağı mühakimə, tənqid və müdafiə etmədən dinləmək lazımdır.

Ailədə şiddətə şahid olan uşaq şiddət göstərməyə başlaya bilər. Məsələn, məktəbdə dostunuza vurmaq və ya yoldaşınızı incitmək kimi problemli davranışlar çox yayılıb. Şiddətin yanlış bir davranış olduğu ona izah edilməli və hisslərin ifadə edilmə yolları və bu sıx duyğu ilə necə mübarizə aparılması ilə bağlı təlimat vermək vacibdir. Belə bir vəziyyətdə peşəkar dəstək axtarılmalıdır.

Ailə uşağa daşıya bilmədiyi yükləri verməməlidir. Şiddətə məruz qalan valideyn uşağından kömək istəyir, uşağın tərəfini tutmasını istəyir və ya bunu nəzərdə tutur, uşaq vasitəsilə həyat yoldaşı ilə ünsiyyət qurmağa çalışır, uşağa aralarında olanları danışır.

Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu fikirlərini bu cür ifadə edib: “İndi bu cür hallar çox təəssüf ki, çoxalaraq tez-tez baş verir. Burada günahı o tərəfdə, bu tərəfdə, kişi və ya qadında axtarmaq məsələnin sadə tərəfidir. Məsələnin əsas səbəbi daha dərindir. Biz bu cəmiyyətdə gündən-günə mürəkkəbləşən, həssaslaşan cəmiyyətdə elə bir humanitar, sosial siyasət həyata keçirməliyik ki, belə halların sayı az olsun. Burada insanlarda günah azdır. Çünki insanlar vəhşi deyil ki, mühit təsir etsin. Onlarda ətrafda baş verənlər təsir edir”.

“Hər bir insanın davranışına təsir edən 4 mühüm amil var:

1- insanın öz xisləti, öz daxili aləmi, psixologiyası

2 - mühit

3 - aldığı informasiyalar

4 - üstünlük verdiyi dəyərlər”.

“Biz cəmiyyətdə elə bir sosial siyasət həyata keçirməliyik ki, bu 4 faktordan istifadə edərək, əhalinin davranışı daha arzuolunan səviyyədə olsun. Amma bu işlərlə təəssüf ki, lazımi səviyyədə məşğul olan yoxdur və bununla bir adam məşğul ola bilməz. Bununla məşğul olmaq üçün xüsusi elmi mərkəz lazımdır, heç çox adam lazım deyil, 10 nəfər bəs edər. O elmi mərkəzdə bu işlər dərindən təhlil olunmalı, araşdırılmalıdır və həmin 4 faktorun kombinasiyasından istifadə etmək lazımdır ki, davranış bu şəkildə olmasın. Birinci faktor Azərbaycan xalqı öz daxili etibarilə, qəlbi etibarilə, ruhu etibarilə çox yaxşı, ahəngdar bir xalqdır, vəhşi xalq deyil. Deməli, bu faktorun biri bizim ümumi işin xeyrinədir. İkincisi bu mühit elə olmalıdır ki, burada insanlar sağda solda görsünlər ki, ailə dəyəri nədir, ailəyə münasibət necədir”.

“Mən sizə deyim ki, 50 il bundan qabaq indikindən yaxşı idi. Onda ailəyə qarşı ictimai rəy var idi. Ər də arvad da bilirdi ki, onun ailə qarşısında borcu nədir. İslam dini camaata indikindən yaxşı təsir edirdi, deyirdi ki, insanların ailə qarşısında borcu var. İnsanlar informasiyanı əsasən əxlaqi mənəvi dəyərlər aşılayan bədii ədəbiyyatdan, kinodan, televiziyalardan alırdı. İnsanların üstünlük verdiyi dəyərlər o vaxtı daha çox mənəvi dəyərlər idi. İndi bu hadisələr ona görə baş verir ki, mənəvi dəyərlər sıxışdırılır, axşama kimi televiziyada müxtəlif teleseriallar, müxtəlif verilişlər ailədaxili münasibətlərin gərginləşməsinə daha çox səbəb olur. Ona görə bu məsələlər mən sosioloq üçün çox ürək ağrıdıcıdır. Mən, nə etmək lazım olduğunu 20 ildir deyirəm. Mənim təkliflər paketim var. Nə vaxt lazımdı mən bu təkliflər paketini təqdim etməyə hazıram. Əgər bu məsələlər tapşırılsa, layihə hazırlayıb məmnuniyyətlə təqdim edərəm. Demək olar ki, mən belə bir təkliflər paketi hazırlamışam. Bununla bağlı mətbuatda da çıxışlarım olur. Dəyişməyəcəksə, bundan da qat-qat pis olacaq. Günahı insanlarda yox, sosial siyasətdə, mühitdə, informasiyada, üstünlük verilən dəyərlərdə axtarmaq lazımdır”.

Psixoloq Mahuxanım Teymurova isə fikirlərini belə ifadə edib: “Oğlunu tərbiyə edə bilməyən qadın, oğlunu adam edə biləcək qız axtarır... Burada qadının qadına şiddəti və zülmü başlayır”. Yenə bir ailədaxili münaqişə, yenə dünyasını dəyişən qadın və körpə, yenə dağılan 1 ailə, yenə 1 cinayət..... Məsələyə baxdığımız zaman ilk olaraq günahkarın kim olduğunu axtarırıq və birilərini günahlandırırıq. Halbuki günahkarı axtarmaq yerinə, bu hadisələrin niyə baş verdiyini, niyə hər dəfə bu dünyadan ailədaxili münaqişəyə görə, kişilər tərəfindən 1,2,3.. canın getdiyini soruşmuruq? Əsas bu hadisələrin niyə baş verdiyini, niyə hər gün bir qadının öldüyünü, niyə evində fiziki və psixoloji şiddətə uğradığını soruşmuruq???

Bizləri bu vəziyyətə gətirən əsas səbəb - "Cəmiyyətin mental düşüncələr və qoyduğumuz damğalardır". Kişi güclü olmalıdı, sözünü deməlidi, yumruğunu stola vurmalıdı.....Qadın səssiz olmalıdı, nə deyirlər onu etməlidir, ailə həyatında hansısa fiziki ya da psixoloji şiddətə məruz qalırsa ,o ailədə qalmalıdır... Bu düşüncələri bizlər yaradırıq. Bizlər edirik. Hətta bu düşüncələri uşaqlıqdan edirik. Oğlandır nə istəsə edə bilər... Kiməsə artıq söz dedisə: aaa uşaqla işiniz olmasın, deyir, desin... Mənim oğlum güclüdü... Qız susmalıdı... Qardaşın nə deyir o düzdü... Qız fikrin deməməlidir... Artıq hərəkət etməməlidir... Sən qız uşağısan, çox oynama... Onu etmə, bunu etmə... kimi düşüncələrimizi uşaqlarımıza deyərək, hiss etdirərək onları böyüdürük.

Oğlan güclü, ağlamayan, qadına sözünü keçirən, öz sözünü deyən biri olmalıdır. Əgər belə olmasa insanlar, həmin insanın qarşısında durur və sən necə kişisən? Necə oğlansan? Heç kişi adam ağlayar? Heç kişi adam qadının sözünü dinləyər? kimi ifadələr deyərək həmin insanı alçaldırıq və "mən zəifəm"-i bəlli etməmək üçün özünü güclü biriymiş kimi göstərir. Əsas da kişilər psixoloji nöqtədən zəif olduqlarını gizləmək üçün, fiziki güclərindən istifadə edirlər. İnsanlara sübut etməyə çalışırlar ki, mən zəif deyiləm. Halbuki o, "mən zəifəm" təməl inancına inanır və onu qorumaq üçün özünə sərhəd çəkir. “Mən bunları bunları etməliyəm və yaxud da etməməliyəm” deyir... “Mən ağlamamalıyam” Niyə? Çünki ağlayan bir kişinin zəif biri olduğuna inanır... Çünki ona bunu öyrədiblər. Halbuki istər kişi olsun, istər qadın hamı ağlaya bilər... Ağlamaq da duyğudur... Necə xoşbəxt oluruqsa, eləcə də ağlaya bilərik...

Qadınlar isə səssiz qalmağı öyrəniblər. Qadınların, uşaqların ölmələrinin əsas səbəblərindən biri onlara qayıdacaq bir evlərinin olmamasını hiss etdirmələridir. Çox ailədə bu problem var. Qız əgər ailə həyatı qurubsa və o ailə həyatında fiziki, psixoloji şiddətə məruz qalırsa, dizin qırıb oturmalıdır...Ona qayıdacaq bir evinin olmamasını hiss etdirirlər və yaxud deyirlər. Niyə?

Çünki cəmiyyətin nə deyəcəyini, həmin qıza nə damğa qoyacaqlarını, onun haqqında nələr danışacaqlarını düşünürlər. Azərbaycan xalqının çoxu həyatı özləri üçün deyil, başqaların düşüncələrinə görə yaşayırlar..Əlbəttə ki, buna yaşamaq demək olarsa...

Əsas suala gəlsək, "Niyə ailə içi şiddət olur? Səbəbləri nələrdir?" Ailədaxili münaqişənin biyoloji, psixoloji və sosial səbəbləri var. Bioloji səbəbi-kişi hormonlarının təsiri, şizofreniya, paranoid şizofreniya kimi bəzi ruhi xəstəliklər və antisosial şəxsiyyət pozğunluğu kimi bəzi ruhi xəstəliklər daxildir.

Psixoloji səbəbi - adam hakim olmaq, qadınları sıxışdırmaq, çatışmazlıqlarını ört-basdır etmək və gücünü qəbul etdirmək üçün şiddət tətbiq etməyə başlayır. Şiddətdən istifadə etdiyi an, kişinin ən zəif olduğu vaxtdır. Yəni zəif və bacarıqsız kişilər zorakılığa əl atırlar. Sosial səbəb - şiddət, öyrənilən bir davranışdı. Bunu ailəsindən, ətrafından öyrənir və tətbiq edir. Uşaqların şiddətlə bağlı olan kinolara baxması,oyunların oynanılması düzgün deyil. Çünki şiddətə baş vuracaq... Bizim məqsədimiz sonlandırmaq olmalıdır. Bunun üçün də uşaqlarımıza düzgün tərbiyə verməliyik. Hər şeyin başlanğıcı uşaqlıqdadır.

Məsələ ilə bağlı şəhər sakinləri arasında sorğu keçirərək onların da fikirlərini öyrəndik:

Şəhər sakini Minarə Hacıyeva: “Dünyada geniş yayılmış bir mövzuya çevrilən və bütün cəmiyyətlərə dərin təsir göstərən qadınlara qarşı zorakılıq, xüsusən də son vaxtlarda ölkəmizdə tez-tez gündəmdədir. Zorakılıq dedikdə ağla gələn ilk şey, şübhəsiz ki, fiziki güc istifadəsinə əsaslanan qəddar qüvvədir, amma əslində şiddəti yalnız fiziki ölçüdə azaltmaq mümkün deyil. Fərdlərin zorakılığa meylliliyi ümumiyyətlə bütün cəmiyyətin bir məsələsidir. Qadına yönəlik şiddətdə kişinin təhsil durumu və uşaqlıq dövründə ailəsindən fiziki və ya psixoloji şiddət görməsi onun gələcəkdə evlilik dönəmində həyat yoldaşına da şiddət tətbiq etməsi ilə nəticələnir. Uşaqların dünyasında valideynlər qəhrəman olurlar. Hər davranışlarında mənfi, ya da müsbət valideynlərindən nümunə götürürlər. Təəssüflər olsun ki, böyüklər ailədəki zorakılığı uşaqlıqdan öyrənirlər. Hər anlaşılmazlıqda cəzalandıran, hətta kiçik səhvləri də görməməzliyə vurmayan, cəza tətbiq edən, evdə daima ittiham və təhqirdən istifadə edən valideyn uşağın sonrakı illərdə də eyni təcrübələri tətbiq etməsinə səbəb olur. Başqa sözlə, uşaq insanlarla anlayış dilini yox, insanlarla zorakılıq dilini öyrənir. Bugünkü qanlı cinayətkarlar dünənin məsum uşaqlarıdır. Qadın istəmədən evində qatil böyüdür. Böyüdür ki, gələcəkdə 20 bıçaqla başqa bir qadını öldürsün. Özünü, öz uşaqlarının gələcəyini məhv etsin. Uşaq göz açandan anasına, bacısına və yaxud ailənin böyüklərinə, atasına hansı münasibəti görürsə, o münasibəti də həyatında tətbiq edir. Unutmamalıyıq ki, zorakılığın hər bir forması şəxsi məsələdir, məişət məsələsi kimi baxılmağı və səssiz olmağı tələb etmir. Heç bir səbəb canlıya qarşı şiddət tətbiq edilməsini bəhanə edə bilməz. Buna görə də qadınlara qarşı fərdi zorakılığın qarşısını almaq üçün ən qısa müddətdə bütün zəruri addımlar atılmalı, ölüm və ölümlə nəticələnə biləcək zorakılıq hallarına son qoyulmalıdır”.

Şəhər sakini Aytac Ali: “Çox təəssüflər olsun ki, ölkə gündəmində belə bir xəbər var. Əslində günahkar ən birinci həmin xanımın əridir. Amma deyilənə görə, qız onunla nişanlı olan vaxtda da belə zorakılıq və şiddət halları baş verirmiş. Heç bir halda şiddətə dözmək, onu sevgi ilə kölgələmək olmaz. Belə olanda acı sonluq qaçınılmaz olur. Kaş ki bu cür hadisələrin sayı azalsa... Lakin çoxalmağa və getdikcə dəhşətli olmağa başlayır. Düşünürəm ki, artıq ailələr üçün yeni qayda və qanunlar tərtib edilməlidir. Düzü, burada insan ən başda özü məsuliyyətli olmalı, ya da valideynləri belə halların yaşanmaması üçün çalışmalıdır. Qızlarımız da artıq daha güclü olmağa, kimin nə dediyinə yox, öz həyatlarına və gələcəklərinə baxmalıdırlar. Bəlkə də vaxtında həmin xanım nişanı qaytarsa belə bir hadisə yaşanmazdı. Əgər yaşanıbsa bəlkə onlar üçün çox gecdir, amma bu taleyi yaşayan və şiddətə dözən insanlar üçün dərs olmalıdır”.

Şəhər sakini Aysel Məmmədova: “Məncə, problem ilk olaraq kişidədir. İndi sual verərsiniz ki, “niyə kişidədir?”. Ümumiyyətlə, qadınla kişi arasındakı problem uşağın gözləri qarşısında olmamalıdır. Çünki bu ilk növbədə uşağın psixologiyasına təsir edir. Uşağın psixologiyasına təsir edən halda isə cəmiyyətə normal fərd yetişdirmək mümkün deyil. Əgər biz cəmiyyətə sağlam fərd formalaşdırmaq istəyiriksə uşağın da "xəmiri"ni düzgün yoğurmalıyıq. Düşünürəm ki, dava olsa da, hansı situasiyadan asılı olmayaraq ana uşağı o yüksəkliyə çıxarmamalı idi”.

Şəhər sakini Ziya Hikmətoğlu: “Fikrimcə, ailədə həm fiziki, həm də psixoloji şiddət olduqda, insanlar son çarə kimi intiharı seçir. Amma mən belə düşünürəm ki, insanın düşünəcəyi ən son çıxış yolu intihardır. Azərbaycanda bildiyiniz kimi ailə qadın problemləri üzrə minlərlə qurumlar, polislərimiz var. O qadın o qurumlara müraciət edə bilərdi. Onlardan yardım ala, həm özünü, həm də körpəsinin həyatını xilas edə bilərdi. Mənim fikrimcə, burada günahkar kişidir. O, ailəsini düzgün anlasaydı, ailəsinə hörmətlə yanaşsaydı, bu olanlar baş verməzdi”.

Şəhər sakini Ülkər Xəlilli: “Ana və uşağın ölümündə ata günahkardır. Məncə, belə insanlara müalicə və psixoloji dəstək lazımdır. Bunun qarşısını ancaq belə almaq olar. Evlənmədən öncə belə, yəni şiddətə meyilli insanlar psixoloqa görünüb yoxlanılmalıdır”.

Şəhər sakini Fidan Məmmədova: “Bu məsələyə ilk növbədə aydınlıq gətirərək demək istəyərdim ki, cəmiyyətimizdə qadın hüquqları heçə sayılır. Qızlara evlərdə məsləhət verilir ki, “burada bizim sözümüz keçir, ailə quranda da yoldaşın nə dedi, o olacaq”. Hər şey baxın, elə burdan, bu cür səhv tərbiyə metodundan başlayır. Niyə kişi nə dedi o olmalıdır? Qadın hissiz, duyğusuz dəmir parçasıdırmı alınıb satılsın, istəniləndə şiddət görsün? Qadın güc göstərilmək üçün idman oyuncağı deyil. Onun da hüquqları, söz azadlığı var. Cəmiyyətimizdə bu cür vəhşiliklər məhz qadın hüquqlarının tanınmaması, tapdalanması üzündən baş verir. Buna əslində qadınlar özləri də şərait yaradır. Qızların ata ocağında təhsil almaması, sözünü keçirdə bilməməsi, gözü bağlı, ancaq "sevirəm" deyib ailə qurması və başqa heçnəyi düşünməməsi, götür-qoy etməməsi bu cür qadın şiddətlərinə, zorakılıqlarına gətirib çıxarır. Ona görə bütün qadınlar öncədən sözünü deməyi bacarmalı, düzgün insan seçməlidir. Sevgi hər şeyi həll etmir. "Sevirəmsə dözməliyəm, hər dediyini etməliyəm" deyə bir cümlə absurtdur. Bunu qarşılıqlı olaraq kişi də düşünməli, kişi də əməl etməlidir. Bu amillər təkcə qadın üçün yaradılmayıb. Mən bütün zorakılıqların, qadın cinayətlərinin kökünü bunlarda görürəm”.

Ayşən Vəli

QEYD: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir.

Müəllif: Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə