Fikir, söz, məlumat azadlığının və plüralizmin inkişaf etdirilməsi ön planda durur – TƏHLİL

Müasir dünyada insanların hüquq və azadlığını, cəmiyyətdə demokratik mexanizmlərin mövcudluğunu təsdiq edən əsas şərtlərindən biri və hətta ən vacibi fikir, söz və məlumat azadlığıdır. Bu baxımdan heç də təsadüfi deyil ki, söz, fikir və məlumat azadlığı sivil cəmiyyətin atributu sayılır və cəmiyyətlərin formalaşmasında müstəsna rola malikdir. Bütün bunlar nəzərə alınaraq, ölkəmizdə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi ön planda durur və əbəs yerə deyil ki, Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir.

Müstəqilliyini bərpa etdikdən sonra demokratik inkişaf yolunu seçən Azərbaycanda, məhz dövlət müstəqilliyinin bərpasının ilk illərində səriştəsiz AXC-Müsavat hakimiyyətinin yarıtmaz fəaliyyəti nəticəsində xaos, hərc-mərclik hökm sürürdü və həmin dövrdə ölkəmizdə insanların hüquq və azadlığından, cəmiyyətimizdə demokratik mexanizmlərin mövcudluğundan söhbət belə gedə bilməzdi. Məhz həmin o səriştəsiz hakimiyyət fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsini təmin edəcək yeni qanunlar qəbul etmək əvəzinə, ölkədə həmin dövrə qədər mövcud olan azacıq demokratiya elementlərini də ayaqlar altına atmışdılar. Belə çətin şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ilk növbədə ölkədə o zaman cərəyan edən bütün mənfi proseslərin, xoşagəlməz halların qarşısını aldı və bununla da insan hüquq və azadlıqlarının, demokratiyanın təmin olunması üçün əsaslı zəmin yaratdı.

Xüsusilə qeyd etmək yerinə düşərdi ki, 12 noyabr 1995-ci ildə müstəqil ölkəmizin ilk demokratik Konstitusiyasının ümumxalq səsverməsi yolu ilə qəbul olunmasından sonra insan hüquq və azadlıqlarının təmin olunması, eyni zamanda ölkəmizdə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi üçün yeni üfüqlər açıldı. Çünki məhz yeni qəbul olunan Konstitusiyamız hüquq və azadlıqların təmin olunması, eləcə də fikir, söz və məlumat azadlığının, plüralizmin inkişafı üçün hüquqi əsas yaradırdı. Bununla da azad və müstəqil mətbuatın inkişafına, qəzet və jurnalların yeni cəmiyyətin xarakterinə uyğun fəaliyyət göstərməsinə şərait yarandı, artmaqda olan televiziya kanallarının maddi bazası, yayım keyfiyyəti yaxşılaşdı, onların peşəkar kadrlarla təmin olunmasına başlanıldı, eləcə də siyasi partiyaların fəaliyyətinə yüksək səviyyədə şərait yaradıldı. Hətta 1995 və 2000-ci illərdə Milli Məclisə keçiriən seçkilərdə bütün siyasi qüvvələrin təmsil olunmasına, demokratik seçkilərin keçirilməsinə, plüralizmin inkişafına qısa müddətdə nail olundu.

Ulu Öndər 1998-ci il 6 avqust tarixində "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" tarixi Fərmanı imzalayaraq, senzuranı ləğv etdi və bununla da müstəqil mətbuatın fəaliyyətində yeni dövrün başlanğıcını qoydu. Bəli, müstəqil mətbuatımızın əsasını məhz dahi rəhbər Heydər Əliyev qoymuş oldu və bunun ardınca da gördüyü tədbirlər milli mətbuatımızın inkişafında, fikir, söz, məlumat azadlığının inkişafında əvəzsiz rol oynadı.

Ümummilli Lider Heydər Əliyevin prezident olaraq fəaliyyət göstərdiyi illərdə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişafı sahəsində gördüyü işlər, xidmətlər çox böyükdür, saymaqla qurtaran da deyil və heç şübhəsiz ki, bu xidmətlər xalqımız tərəfindən unudulan deyil. Ölkəmizdə söz və mətbuat azadlığının inkişaf etdirilməsinə dövlət qayğısının göstərilməsinin əsasını qoyan Ulu Öndər Heydər Əliyevin kursunu böyük müvəffəqiyyətlə həyata keçirən cənab Prezident İlham Əliyev cəmiyyətin demokratikləşməsi sahəsində söz və mətbuat azadlığının önəmini nəzərə alır və hakimiyyətə gəldiyi ilk gündən bu sahəyə xüsusi diqqət, xüsusi qayğı göstərir. Məhz elə bu diqqət və qayğıya görə də jurnalistlər arasında keçirilən sorğu nəticəsində Azərbaycanın dövlət başçısı, ölkə rəhbərimiz, cənab İlham Əliyev 2 dəfə Jurnalistlərin Müdafiə Komitəsinin təsis etdiyi "Jurnalistlərin Dostu" mükafatına layiq görülüb. Həqiqətən də dövlətimizin başçısı, cənab Prezident İlham Əliyev jurnalistlərin dostudur və ölkə rəhbərinin mətbuatımıza göstərdiyi diqqət və qayğı, eləcə də yüzlərlə jurnalistin mənzillə təmin olunması, yəni jurnalisrlərin kommunal şəraitlərinin yaxşılaşdırılması fonunda göstərdiyi diqqət deyilənləri təsdiq edir.

Nəzərə almaq lazımdır ki, dövrün gerçəklərini, həqiqətlərini özündə əks etdirən məhz mətbuatdır. Mətbuat sayəsində cəmiyyətimiz cərəyan edən proseslər barədə, həqiqətlər haqda münatəzəm informasiya əldə edir. Elə bu baxımdan da media cəmiyyətin güzgüsü hesab olunur. Qəzetlər, jurnallar, televiziya və radiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr, bir sözlə, Kütləvi İnformasiya Vasitələri cəmiyyətin güzgüsü olmaqla, həmin cəmiyyətin mövcud vəziyyətini, mahiyyətini açıb ortaya qoyur. Hətta bəzi məsələlər təhlil olunaraq reallığın nədən ibarət olduğu da mətbuatın köməyi ilə diqqətə çatdırılır. Məhz elə buna görə də fikir, söz, məlumat azadlığı, mətbuat azadlığı ölkəmizdə hər zaman qorunduğu kimi, yenə də mühafizə edilir, qorunur, eləcə də plüralizmin inkişafı üçün də bütün imkanlar səfərbər edilir, hansı ki, bunu təkzib etmək qətiyyən mümkün deyil, çünki inkişaf, dinamika göz önündədir. Həm də fikir, söz, eləcə də məlumat azadlığı dövlətə inamı formalaşdırır və cəmiyyətimizin vahid mövqedən çıxış etməsi həmin demokratik prinsplərin mövcudluğunu təsdiq edir. Dövlətimizin milli maraqları üstün tutması medianın da milli maraqlardan, vahid mövqedən çıxış etməsinə səbəb olub. Biz mediamızın belə bir vahid mövqedən, milli maraqlardan çıxış etməsini 44 günlük müharibə zamanı da, qələbə çaldıqdan, Zəfər əldə edikdən sonra, post-münaqişə dövründə də müşahidə etdik və ən sevindirici də elə məhz budur.

Sözsüz ki, fikir, söz və məlumat azadlığı olmadan heç bir halda plüralizmdən də danışmağa dəyməz. Məhz bu azadlıqlar, ələlxüsus da söz və fikir azadlığı plüralizmin inkişafına zəmin yaradır. Əvvəla qeyd edək ki, ölkəmizdə siyasi plüralizmin inkişafı göz önündədir və bunu təkzib etmək mümkün deyil. Hazırda ölkəmizdə çox sayda partiyaların olması bunu təsdiq edən ən başlıca arqumentdir. Onu da diqqətə çatdıraq ki, elə plüralizmin mühüm elementi olan çoxpartiyalılıq sisteminin inkişaf etməsi, möhkəmlənməsi özü də söz, fikir azadlığı baxımından ölkəmizin inkişaf etməsindən, tərəqqiyə nail olmasından xəbər verir. Bütün dünya görür və şahididir ki, Azərbaycanda çoxlu sayda partiya var və bu partiyalara nəinki maneə yoxdur, hətta həmin partiyalara dövlət dəstəyi belə göstərilir. Üstəlik, siyasi partiyalar haqqında qanunvericilik də var və hətta həmin qanunvericilik mütəmadi şəkildə yenilənir də. Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin ictimai müzakirəsinin keçirilməsi, müzakirələrdə parlamentdə təmsil olunan və parlamentdən kənar siyasi partiyaların nümayəndələrinin iştirak etməsi, siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı maddənin dəyişməsi, siyasi partiya anlayışı, partiyaların təsis edilməsi və digər məsələlərin qanunvericilikdə konkret şəkildə göstərilməsi demokratik cəmiyyət üçün xarakterik, xas olan plüralizmin ölkəmizdə olduğunu və inkişafını bir daha təsdiq edir. Təbii ki, müzakirələrdə səslənən fikirlər, hətta iradlar belə ölkəmizin siyasi partiyalarla bağlı yeni qanun layihəsinin hazırlanmasına öz töhfəsini verəcək və deməli, Azərbaycanda plüralizmin, söz, fikir, məlumat azadlıqlarının bundan sonra da inkişafı barədə nikbin proqnozlar verməyə haqqımız çatır.

Müəllif: İnam Hacıyev

6.3.2. “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır

Bütün xəbərlər Facebook səhifəmizdə