Yalançı “endirim” kampaniyaları: alıcıları necə aldadırlar? - ARAŞDIRMA

Son zamanlar şəhərimizdə fəaliyyət göstərən ticarət obyektlərində müхtəlif faizli güzəşti nəzərdə tutan “endirim” kampaniyalarının keçirildiyi haqda elanların sayı kəskin şəkildə artıb. Mağazaların vitrinlərində, iri reklam şitlərində satış qiymətlərinin хeyli dərəcədə aşağı salınması barədə məlumat verilir.

Xüsusilə bayram ərəfələrində bu prosesə daha çoх təsadüf olunur. Belə ucuzlaşdırma kampaniyaları dünyanın bütün ölkələrində həyata keçirilir. Amma bizdən fərqli olaraq, digər ölkələrdə bu kampaniyaların təşkilində məqsəd istehlakçılara yüksək keyfiyyətli malları güzəştli qiymətlərlə satmaqdan ibarətdir. Bizdə isə, məlum prosesin reallaşdırılmasında məqsəd yalnız satılacaq mal və məhsullara tələbatı artırmaq üçün onların reklamının təşkili, satılmayan malları baha qiymətə alıcılara sırımaqdir. Bundan başqa, istifadəyə yararsız və istismar müddəti bitmiş mal və məmulatların satış dövriyyəsinə buraхılması üçün də bəzi ticarət obyektlərinin məlum “endirim güzəştləri”ndən istifadə etdiyi heç kimə sirr deyil. Bu yazıda söhbət əsasən geyim bazarından gedir.

Şifahi zəmanət...

Azərbaycan xalqının geyim mədəniyyəti olduqca zəngin olmaqla yanaşı, həm də həm də çox qədim tarixə malikdir. Təsadüfi deyil ki, bütün dünyadan fərqli olarq bizdə insanlara əsasən geyiminə görə münasibət göstərirlər. Bu səbəbdən də azərbaycanlılar üçün zəruri malar kateqoriyasında geyim hətta qidadan da öndə yer alır. Ən ucuz və keyfiyyətsiz ərzaqla qidalanan, amma bahalı və dəbdə olan geyimə üstünlük verən insanlar bizdə kifayət qədər çoxdur. Belələri hamımızın dost-tanışları arasında var. Bu isə, ölkədə paltar bazarının çiçəklənməsinə böyük imkanlar yaradıb. Belə çiçəklənməni əlbəttə, yaxşı hal hesab etmək olardı, bir şərtlə ki, bu, paltar bazarının keyfiyyətsiz məhsullarla doldurulması ilə müşayiət olunmasın.

Bu gün şəhərimizdə insanların geyimə olan tələbatını ödəmək üçün müxtəlif ixtisaslaşmış geyim mağazaları, nəhəng ticarət mərkəzləri fəaliyyət göstərir. Hər bir mövsümün əvvəlində mağazalara yeni geyim kolleksiyaları gətirilir, lakin onların qiyməti heç də hər kəsin cibinə uyğun gəlmir. Xarici ölkələrdə bir ilin geyim kolleksiyasi növbəti ildə satılmır. Çünki mövsümün sonuna doğru geyim kolleksiyalarinda endirim kampaniyaları elan olunur və beləliklə də bu malların demək olar ki, hamısı satılır. Bizdə isə, əksər hallarda satılmamış mallar növbəti ilə saxlanılır və guya yeni dəbə minmiş paltar kimi yenidən satışa çıxarılır.

Bəzən geyim əşyalarına şifahi zəmanət verən satıcılar da tapılır. Məsələn, tanıdığım bir nəfərə bu cür “elit” dükanların birindən ayaqqabı alarkən satıcı belə demişdi:- “Bu ayaqqabı illərlə xarab olan deyil, ən azı 2 il zəmanət verirəm. Bir il ərzində xarab olsa gətirib qaytararsan…”

Əslində, hər hansı bir alıcıya belə söz demək onu kobud təhqir etmək deməkdir. Yəni, səni avam yerinə qoymuşam. Aydındır ki, heç kim 1 ildən sonra gəlib deyəsi deyil ki, ayaqqabının filan yeri cırıldı.

70 faizlik endirim, yoxsa 7 faizlik “qaldırım”?

Hazırda paytaxtın geyim mağazalarının əksəriyyəti “endirim” kampaniyasına start verib. Məsələyə aydınlıq gətirmək üçün bir neçə ticarət mərkəzinə üz tutduq. İlk olaraq baş çəkdiyimiz obyektlər şəhərin mərkəzində yerləşən paltar dükanları oldu. Həmin mağazaların əksəriyyətinin vitrinlərində yazılmış lövhələrdə 30, 50, hətta 70 faiz endirimin elan edildiyinin şahidi olduq. Oradakı malların qiymətləri ilə maraqlanmağa başladıq. Qiymətlər endirimdən sonrakı rəqəmlərlə göstərilmişdi. Belə çıxırdı ki, endirim edilənədək hər hansı şalvar və ya köynək 200 manata satılırmış. Geyimlərin keyfiyyətindən və tikiliş səviyyəsindən azca anlamaq kifayət edir ki, belə paltarların real dəyərinin 20-30 manat olduğunu başa düşəsən. Belədə mağaza, məsələn, 30 manata satmaqdan məmnun olduğu hər hansı bir geyimi, guya əvvəlki qiyməti 100 manat imiş kimi, 60 faizlik endirim adı ilə 40 manata satır.

Mağazalardakı vəziyyəti daha ətraflı öyrənmək üçün alıcılarla söhbət etməyə başladıq. Onların dediyinə görə, heç bir mağazada endirim-filan yoxdur. Əgər nadir hallarda olarsa, bu mövsümü keçmiş, satılmayıb qalan aşağı keyfiyyətli mallara aiddir. Həm də bu zaman çox cüzi endirimdən söhbət gedə bilər. Məsələn, əvvəlki qiyməti 55 manat olan malı endirim kampaniyasından sonra ən aşağısı 50 manata ala bilərsən. Alıcıların dediyinə görə, “endirim” kampaniyalarında çox sadə fırıldaqdan istifadə olunur: əvvəllər malın qiyməti, məsələn, 50 manat idisə, endirim reklamında həmin rəqəm 100 manat göstərilir və "endirimlə" yenidən 50 manata satılır.

“Malın sənədləri müdirdədir...”

Hər bir halda belə “endirim” kampaniyaları zamanı mağaza heç nə itirmir, əksinə, əvvəlkindən çox qazanır. Çünki endirim adı eşidərək mağazaya daxil olan alıcıların sayı artır. Gözəl-göyçək satıcı qızlar da (boş yerə xarici görünüşü gözəl olan gənc qızları belə yerlərdə işə cəlb etmirlər ki?) əzilib-büzülərək müştəriyə şirin və yağlı dillər tökür, malı layiq olmadığı təriflərə qonaq edərək alıcının dükandan əliboş çıxmasına imkan vermirlər. Hansısa mala baxmaq istəyən alıcıya isə təxminən belə sözlər deyilir- “Siz özünüz müasir, savadlı adama oxşayırsınız. Elə geyiminizdən hiss olunur ki, aristokrat adamsınız (?). Sizcə belə malı bundan aşağı qiymətə almaq olarmı?”

“Qoltuğuna qarpız verilmiş” və xeyli təriflənmiş (biz ümumiyyətlə, millət olaraq tərifdən ötrü sinov gedirik) müştəri isə bir az tərəddüd etsə belə, plastik manekenə oxşayan satıcı xanımın qızıl kimi vaxtını aldığından xəcalət çəkərək həmin malı almağa məcbur olur.

Qeyd edək ki, müşahidələrimizi təkcə sözügedən ərazidə deyil, şəhərin digər ərazilərindəki ticarət obyektlərində də davam etdirdik. Vəziyyət elə eynidir. Qara Qarayev m/s yaxınlığında yerləşən mağazalardan birində satıcıya bir köynəyi göstərib, onun qiymətinin elə endirimdən əvvəl də 35 manat olduğunu bildirdikdə, əvvəlcədən xüsusi təlimatlandırılmış satıcı belə cavab verdi: “Yox xanım, bu siz deyən mal deyil. Sadəcə hansısa mala oxşaya bilər. Bir bunun materialına baxın, bunu təzə gətirmişik, özü də ən yaxşı satılan maldır…” Qarşısındakını inandırdığını güman edən satıcıya “elə isə, zəhmət olmasa bu malın qaiməsini və ya mağazaya daxil olduğu tarixi göstərən bir sənəd gətirin, əgər siz deyən olsa, onda mən bu köynəyi alacam”- dedikdə onun üzündə yaranan təəccüb ifadəsini görmək lazım idi- bunu sözlə ifadə etmək mümkün deyil… Nə isə, dükandakı böyüklərlə məsləhətləşməyə gedən satıcı dilxor halda qayıtdı: “Xanım, sənədlər müdirdədir, o da Sumqayıtdadır. Başqa vaxt gəlsəniz sənədi göstərə bilərik…”

Bu satıcıya “hər bir malın sənədləri müdirin cibində yox, mağazada olmalıdır” tövsiyyəsini versək də, bunun mənasız olduğu aydın idi...

Kustar sexlərin "brend" paltarları

Normal halda bir məhsulun üzərinə maksimum 20-30 faiz civarında satış marjası əlavə oluna bilər. Çünki, bundan artıq əlavə etmək aşkar soyğunçuluqdur. Əgər malın qiyməti 50 faiz salınırsa, deməli onun maya dəyərinin üzərinə çox pul gəlinibmiş (bu zaman həmin malı təklif edənin nüfuzu aşağı düşür), ya da burada nə isə qeyri-qanuni məsələ var.

Azərbaycanda satılan xarici firmalara məxsus geyimlərin çoxu xarici ölkədə dəbdən düşüb və ya hazırlandığı material sağlamlıq üçün zərərlidir. Bu prosesin vüsət almasının əsas səbəbi Azərbaycan əhalisinin geyim “xəstəliyi” və məcburiyyətdən ucuz mala üstünlük verməsidir.

Satışda Çində kustar sexlərdə istehsal olunmuş və üzərinə nüfuzlu şirkətlərin markası vurulmuş paltarlar da çoxdur. Belə seхlərdə çalışanlar olduqca peşəkardırlar. Onlar geyim nümunələrini orijinala elə ustalıqla oxşadırlar ki, alıcı heç cür onları bir-birindən ayıra bilmir.

Baş çəkdiyimiz mağazalarda rastlaşdığımız bir məqam da diqqətimizdən yayınmadı. Belə ki, xarici şirkətlərin adını daşıyan məşhur mağazaların çoхunda satışa çıхarılan geyimlər paltar yarmarkalarında satılan geyimlərdən heç nəyi ilə fərqlənmir. Onları bir-birindən ayıran yeganə хususiyyət isə böyük qiymət fərqidir. Məsələn, yarmarkada eyni paltar tutaq ki, 30-40 manata satılırsa, mağazada bu paltar manekenə geyindirilərək xüsusi işıqlandırılma sisteminin köməyi ilə daha parlaq göstərilir və həmin qiymət 100-150 manat təşkil edir.

Geyim bazarında yerli istehsalın da payı az deyil. Satışda Azərbaycanda istehsal olunduğu sezilən mallara da çox rast gəlinir. Insafən qeyd etmək lazımdır ki, ölkədə istehsal olunub xarici marka adı altında satılan malların bəziləri hətta, tanınmış xarici firmaların mallarından da keyfiyyətlidir. Sadəcə, burada “brend” məsələsi var, alıcılar heç cür inanmırlar ki, yerli mal xarici istehsaldan yaxşı olar. Ölkə istehsalı olan belə malların üzərinə tanınmış xarici firmalara məxsus etiketlər yapışdırıldığından qiymətləri heç də ucuz deyil.

Lalə Mehralı

P.S. Mağazaların adlarını bilərəkdən yazmadım. Əvvəla, Azərbaycanda mediada istər müsbət mənada, istərsə də mənfi mənada ad çəkilməsi reklam kimi qəbul edilir. İkincisi də ad çəkməyə ehtiyac belə yoxdur- qeyd olunan vəziyyətə bütün mağazalarda rast gəlmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə