Ekspertlər mənşəyi, keyfiyyəti, qiyməti şübhə doğuran yağları almamağı məsləhət görürlər
Son günlərdə ölkənin ərzaq bazarında saxta yağların satılması haqda məlumatlar ara vermir. Məlumatlarda qeyd olunur ki, Azərbaycana ildə 60 min tona yaxın palma yağı idxal olunur ki, kq-ı dünya bazarında kiloqramı 1 dollara olan bu yağ ticarət mərkəzlərində əhaliyə kərə yağı adı ilə 10-15 manatdan satılır. Bu xəbərlər istehlakçıların narahatlığına səbəb olub. Bəs alıcılar bu vəziyyətdə nə etməlidirlər, saxta və təhlükəli “kərə yağlarını” necə tanımaq olar, belə yağların sağlamlıq üçün hanı təhlükələri var? Bu suallara aydınlıq gətirmək üçün kiçik bir jurnalist araşdırması apardıq.
Yağ bazarında işlər yağ kimi gedir, yoxsa...?
Azərbaycanda əhalinin kərə yağına olan illik tələbatı təxminən 35 min tondur. Bunun üçdə ikisi ölkədə istehsal olunur, qalanı xaricdən gətirilir. Ölkəyə əsasən, Rusiya, Ukrayna, Belarus, İran, Almaniya, Türkiyə, Avstraliya və Yeni Zellandiyadan yeyinti yağı idxal olunur. Lakin bəzi mənbələrin yaydığı məlumatlara görə, satışda olan yağların 90%-dən çoxu burada qablaşdırılır və xarici yağ adı altında istehlakçılara satılır. Qeyd olunur ki, ucuz qiymətə (5-10 manat arasında) satılan bu yağlarin tərkibinin əsas hissəsi trans yağlar, bitki yağları və palma yağlarıdır ki, onlara da xüsusi maddələr qatılaraq kərə yağının dadı və ətiri alınır.
Saxta və təhlükəli yağlar təkcə xaricdən idxal olunmur, həm də ölkədə istehsal olunur. Azərbaycanda kərə yağı istehsalı ilə məşğul olan şirkətlərin məhsullarının keyfiyyəti ilə bağlı da ciddi şübhələr var. Bir çoxları yağın üzərinə rus adları yazmaqla alıcılarda bu yağın Rusiya istehsalı olması haqda təəssürat yaratmağa çalışırlar, lakin çox xırda hərflərlə yazılmış rekvizit məlumatları oxuyanda görürsən ki, bu yağı misal üçün, Abşeronun hansısa kəndində filan fiziki şəxs hazırlayır.
Yağ satışı ilə məşğul olan satıcı Rafiqin sözlərinə görə, ən çox tələb ucuz yağlaradır. Yəni 5-10 manat aralığında satılanlara. Satıcıdan kilo ilə açıq satılan bu yağların haradan və necə gətirildiyini soruşanda isə bildirdi ki, onlar yağı topdansatış mərkəzlərindən alırlar və tərkibindən, harada, nədən hazırlanmasından xəbərləri yoxdur.
“Əhalini aldatmaq üçün yağa xüsusi maddələr qatılır”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ölkənin əmtəə bazarının yağ seqmentində ciddi problemlər var və kərə yağı adı ilə əhaliyə satılan yağların əksər hissəsinin tərkibi orqanizm üçün zərərlidir: “Satışda “kərə yağı” adı ilə təklif olunan məhsulların əksəriyyətinin əslində kərə yağı ilə heç bir əlaqəsi yoxdur. Bu yağların bir qismi naməlum heyvanların iç yağı, piylər və bitkilərdən, digər qismi isə, mənşəyi bilinməyən kimyəvi materallardan hazırlanır. Bunların tərkibinə isə əhalini aldatmaq üçün kərə yağının dadını və qoxusunu verən xüsusi maddələr qatılır. Belə yağların istehsalında quru süddən də geniş istifadə olunur ki, bu da sağlamlıq üçün təhlükə yaradır”.
Yayılan məlumatlarda palma yağının konseragen olması və xərçəng də daxil olmaqla təhlükəli xəstəliklər yaratdığı qeyd olunur. Ekspert bildirir ki, palma yağ ancaq texniki istehsal üçün yararlıdır, birbaşa əhaliyə satış üçün nəzərdə tutulmayıb. Əsl kərə yağı ancaq inək südündən hazırlanır. “Palma” yağı isə bitki yağları, konservləşdirilmiş süd, dondurmanın istehsalı, o cümlədən tortların kremində, şirniyyatların hazırlanmasında istifadə oluna bilər. Təmiz kərə yağının yağlılıq faizi 82%-dən az ola bilməz.
Maya dəyərindən ucuz “kərə yağı”
Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, qida təhlükəsizliyi üzrə araşdırmaçı jurnalist Elçin Bayramlı deyir ki, kərə yağı 10-15 manata satıla bilməz: “Məlumdur ki, 1 kq kərə yağının istehsalı üçün azı 20 litr yüksək keyfiyyətli südə ehtiyac var. Südün topdansatış bazar qiyməti isə 70 qəpikdən az deyil. Bu halda 1 kq kərə yağının maya dəyəri üzərinə istehsal, daşınma və satış xərclərini də əlavə etsək onun 1 kq-nın maya dəyəri 15 manatdan az ola bilməz, vergiləri, digər xərcləri, müəssisənin və ya sahibkarın qazancını da əlavə etsək bu yağ 20 manata satılmalıdır. Təkcə bu təkzibedilməz fakt Azərbaycanda 5-15 manat aralığında satışda olan yağların saxta və ya keyfiyyətsiz olduğunu söyləməyə imkan verir”.
Ekspertin sözlərinə görə, bunların çoxu spredlər və palma yağıdır: “İş o yerə gəlib çatıb ki, bəzi mağazalarda spred “kərə” yağlarının üzərinə “Rusiya”, “Zellandiya” yazaraq keyfiyyətli məhsul adı ilə istehlakçılara satırlar. Ən adi məntiqə əsaslansaq məlum olar ki, maya dəyəri bir yana qalsın, həmin qiymət bu məhsulun xaricdən idxalına çəkilən xərcləri güclə ödəyər.
Saxta yağlar hansı xəstəliklər törədə bilər?
Əksər mütəxəssislər mədə-bağırsaq pozğunluğunun əsas səbəblərindən biri kimi keyfiyyətsiz yağları göstərirlər. Həkim-terapevt Rizvan Məmmədovun dediyinə görə, keyfiyyətsiz yağdan istifadə həzm və mədə-bağırsaq sisteminin pozulmasına, ishalın və digər təhlükəli xəstəliklərin əmələ gəlməsinə səbəb olur.
Həkimin sözlərinə görə, bu cür yağdan istifadə edəndə orqanizmdə olan xolestirinin və ağır kimyəvi maddələrin miqdarı artmağa başlayır ki, bu da bir sıra xəstəliklərin yaranmasına şərait yaradır. Bu yağlardan istifadə zamanı isə onların tərkibindəki zərərli süni maddələr zəhərlənmənin baş verməsinə səbəb olur.
Həkimin dediyinə görə zəhərlənmələr 2 cür olur. Tez zəhərlənmə və tədrici zəhərlənmə. Daha qorxulusu tədrici zəhərlənmədir. Çünki bu zaman orqanizmdə gedən proses gizli inkişaf edir və bundan xəbər tutduqda artıq gec olur.
“Bəziləri deyir ki, bəs keyfiyyətsiz dediyiniz məhsulları yeyirik, heç nə olmur. Bu çox yanlış fikirdir. Çox vaxt insanlar ağır və sağalmaz xəstəliklərə düçar olduqda, bunun nədən baş verdiyinin fərqinə varmırlar. Yəni əsl səbəbini öyrənmirlər və həkimdən tələb edirlər ki, onları sağaltsın. Uzun illər ərzində zəhərlənmiş orqanizmi, sıradan çıxmış daxili orqanları biz necə bərpa edə bilərik”- həkim bildirdi.
Yerli və ya xarici yağları necə ayırd etməli?
Hər bir istehlakçı aldığı yağın məhz inək südündən hazırlanan kərə yağı olduğuna əmin olmalı, tərkibində bitki yağı olan və kərə yağı adı ilə satılan spredləri fərqləndirməlidir. Buna şahid olmaq üçün mütəxəssis olmağa da ehtiyac yoxdur. Belə ki, yağ paketinin üstündə istehsalçı barədə məlumat və barkod ilə tanış olmaq kifayətdir.
Bazar-dükanda yerli süd zavodlarının da 5-10 manat olan yağları satılır ki, onların da alıcısı kifayət qədərdir. Bu yağların keyfiyyətli olmadığı, tərkibinə kimyəvi maddələr qatıldığı haqda alıcılar arasında fikir formalaşıb.
Beləliklə aydın olur ki, ucuz qiymətə satılan kərə yağlarının saxta olduğu şübhəsizdir. Çünki yuxarıda qeyd etdiyimiz kimi 10-15 manata təbii süddən hazırlanmış kərə yağı satıla bilməz.
Bazarlarda və küçələrdə satılan nehrə yağlarının da çoxu saxtadır. Bu yağlar hətta 8-10 manatdan başlayaraq satılır. Nehrə yağı yuxarıda da qeyd etdiyimiz kimi, 15 manatdan aşağı başa gələ bilməz. Bu yağlar isə ən yaxşı halda marqarindir.
Yaxşı olardı ki, müvafiq orqanlar satışda olan belə məhsulların mütamadi yoxlanmasını təmin etsinlər. Bundan başqa, tünd sarı rəngli yağın keyfiyyətsiz və şübhəli tərkibə malik olmasını sübut etməyə ehtiyac belə yoxdur. Çünki nə heyvani yağlar, nə də bitki yağları heç vaxt tünd sarı rəngdə olmur. Ev şəraitində başqa yoxlama üsulları da var ki, internetdə bu haqda kifayət qədər əyani vəsaitlər var.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə