Larisa Bajenova: Rusiya Kino Muzeyində Azərbaycan kinosuna aid unikal eksponatlar var - MÜSAHİBƏ
Moskvanın tam mərkəzində yerləşən Dövlət Mərkəzi Kino Muzeyi Rusiya paytaxtının qonaqları arasında xüsusilə məşhurdur. Muzeyin divarlarında 190 mindən çox unikal eksponat, o cümlədən Azərbaycan kinoafişası, neqativlər və foto sənədlər kolleksiyası toplanıb. “Moskva-Baku” portalının müxbiri Bakıda qonaq olan Moskva Dövlət Mərkəzi Kino Muzeyinin direktoru Larisa Bajenova ilə söhbət edib, o, ən qiymətli eksponatlardan danışıb, Azərbaycanla əməkdaşlıq planlarını bölüşüb. Müsahibəni oxucularımıza təqdim edirik.
- Larisa Vyaçeslavovna, Bakıda ilk dəfəsiniz. Şəhər haqqında təəssüratlarınızı bölüşərdiniz...
- Doğrudan da, bu, mənim Bakı ilə ilk tanışlığımdır. Bu günə kimi mən burada olmamışam, baxmayaraq ki, Azərbaycan paytaxtı haqqında çoxlu xoş sözlər eşitmişəm. Etiraf edim ki, Bakıya ilk baxışdan aşiq olmuşam. Heyrətamiz dərəcədə gözəl şəhər! Düşünürəm ki, Bakının küçələrində daha çox gəzmək, insanlarla ünsiyyət qurmaq, təmiz dəniz havası ilə nəfəs almaq üçün yenidən buraya gəlmək lazımdır. Sovet kinosunun tarixinə keçmiş hər kəsin sevdiyi filmlərin çəkildiyi İçərişəhəri gəzmək istərdim - “Brilyant əl”, “Amfibiya adam”, “Tehran-430”, “Qorxma, mən səninləyəm!”. Mən də yerli muzeylərin eksponatları ilə tanış olmaq, Azərbaycan tarixi və adət-ənənələri haqqında daha çox öyrənmək istəyirəm. Ümid edirəm ki, hər şeyi çatdıraram...

- Siz Moskvanın ən qeyri-adi və maraqlı muzeylərindən birinə - Dövlət Mərkəzi Kino Muzeyinə rəhbərlik edirsiniz. Onun çoxsaylı eksponatlarından hansı ən qiymətli və maraqlıdır?
- Hər bir eksponat unikaldır. Fəaliyyət göstərdiyimiz illər ərzində SSRİ və Rusiyada kinonun yaranması və inkişafından bəhs edən 190 mindən çox nüsxə toplaya bilmişik. Bunlar fotoşəkillər, neqativlər, əlyazma materialları, şəxsi gündəliklər, yazışmalar, afişalar və plakatlar, animasiya eskizləri, slaydlar və s-dir. İndiki formada Dövlət Mərkəzi Kino Muzeyi 1989-cu ilin martında Ümumittifaq Kino Təbliğat Bürosunun yenidən təşkil olunmuş muzey şöbəsinin bazasında yaradılmışdır. Və 2017-ci ildə Kino Muzeyi VDNX-da 36 nömrəli “Kənd təsərrüfatı məhsullarının emalı” pavilyonunda öz qapılarını ziyarətçilərin üzünə açdı. Yeri gəlmişkən, bura Azərbaycanın sərgi pavilyonundan çox da uzaqda deyil. Yeni məkanda muzeyin kolleksiyasından filmlərin nümayişi üçün 3 kinozal, daimi sərgilər və tematik sərgilər üçün təchiz olunmuş yerlər, kinematoqrafiyanın tarixi və nəzəriyyəsi üzrə mühazirələr üçün auditoriyalar yerləşir. Və “Karetniy Ryad”da bizim Kino Kitabxanamız var, yeri gəlmişkən, bu, Rusiyada kinoya həsr olunmuş çoxlu sayda jurnal, afişa, açıqca saxlayan yeganə qurumdur. Hər gün rus kinosunun necə yarandığını öyrənmək, ilk kino avadanlıqlarının necə göründüyünü görmək, məşhur filmlərin “pərdəarxası”nda çəkilmiş unikal fotoşəkilləri görmək istəyən qonaqlar bizə gəlir.

- Muzeydəki ən qədim eksponatlarınız hansıdır?
- Əlbəttə ki, bu kino və foto avadanlıqdır. 100 ildən çox yaşı olan və əslində, kinematoqrafiyanın doğulduğu sehrli fənərlər. Onsuz da onların əsasında kameralar və kino kameraları istehsal etməyə başladılar. Bizim fondlarda həmçinin Sergey Eyzenşteynin “İvan Qroznı” (1942), Stanislav Rostotskinin “Dövrümüzün Qəhrəmanı” (1966) və bir çox başqa kinofilmlərin çəkilişləri zamanı məşhur aktyorların geyindiyi kostyumların böyük kolleksiyası var. Ən son tapıntılarımızdan biri də Sergey Solovyovun “Anna Karenina” filmindən paltar və kostyumlardır. Onların hamısı əl işidir və buna görə də unikal və qeyri-adi dərəcədə gözəldir. Hələ 1942-ci ildə “Moskva yaxınlığında faşist qoşunlarının məğlubiyyəti” filminə görə ingilisdilli olmayan bir ölkə- Rusiya tərəfindən alınan ilk Oskar da muzeyimizdə saxlanılır. Gipsdən hazırlanmış və qızılla örtülmüşdür. Müharibə bitdikdən sonra kino mükafatı yenisi ilə əvəz edilməli idi, lakin soyuq müharibə başladı və gips Oskar Rusiyada beləcə də qaldı.
- Muzeyinizdə Azərbaycan eksponatlarına baxmaq mümkündürmü? Maraqlıdır, onlar nədir?
- Azərbaycan kinematoqrafiyasının formalaşmasının əsas mərhələlərindən bəhs edən 500-dən çox bölmə. Bunlar fotoşəkilləri, foto sənədləri, filmlərdən kadrları, afişaları, açıqcaları çap edə biləcəyiniz lentlərdir. Kino Muzeyinin fondlarında həqiqətən unikal eksponatlar var. Məsələn, Sovet avanqard rəssamlarının gənc nəslinin nümayəndəsi İqor Savçenkonun “Azərkino”da çəkilmiş “Nikita İvanoviç və sosializm” (1931) və “Əlsiz insanlar” (1932) filmləri üçün fotokitabxanada saxlanılan materiallar var. Kino Muzeyinin fotolar və kinokadrlar kolleksiyası bu itirilmiş filmlərdən məlum olan yeganə materialdır. Muzeyin gözəl materiallar kolleksiyasında Əjdər İbrahimovun vətəndaş müharibəsindən bəhs edən “26 Bakı komissarı” (1965) və “Ulduzlar sönmür” (1970) filmlərinin eskizləri toplanmışdır. Onlar da böyük maraq doğurur, çünki filmlər üçün şəkilli həllərin axtarışı prosesini izləməyə imkan verir. Görkəmli quruluşçu rəssam Fikrət Bağırovun hazırladığı eskizlər xüsusi diqqətə layiqdir. Bunlar onun Şamil Mahmudbəyovun “Şərikli çörək” filmi, habelə rejissor Rasim Ocaqovun “İstintaq” və “Bağlı qapı önündə” lentləri, Fərhad Yusufovun “Aşkarsızlıq şəraitində” detektiv hekayəsi üçün əsərləridir..

- Larisa Vyaçeslavovna, özünüz hansı filmlərə baxmağı xoşlayırsınız?
- Üç filmi çox bəyənirəm - Nikita Mixalkovun "Beş axşam", Georgi Natansonun "Bir daha sevgi haqqında" və Era Savelyeva və Tatyana Berezantsevanın "Dəbdən düşmüş komediya". Bunlar bir neçə aktyorun oyunu üzərində qurulmuş şəkillərdir, lakin dialoqlar o qədər bacarıqlı və aydın şəkildə qurulub ki, əsl şah əsərlər oldu. Operatorların və rejissorların inanılmaz işi! Bu filmlərdən kino xadimləri üçün dərsliklər yazmaq olar.
- Azərbaycan kinosunda nəyi bəyənirsiniz?
- Təbii ki, bunlar kino klassikidir - “Arşın mal alan”, “Qorxma, mən səninləyəm” və “26 Bakı komissarı”. Ümumiyyətlə, şərq həyatını göstərən köhnə Azərbaycan filmlərini çox bəyənirəm. Çox təəssüf edirəm ki, mən hələ də müasir Azərbaycan rejissorlarının işini görməmişəm. Azərbaycandan yeni filmlər Moskvaya çox gətirilmir. Ancaq ümid edirəm ki, tezliklə biz bu səhvi düzəltməyə çalışacağıq. Bu günlərdə Bakıda Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyevlə görüşdüm və biz razılaşdıq ki, 2023-cü ildə Azərbaycan kinematoqrafiyasının 125 illiyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi ilə bağlı Azərbaycan filmlərinin xüsusi nümayişinin təşkili üçün materiallar seçilsin. Beləliklə, biz fəal əməkdaşlıq edəcəyik və çoxlu planlarımız var. Gələn il biz “SSRİ. 15 nömrəli kino simfoniyası” adlı geniş miqyaslı sərgi təşkil etmək istəyirik. Biz bunu keçmiş Sovet respublikalarının kinosunun inkişafına həsr edəcəyik və sərgidə Azərbaycanın unikal kinoeksponatlarını görməkdən şad olarıq.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili- Azərbaycan dövlətçiliyi müasir mərhələdə” istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB