Veriko Turaşvili: Başa düşdüm ki, bunlar Azərbaycan xalqının mənəvi irsidir - MÜSAHİBƏ

Gürcü müğənnisi: “Sarı gəlin”, “Laçın” kimi mahnılar seçiləndə bunun risk olduğunu anladım. Amma həm ölkəmdə, həm də Azərbaycanda bu qədər təriflər aldıqdan sonra anladım ki, layihəmin birinci mərhələsi özünü doğruldub

Nakam sevgilinin oxuduğu əsrarəngiz gözəl qızdan bəhs edən Azərbaycan mahnısı “Sarı gəlin” dünyanın bir çox ölkələrində tanınır. Hətta, dünya şöhrətli əfsanəvi müğənni Toto Kutunio onu azərbaycanca oxuyub. Bu yaxınlarda Azərbaycan xalqının bu məşhur xalq mahnısı iki dildə: gürcü və azərbaycan dillərində səslənidirilib. Onu məşhur gürcü müğənnisi Veriko Turaşvili ifa edib. Müğənni mahnıya klip çəkdirsə də, bununla da kifayətlənməyib. Veriko məşhur Azərbaycan mahnılarını yeni albomuna daxil etmək qərarına gəlib. Onu belə bir yaradıcılıq eksperimentinə nə vadar edib? Müğənni bu haqda “Moskva-Baku” portalına müsahibəsində deyib. Veriko həmçinin, mahnını əsl azərbaycanlı kimi ifa etməsinə nəyin kömək etdiyini, Azərbaycan mədəniyyətində özü üçün hansı xüsusiyyətləri kəşf etdiyini və Bakıda daha hansı layihələri həyata keçirməyi planlaşdırdığını da danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Azərbaycan mədəniyyəti və ölkənmizlə ilk tanışlığınız nə vaxta təsadüf edir?

- Azərbaycan mədəniyyəti ilə ilk əlaqəm musiqi və mədəniyyətlə bilavasitə bağlı olan dərin uşaqlıq illərimə təsadüf edir. Mənim üçün Azərbaycan musiqisi təbii ki, çox yaxındır. Xarakteri, səsi, melismatikası ilə yaxındır. Onun mənim qəlbimdə həmişə xüsusi yeri olub. Bu yaz Azərbaycana gəldim və bu səfər məni yeni yaradıcı layihələrə ruhlandırdı.

- Azərbaycan və Gürcüstanın mədəniyyətləri bir-birinə bənzəyirmi?

- Gürcüstanda böyük Azərbaycan diasporu yaşayır. Çoxillik dostluğumuz təbii olaraq mədəniyyətimizə də sirayət eləyib. Xüsusilə köhnə Tiflis mahnılarında. Gürcü dilində oxunan Azərbaycan motivli mahnılarımız çoxdur.

- Azərbaycan dilində mahnılar yazdırmısınız, təkcə bəstəkar mahnıları yox, həm də xalq mahnıları. Sizi bu eksperimentə nə vadar etdi?

- Məni belə gözəl yaradıcılıq layihəsinə yalnız Azərbaycan musiqisinə böyük sevgi gətirib. “Sarı gəlin”, “Laçın” kimi mahnılar seçiləndə bunun risk olduğunu anladım. Çünki başa düşdüm ki, bunlar sadəcə mahnılar deyil, bunlar Azərbaycan xalqının mənəvi irsidir. Amma həm ölkəmdə, həm də Azərbaycanda bu qədər təriflər aldıqdan sonra anladım ki, layihəmin birinci mərhələsi özünü doğruldub.

- Azərbaycan dilini öyrənmisiniz?

- Təəssüf ki, hələlik dili öyrənməmişəm. Amma oxuduğum mahnıların sözlərinə gəlincə, hər sözün mənasını bilirəm. Çünki əks halda ürəkdən oxumaq işə yaramayacaq. Azərbaycan dilində mahnı oxumağı çox sevirəm. Yeri gəlmişkən, çoxları deyir ki, mən azərbaycanlı kimi oxuyuram (gülür).

- “Sarı gəlin” mahnısının klipi harada çəkilib?

- “Sarı gəlin” mahnısına Tbilisidə klip çəkdirmişik. Amma bu, Azərbaycan mahnısı üçün yeganə klip olmayacaq. Mən tam bir proqram üzərində işləyirəm. Alboma daxil olan bəstələri Azərbaycan və gürcü dillərində ifa edirəm. Artıq “Sarı gəlin”, “Laçın”, “Arzu” və başqa mahnılar lentə alınıb. Albomun iki-üç aya çıxmasını planlaşdırırıq. Azərbaycanda da iki klip çəkdirəcəyik. Ümid edirəm ki, ifa etdiyim bəstələr Azərbaycan dinləyiciləri tərəfindən bəyəniləcək və seviləcəkdir.

- Azərbaycanlı ifaçılardan hansı ilə yaradıcı əməkdaşlıq etmək istərdiniz?

- Hələlik vokalçılarla əməkdaşlıq üçün konkret plan yoxdur. Amma təbii ki, Azərbaycan müğənniləri arasında mənim sevimlilərim var. Hazırda Bakıdan çox istedadlı instrumental ifaçılarla işləyirəm. Gürcüstandan Azərbaycana səmimi salamlarımı çatdırıram!

Tərcümə - Lalə

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə