SALXIM SÖYÜD - NİZAMİ GƏNCƏVİ – 880

Mənsur poema

MƏTLƏBİN BƏYANI

Səkkiz əsr adladım o yana. Sözləri nizamlı ulu babam Nizaminin ruhu qarşısındaa diz çökdüm, baş əydim.

- Sənə sənət borcumu verməyə gəldim, baba. İstəyirəm sənət odumun tüstüsünü ərşə qaldırım, amma...

Mənim odum tüstüyə mərhəm deyildir, qəti

Bəllidir tazə duzla duzlamaq olmaz əti.

Odur ki, bir əfsanə uydurdum - “Salxım söyüd” əfsanəsini, bir də mirvari dənələri kimi sənət sapına düzdüyün dadlı-tamlı sözlərini yolgöstərən seçdim özümə. Bir cüt yaranmışın dünya sevgisindən, dünya müsibətindən sözə başladım.

YUXU

Tanrısının incitmədiyi bir igid vardı: çinar boylu, dağ cüssəli. Gözləri çeşmə duruluğunda. Bənizi bəyaz, şəfəqli gözləri körpə məsumluğunda. Qüvvətli qolları pələng parçalardı. Köklü ağaclar bir baltasına qəddini bükərdi. O cavan:

Uyumuşdu bir gecə səksəkəli, nigaran,

Röyasında bir qoca ona dedi: - Ey cavan!

Qoca. Oyan! Övladım, oyan! Sən də yaradan yaradılmısan. Ver dünyaya payını. Bu gündən külli-ixtiyar sevgidədir.

İgid. Sevgi nədi, baba?

Qoca. Butanı görüb bilərsən.

İgid. Buta nədi?

Qoca. Buta budu, övladım!

Huri-mələk canlandı gözlərində. Duyğular oyandı canında. Duydu özünü. Dərk etdi dünyanı.

İgid. O, haradadı?

Qoca. Bir saz, bir yol, bir də odlu həsrət!

Qoca bunu deyib qeyb oldu. İgid yuxudan oyandı. Şəfəqli gözlərindən kədər süzüldü. Qarısı gəlib başına dolandı. Alnından öpdü. İgidin saçı da tərpənmədi.

-Dərdin mənə, nədi könlünü üzən?

İgid. Dün gecə bəxtim oyandı, mənə pay gəlmiş idi,

Nur camalından açıb pərdəni, Ay gəlmiş idi.

Qarısı anladı, dedi:

-Pambıq yol, su gedişi! Allah amanında!

BUTALANDI SEVGİLİLƏR

Alıb ləbin sorağını, dağıtmışam libasımı,

Görün bu mey nə meydi ki, içilməmiş xumar edər.

Şəbin vizali hər səhər alışdıırır xəyalımı,

O hər gecə bu könlümü görün nə tarü-mar edər.

Nə qədər zalım olsa da, Nizami, əl götürmə sən!

Gül istəyən cəfa çəkib tikanla ruzigar edər.

İgidpayi-piaydə gedirdi: butasının görüş vüsalına isinmək ümidilə. Yollar daşlı-kəskli, yollar tikanlı, yollar enişli-yoxuşlu.

Mənim əlimdən tutdu əliçıraqlı ustad,

Gəlib çatdıq bir bağın ətəyinə xeyli şad.

Bağ, nə bağ! Tale də gülürdü güllərin üzüünə gülən. Dünya isinirdi güllərin nəfəsiylə. Günəşi əmib, Aydan nur alan nazəndə gözəl – İgidin butası çıxdı qabağına. Dünya güldü gözlərində. İgid bir boy da artdı. Rəngi duruldu. Gözləri bir az da şəfəqləndi. Sözlər dodaqlarından gilə-gilə axdı, pərdə-pərdə yayıldı.

Səni bağda görən güllər pərdə çəkdi üzünə,

Reyhan zünnar bağlamağı rəva gördü özünə.

Xəcalətdən qızıl qandır qönçələrin niqabı,

Utanırlar, hüsnün saıb lalələrin bu günə.

Sən ətirli saçlarını qulac-qulac açanda,

Bənövşlər ismətindən köçüb getdi sürgünə.

Haray çəkdi süsən-sünbül susdu birdən lal oldu,

O ərğəvan camalından şölə düşdü hüsnünə.

İgid butasına baxdıqca baxdı. O gözəl döydü könül qapısın.

İnci qutusu kimi qapanmışdı dar ağzı,

Aralansa dodaqlar, qənd, şəkər satar ağzı.

O qənirsiz gözələ baxmağa taqət hanı?

Başımdan aşan gördüm dirilik bulağını.

Dünyaya meydan oxuyan qənirsiz gözəl İgidimizin bir baxışı ilə ovlandı. Butalandı sevgililər.

3. İLK GÖRÜŞ

Qoy qapanım, gül qədəmin bir qucum,

Çoxmu uzaqdan baxacam bağrıqan?!

Bal dodağından öpərəm, qorxmasam,

Kipriyin oxdur, qaşın hazır kaman.

Çoxdu sevən, amma səninçün, gülüm,

Bircə Nizamindi göyə yalvaran.

İlk görüşə gəldi İgid. Dolandı başına Buta yurdunun. Buta palçıq divar hörgüsündən aralandı. Pəhləvan cüssəli igidini görüb bir anlıq ayaq saxladı. İgid heyrətdən dil boğaza qoymadı.

Gözün aydın, gözümə surəti canan görünür,

Müşk-ənbər saçaraq ətrlə əfşan görünür.

Allaha şükr edirəm, ey gözümün nuri, bu gün

Yar gəlib göz önünə, sərvi-xuraman görünür.

Ey sənəm, vəslin ilə eylə ki, şad oldu könül,

Yırtdı qəm köynəyini, gül kimi xəndan görünür.

Şadlığından alışıb yandı Nizami, dedi ki:

“Gözün aydın, gözünə surəti-canan görünür.”

Buta gəlirdi. Ay arxasından boylanırdı. Nur vücudunu aşkarlayırdı. Dağa döndü fərəhindən İgidin: sürahi boylu sevdiyinə baxdıqca baxdı. Xəlvətləndilər. Tanrı yetirdi muradlarına!

Mənim o gecədən xoş gecəm olmayıb hələ,

Elə gözəl bir gecə bir də düşərmi ələ?

O gecəni bir daha görə bilmək üçün, ah,

Əl qaldırıb göylərə deyirəm: Allah! Allah!

Yetdi məqamı ayrılığın. Butanın nigaran baxışlarını dikildi ona. İgid anladı.

Ürəyinə salma ki, biganələr yanında

Vəfa xəzinəmizi açıb qılaram aşkar.

4. HƏSRƏT

İgid gördüyünü gəlib ustadına – qoca baltaçıya danışdı. Ustad igidin alnından öpdü.

-Dünya üzünə gülsün, övladım!-dedi.

Ayrılandan sonra İgid ciyərdolusu bir nəfəsə də də həsrət idi. Yediyi eşq, içdiyi eşq, duyduğu eşq, gördüyü Butasıydı.

Dərdli açıb dərdini hər yetənə söyləməz,

Hər yetənə deməklə kədər candan silinməz.

Butanı da eyni həsrətin, eyni dərdin kədəri bürümüşdü. Buta yanıqlı könlünün dərd misralarını cəmlədi. Ağ göyərçin ayağına bağladığı namə İgidinə yetdi.

Əziz elçi, könül yarı necədir?

Mən bimarın o nigarı necədir?

Gecə-gündüz mən atəşdə yanıram,

Şux mələyin abidarı necədir?

Yar qəmində Yəqub oldu Nizami,

Əsrin Yusif şəhriyarı necədir?

İgid aldı görək nə dedi:

Sən ciyər didməkdən əl çək, ey pəri, et imtina,

Yoxsa qərq eylər səni bir gün ciyər öz qanına.

5. VÜSALIN SƏFASI

Hicranın ömrü qısa olsa da, incitdi, ağratdı butalıları. Quşa döndü İgid. Qondu buta bağına. Başladı xəlvəti görüşlərin gecə gizlinləri... Yenə Qaraçarşab getdi, Sübh gəldi. Yenə də Sübh sabahı səslədi. İgid canını canandan ayıra bilmirdi.

Yenəmi yaş olub torpaq sovuraq,

Xəzəllə, tikanla oynayıb duraq?

Yox, daha bəsdi, toy edək!

6. XƏYANƏT

Gəlin bərq vurdu Günəş kimi. Nur saçdı ər evi. Dastanlar qoşdular gəlinin hüsn-camalına. Soraq çatdı hökmdara. Ağzı sulandı şəhvətbazın. Dedi:

-Günəş bir həyətdən boylanar!

Yengələr baş əydilər. Gözəl hökmdarın ismarıcını aldı, Tanrısına yalvardı:

-Məni yol göstərəndən sən özün qurtar,

Elə et, üstümə gülməsin əğyar.

Buyuruq qulları gəlini bir göz qırpımında qızıl qəfəsə saldılar. İgidə olanı anlatdılar. Gəlib yurdunu boş gördü. Qəlbindən bir göynərti qopdu.

Bundan bir azca əvvəl yarım mənə yar idi,

Qaranlığa nur saçan qızıl şamım var idi.

Hanı o şam, o gecə? Hara qol-qanad açdı?

Uzaqlaşdı, dağ çəkdi, guya heç olmamışdı.

İgid bir şam yandırdı. İki ürəkdən nur alan şam da bu gecə təkləndi. Təklənən igidin halına o da ağladı. İgid evdə qərar tutmadı, eşiyə çıxdı. Baxdı Aya yana-yana. Həsrətlə köks ötürdü. Ay növbəsini sübhə təhvil edənə qədər gözlədi. Yaralı ürəyinə həsrətin qəmi axdı. Ustadının yanına gəldi. Ustad qəm görüb, nəsihət boxçasını açdı. Dedi:

Hava çəkən boş yerdən məhsul verən yer üstün,

Havalılar yel əssə, qalxıb toz olur bir gün.

İgid zindanda deyildi. Dünya özü zindanı idi. Tapmırdı rahatlıq. Yox idi təsəllisi. Beynində daşlaşdı bir fikir: namusu qanla yuyarlar!

8. ZİNDAN ÖMRÜ

Buz soyuqluğundaydı zindan. Gəlinin nəfəsi təngidi. Vaxtı səhv saldı, zamanı unutdu. Ah qopdu könül evindən.

Könlüm sitəminlə canə yetdi,

Ahım odu asimana yetdi.

Karvan hələ çatmamış, yolunda

Köç növbəti gəldi, canə yetdi.

Gözlə, gələrəm dedin, Nizami,

Tez gəl ki, zaman zamanə yetdi.

Şahın qüruru puçal qoz. Güvəndiyi sərvəti... Amma gördü o da zərifliyin kölgəsində zəifliyini. Gözləri bulandı. Ağzı od püskürdü:

İndi ki sən düşmüsən bu quyuya, bu tora,

Divarından deşik aç, ta çıxasan bayıra.

Gəlin dərdləri ilə təkləndi. Boynunu büküb bir küncdə əyləşdi.

Qoca baltaçı xəbər tutdu olanlardan. İstəmədi qan düşsün. İstəmədi igidlərin boynu biçilsin. Minnətçi oldu hökmdara. El adətindən söz açdı. Ədəbdən misal çəkdi. Dedi ki, bir igid on düşmənə hasardı. Uduzarsan. Belini bükmə onun. Qolunu qırma onun. Qaytar sevdiyini. Ürək sevindir. Qulaqüfləyənlər üflədlər. Hökmdar qəzəbləndi. Səsi qalxdı. Divarlar titrədi. Qorxmadı qoca. Ömrün qürub çağında nədən qorxası idi ki? Dedi:

Süleyman mülkü umma. Nəfs, tamah xətadır,

Mülkü durur, mülkədar özü yer altındadır.

Bu gün şah eylər səni, aləm keçər əlinə,

Sabah döndərər səni bir çömləkçi kilinə.???

Hökmdar xoşlanmadı gileydən. Özü də bilmədi nə dedi, nə vaxt dedi, atdılar qocanı eşiyə. Yengələr işə düşdü. Yalan-palan uydurdular. “İgidinin üzü döndü səndən,”-dedilər. Qübar tutdu boğazını gəlinin. İgidinin xəyalı durdu göz önündə.

Gəlin. Fəryad ki, hicrində könül qan,

Qaldım qəm əlində zar, tez gəl.

İgid. Şadlıq gətirir nə xoşdu qəmzən,

Mən tək bir əsiri var, tez gəl!

Gəlin. Qəsdin can isə, gəl al bu canı,

Səndən deyiləm kənar, tez gəl!

İgid. Etdi sənə can fəda Nizami,

Al, et bizi bəxtiyar, tez gəl!

9. FƏLƏYİN GİRDABINDA

Eldə igidlərin sinələri qabardı. Qeyrət kəsməsin deyə, onlar kəsməyə gəldilər. Qərarları bu idi: hökmdar niyyətindən dönməsə, onun özünü aradan görütmək! Xəbərçi İgidin özü oldu. Bunu eşidən hökmdar coşub-daşdı, gəlinə əmr elədi:

-Minnətə gələnə de ki, daha gecdi, təzə eşqim mənə mehman olub.

Gəlinin gözləri hökmdarın gözlərinə dikildi, dedi:

Mən kiməm ki, söyləyim: eşqim mənə mehman olub,

Dəm vurum ki, içmişik and, əhd olub, peyman olub?

Yanaqları səyridi hökmdarın. Çatma qaşları şahə qalxdı.

-Göz dağı çəkəcəm sənə!-dedi.

10. SALXIM SÖYÜDDÜ

Məkrinə baş əydi hökmdar. Sonra gəlini qızıl qəfəsdən azad etdi. Gəlin quş tək səkirdi İgidinə çatsın deyə. Gəlinlik duvağının solmadığı igidinin ata yurduna yetsin deyə. Qəlbindən axan qara qanlar ağ duvağını qaraya bələdi. Gəlin İgidini qana bulanmış görüb, dondu yerində. Qəlbindən bir nalə qopdu:

Sən, ey Xızrın bayrağı, ucal, bir qəza törət,

Yağdır, xoş nəfəsli Nuh, məlunlara min lənət!

Gəlin igidinə yalvardı:

Çatma gəl qaşlarını, aşiqə rəhm eylə bir an,

Gəl, axıtma qanımı, can verəcək can ol sən!

Saralan çöhrəmə bax, dərdli sinəmdən tozu sil,

Çəkdiyim dərd ki sənindir, barı, dərman olsən!

İgidin cəsədi naləyə dözmədi. Daşa döndü igid! Başı üstə dayanan gəlin də sarsıntıdan daşa çevdildi. Yaradan bu iki yanar qəlbin atəşini söndürdü Öz yağışı ilə.Səhlədi yağış. Daşların ətrafında qol-budaq pöhrələndi kölgəsində nakam sevgililəri qorumaq üçün. Bu hədiyyənin adı salxım söyüd idi. Sonra olanlar dastana çevrildi. Hər eldə “Salxım söyüd” dastanını danışdılar. Birgün qoca usta gəldi. Daşlara əl sürtdü. Daşda nəfəs var idi. Budaqlara əl sürtdü, o andaca pıçıldı eşitdi: həzin nəğmə oxuyurdu. Qoca dedi:

Kim ki öz-özünü düşmüşdür başa,

Ona ölüm yoxdur, o ölməz haşa.

11. DƏDƏM NİZAMİNİN ÖYGÜSÜ

Quraşdırdığım əfsanəyə Dədə Nizaminin qəzəl, qəsidə, rübailəri bəzək verdi.Mənim yaratdıqlarım Onun dili ilə danışdılar. Onun öygüsü ilə də bitirmək istəyirəm.

Toxum göyərsə də torpaqdan, sudan,

Bu sirri axtarıb tapmamış insan.

Toxumu bəsləyən torpaqdır ancaq,

Ona şəkil də mi verir bu torpaq?

Nizamsız olsaydı yeraltı bir an,

Salxım olardımı, deyin, toxumdan?

Tutaq, salxım olur bir dənin sonu,

Şəkil qəlibina kim salır onu?

Bir səbəb gördükcə arif olanlar

Anlar ki, yaratmış onu səbəbkar.

Nizami, uzaqlaş bu fikirlərdən,

Düşmə bu dünyanın tələsinə sən.

Rafiq Rəhimli,

Əməkdar Mədəniyyət İşçisi

yazıçı-dramaturq

Bütün xəbərlər Facebook səhifəmizdə