Yazıçı - publisist İlham Əliyevin qələmə aldığı "Gecənin rəngi" romanı Dağlıq Qarabağ müharibəsində baş verən hadisələrdən bəhs edir. Romanda əsgərlərimizin qəhrəmanlığı, komandirlərin peşəkarlığı döyüşlərin başlandığı ilkin dövrdə Azərbaycanın özünü müdafiə dəstələrinin Dağlıq Qarabağda böyük əraziləri düşməndən azad etmələri öz əksini tapmışdır.

Qarabağın qərbində arabir boğuq pulemyot, avtomat səslərinin eşidilməsinə baxmayaraq Sırxavənddə o gün sakitlik idi. Elə bir sakitlik ki, quşlar yuvalarından çıxıb yerdə dənlənir, uşaqlar valideynlərinin razılığı ilə küçədə qaçışıb oynayırdılar. Qız-gəlinin su gətirmək üçün bulaq başına çıxması, qohum-qonşuya baş çəkib, hal-əhval tutması adamı duyğulandırırdı. Sanki bura bir neçə gün əvvəl qanlı döyüşlərin getdiyi kənd deyildi... Sırxavənd toya hazırlaşırdı. Səlim kişi bu qanlı-qadalı günlərdə toy-nişan etmək firkindən uzaq olsa da, kənd ağsaqqalları: ay Səlim, iki ildir ki, uşaqlar nişanlıdır, il-ildən də ağır gəlir. Toylarını elə ki, üzləri gülsün, - deyib məsləhət vermişdilər. Səlim kişi də böyüklük edib, məsləhətə əməl etmişdi. Qız evi ilə razılaşıb toy tədarükünə başlamışdı. Sabah oğlu Talıbın toyu olacaqdı. Bu gün isə toy gecəsinə, həm də Talıbın nişanlısı Aygünün xınayaxdısına hazırlıq görülürdü. Səlim kişi adət-ənənəyə uyğun olaraq iki qoç qurban kəsmiş, birini qudası evinə göndərmiş, digərini isə axşam evinə gələcək qohum-qonşuya biş-düş etmək üçün doğratdırmışdı.

Hələ dan yeri söküləndən qohum-əqrəbadan olan bir neçə cavan səngərdən ayrılıb toy olacaq evə gəlmiş, odunun yarılmasına, ocaqların qurulmasına, toy çadırlarının salınmasına köməklik göstərmişdilər. Həyət-bacada yaranan canlanmadan razı qalan Səlim kişi üzünü heyva ağacının altında aşsüzəndə göy-göyərti yuyub, təmizləyən Çimnaza tutub - ay arvad, ölmədik bu günü də gördük. Şükür Allahın böyüklüyünə, - deyə bildirdi.

Aşsüzəndəki göy-göyərtinin suyunu süzən Çimnaz ayağa durub, qamətini düzəltdi. Ani nəzərlərlə ömür-gün yoldaşının nurlu simasına baxıb, dedi:

- A kişi, niyə ah əkib, ürəyimizi paralayırsan, inşallah hələ gözəl günlərimiz qabaqdadır.

Səlim kişi Çimnazla eyni fikirdə olduğunu bildirsə də, narahatlığını da dilə gətirdi:

- Bu ermənilər heç sakitləşmək bilmirlər. Deyirlər ruslar, iranlılar onlara köməklik edirlər, muzdlu dəstələr Suriyadan, Livandan gəlib Dağlıq Qarabağda döyüşürlər.

Ailə başçısı sözünü bitirib uzaqdan görünən Xankəndinə boylandı.

Kişinin çox narahat olduğunu başa düşən Çimnaz onu sakitləşdirmək üçün - a kişi, erməni dığası nə karədi ki, bizlərə güc gəlsin. Görərsən, bir-iki günə Qarabağdan da qaçıb, Yerevana sığınacaqlar, - deyə söyləndi.

- Allah ağzından eşitsin ay arvad, amma çox narahatam. Gərək bu vurhavurda toy çaldırmayaydıq.

- Sən Allah bəd danışıb, uşaqların işinə nəhs gətirmə. İnşallah Talıbın toyundan sonra onlara həyətin o başında ev tikərik. Azəri də hərbi xidmətindən sonra evləndirib, onun üçün də ev-eşik qurarıq. Fikir vermişəm, qonşumuz Qambay kişinin qızı Naziləyə yaman baxır. Elə mənim də o qızdan xoşum gəlir.

- Yaxşı ay arvad, sən deyən olsun. Amma indi keç evə, qudamızgilə getməyə hazırlıq görün. Çalışın heç nə yaddan çıxmasın.

Əlində səhəng anasına yaxınlaşmaqda olan Mənzər dədəsinin sözlərini eşidib söz atdı:

- Heç elə şey olar ki, qağam Talıbın nişanlısının yanına kəm-kəsirlə gedək. Dünən Aygün üçün lazım olan paltarları, qır-qızılını, bər-bəzəyini, şirniyyat xonçalarını apardıq. İndi də, paxlava, şəkərbura və meyvə xonçaları aparacağıq.

Mənzər danışa-danışa qucağındakı oğlu Amili onlara yaxınlaşmaqda olan Nərgizə verib, dil-ağız etdi:

- Xalaqızı, bu uşağın əyin-başını dəyiş, mən də xonçalara əl gəzdirim gedəyin Aygüngilə.

Nərgiz Amili qucağına alıb evin ikinci mərtəbəsinə çıxmaq üçün pilləkənlərə yaxınlaşdı. Burada Mürsəllə göz-gözə gəldikdə salamlaşdılar.

- Hər vaxtın xeyir Nərgiz, - deyə Mürsəl pıçıltı ilə sevib-seçdiyi Nərgizə salam verdi.

- Aqibətin xeyir, beş də artıq.

- Nə olub ay qız, yenə də mısmırığın yerlə gedir.

Nərgiz sağına-soluna boylanıb, kimsənin onlara fikir vermədiyini görüncə, Mürsəlin üzünə baxmadan söz atdı:

- Səndən küsəcəm, qotazlı güllü corab alsan da barışmayacam.

Mürsəl Nərgizin sözlərindən bir şey analmadığından duruxdu, təəccüblə gözlərini onun ürkək-ürkək boylanan qonur gözlərinə dikib, dedi:

- Atmacalarını qoy kənara, azarın nədir onu de.

Nərgiz tövrünü pozmadan hücuma keçdi:

- Səni atmaca ilə yox, bu əllərimlə boğaram - deyib, iki qoşa əlini Mürsələ uzatdı.

- Aa...z, sən dədənin canı bir de görüm nə olub?

- Nə olacaq ki, sənin tay-tuşun ev-eşik, arvad-uşaq yiyəsi olur, sən isə hələ də küçələrdə veyillənirsən.

Məsələnin nə yerdə olduğunu indi başa düşən Mürsəl - qara qızın dərdi varmış - deyib, gülə-gülə Nərgizin qonur gözlərinə nəzər saldı. Sonra da - bu gün anam anandan him-cimlə sənin həni alıb, Novruz bayramı günü sizə elçi gələcəyik, - deyə Nərgizin arzu etdiklərini dilə gətirdi. Eşitdiyi xəbərdən qırışığı açılan Nərgiz - onda bərəkallah sənin fərasətinə, - deyib, iti addım¬larla pilləkənləri çıxıb evin ikinci mərtəbəsinə daxil oldu.

Mürsəl bir neçə dəfə Nərgiz, ay Nərgiz, desə də cavab gəlmədi. İstədi onun arxasınca ikinci mərtəbəyə qalxsın. Amma Bakıda yaşayan böyük qardaşı Şamilin “Jiqulisi”nin siqnal verib, həyətə daxil olmasını görüncə ayaq saxladı. Geri çevrilib qardaşının maşınına doğru addımladı.

Şəhərdə icra hakimiyyətində işləyən Şamilin gəlişi ilə həyətdə ora-bura vurnuxan insanlar bir anlıq da olsa ayaq saxlayıb, gözlərini maşına dikdilər. Səlim kişinin qızı Məsmənin əri olan Şamil kənddə böyük hörmət-izzət sahibi idi. Niyə də olmasın ki, onun şəhərdəki mövqeyi kənd camaatının coxunun işinə yarayırdı. Paytaxtda ali təhsil alan gənclərin imtahanlarının yazılmasında, yataqxana ilə təmin olunmalarında azdan-çoxdan köməyi dəymişdi. Kəndin xeyir-şərindən də qalmazdı. Çalışardı ki, kəndin imkansız ailələrinə də maddi yardımlar göstərsin. Toy qabağı gəlişini görən qohum-qonşu onun “Jiqulisi”ni əhatəyə aldı. Ən çox da sevinən Gülnaz idi. Gülnaz xalası qızının, həm də orta məktəb illərinin yaxın rəfiqəsi olan Məsmənin gəlişinə sevindiyindən əlindəki samovarı tut ağacının yanına qoyub, asta addımlarla avtomobilə yaxınlaşdı. Mühərriki söndürüb, yerə düşən Şamilə - xoş gəlmisiniz - deyib Məsməyə yaxınlaşdı, qucaqlaşıb, öpüşdü. Çimnaz arvad Gülnazın Məsmənin əlindən tutub bağa apadığını görüncə onun qarşısını kəsib, "ay ciyəri yanmış, imkan ver, görüşək, hal-əhval tutaq da" deyib, qızı Məsmənin üzündən öpdü. Gülnaz özünü o yerə qoymadı. "Bacım iki-üç gün burda olacaq, toydan sonra nə qədər istəyirsiniz danışın, söhbətlər edin" - deyə xalasına söyləndi. Bu iki rəfiqə eyni sinifdə oxuduqlarından hər gün məktəbə qoşa gələr, gəzməyə birlikdə gedər, imtahanlara da bir yerdə hazırlaşardılar. Bir növ günləri bir yerdə keçərdi. Bəzən gündüzlər danışmaqdan yorulmayıb, gecələr də qonşu olduqları üçün pəncərənin önündə dayanıb, him-cimlə sözləşərdilər. Sanki rəfiqə deyil, əkiz bacı idilər. Hər dəfə görüşəndə uşaqlıq illərini xatırlayıb söhbət edərdilər. İndi də rəfiqələr bağda alma ağacının altında qoyulan stolda oturunca, Gülnaz dil boğaza qoymadan, suallar yağdırdı - necəsən, nə var, nə yox, eşitdim işə düzəlmisən, Şamillə necə dolanırsan, daha dava-dalaşınız olmur ki, burda neçə gün qalacaqsan...? Məsmə cox sevdiyi Gülnazın xasiyyətinə bələd olduğundan onun ara vermədən yağdırdığı sullarını səbrlə dinlədi. Nəhayət, rəfiqəsinin susduğunu görüb, qısaca "Hər şey yaxşıdır, bir təhər dolanırıq", deyə bildirdi.

- Az ... z, bir ara xalam deyirdi ki, boşanırsınız?- sözlərinə Məsmə bu dəfə də səbirlə, qısaca - Hə elə bir şey var idi, Şamil birinə urcah olduğu üçün aramızda söz-söhbət yaranmışdı, indi sakitlikdir, boşanma-zad da yoxdur, - deyə cavab verdi.

Dərhal Gülnaza növbəti sualını deməyə imkan vermədən dedi:

- Sizlərdə nə var nə yox, Cəfərlə necə dolanırsan, uşaqlar necədi?

Gülnaz dərindən köks ötürüb, sözlərinə umu-küsü ilə başladı.

- Ər evinə girdim - girmədim, bir gün görmədim. Səhər alatorandan dur, qoyun-quzu ilə əlləş, sonar da əkində-biçində, axşam da inəkləri sağ, uşaqların yemək-içməyini ver. Son vaxtlar bu ciyəri yanmış dığalar da günümüzü göy əskiyə büküblər...

Məsmə bacı qədər sevdiyi rəfiqəsinin əllərini ovucuna alıb, məlhəm səslə dedi:

- Gülnaz, onsuz da insan hər zaman gah rahat, gah da narahat ömür yaşayır.

- Mən biçarə heç rahat ömür yaşamadım axı...

- Naşükürlük eləmə, nə vaxt kəndə gəlirəmsə səni qohum-qonşuda görürəm. Dəfələrlə də ki, Cəfər səni Bakıya aliş-verişə aparıb, ötən il də dəm-dəsgahlı ad günü etdi. Səni sevən ərin, dörd də ciyər paran var, daha nə istəyirsən? Məsəl var deyərlər yuxarı baxıb, köks ötürmə, aşağı baxıb, şükür elə.

Bu sözlərdən sonra Gülnaz orta məktəb illərinin ən şirin xatirəsi olan Məsməni qucaqlayıb əsmər yanaqlarından öpdü:

- Nə yaxşı ki, özümüzdən quraşdırdığımız dərdimizə, sərimizə məlhəm ola biləcək sənin kimi rəfiqəmiz var. Yoxsa, bibi qızı Fatimə kimi. Peşman olursan, giley-güzar edəsən. Dərhal yazıq əri Mehdini ağ yuyub, quru sərir, qayınanasını qayınatasına qatır.

Məsmə kəndin dedi-qodusuna bələd olduğundan Gülnazın dediklərinə əhəmiyyət ver¬mədi, bir növ özünü eşitməzliyə vurdu. Diqqətlə rəfiqəsinin al yanaqlarını, badamı gözlərini, sıx, uzun kirpiklərini süzüb mövzunu dəyişmək üçün dedi:

- Eşitmişəm yayda Aqilə sünnət toyu edəcəksiniz, bax ha... dünyanın altını üstünə çevirərəm, əgər bizi çağırmasanız.

Qınaqdan duruxan Gülnaz tez də özünü ələ alıb, - əziz bacım, heç elə şey olarmı, sənə dəvətnamə göndərməyək. Şəxsən, özüm Bakıya gəlib, dəvətnaməni sənə verəcəyəm - deyə, istəmədən mövzunun dəyişməsinə ip ucu verdi.

Rəfiqələr arasında söhbət xeyli çəkdi. Az sonra onların əhatəsi böyüdü. Xala qızları, bibi qızları, qonşu Yaqut xalanın gəlinləri Gülnazın duzlu-məzəli söhbətlərinin iştirakçıları oldular. Bir tərəfdə ocaqda yemək qazanları asılmış, digər tərəfdə isə samovarlar qaynayırdı. Qonşu Qambayın kiçik yaşlı oğlu Xəyyam sazını sinəsinə basıb müxtəlif el havaları ifa edir, hərdən də orkestr hesab olunan ionikanı işə salıb, oynaq musiqilər səsləndirirdi. Uzaqlardan isə ara-sıra atışma səsləri eşidilirdi... Şəhərdən gələnlər bu səslərdən döyüküb, təşvişlə sağa-sola boylansalar da kənd camaatı onları sakitləşdirir, ötəri atışma olduğunu bildirirdilər. Amma deyəsən, bu həna o hənadan deyildi. Bayaqdan mərmi, raket partlayışlarına görə şəhərdən gələnlərə təskinlik verənlər indi təşviş içində bir-birinə baxırdılar. Partlayış səsləri getdikcə artırdı. Vahiməli səslərə çevrilən dəhşət dolu partlayışlar həyətdəki insanları biş-düşünü dayandırıb, bir yerə toplaşmağa məcbur etmişdi. Bu zaman qonşu Qambay kişi ardınca da iki hərbçi darvazadan girib, toy axşamına toplaşan insanlara yubanmadan kəndi tərk etmələri barədə xəbərdarlıq etdilər. Qambay kişi qaçaraq oğlunun ionikasının yığışdırılmasına köməklik göstərdi. İşini bitirən kimi üzünü Səlim kişiyə tutub dedi:

- Ay Səlim, vaxt itirmə, özünülə ağırdan-yüngüldən nəyə gücünüz çatırsa götürüb, mənim traktorumun qoşqusuna minin.

Səlim kişi ömür-gün yoldaşı Çimnaza, daha sonra isə Talıba baxdı. Ana və oğul ailə başçı¬sının sual dolu baxışlarından bir şey anlamadılar. Onları vəziyyətdən Məsmə çıxarmağa çalışdı.

- Ay dədə, fikirləşmək, götür-qoy etmək yeri deyil. Yubanmadan siz və uşaqlar Qambay dayının traktoru ilə kənddən çıxın. Anamla, Mənzər də bizim maşınımızla gedərlər.

(Ardı var)

Bütün xəbərlər Facebook səhifəmizdə