Feyzbuk səhifəmə iki maraqlı şeir gəldi. Bu şeirlər "Vətən" və "Yar görüşə gecikəndə" idi. Oxudum. Uzun illər ədəbiyyatla məşğul olsam da, minlərlə şeirlər oxusam da bu şeirlər özlərinin sadəliyinə, fikir yükünə, obrazlı ifadələrinə, fəlsəfi duyumuna görə çox xoşuma gəldi. Qərara gəldim ki, belə bir maraqlı şairə ilə çoxminli oxucuları da tanış edim. İnanıram ki, az bir vaxtın içərisində bu şeirlərin minlərlə oxucuları olacaq. Ona görə də ilk öncə sizi həmin şairə ilə yaxından tanış edirəm.
Lilpar Cəmşid qızı Əbdürəhmanova 1965-ci ildə Bərdə rayonunda anadan olub. İlk orta təhsilimi Bərdə rayonunda alıb. 1986-cı ildə isə Azərbaycan Neft və Kimya İnstitutunun Kimya texnologiya fakültəsinə qəbul olub, 1992-ci ildə isə bu institutu müvəfəqqiyyətlə bitirib. Hal-hazırda Sumqayıt şəhərində yaşayır. İki övladı var. Böyük qızı Könül Xanlar qızı Hüseynli 1988-ci ildə Sumqayıt şəhərində anadan olub. Ali təhsillidir, ailəlidir və iki övladı var. Turizm sahəsində çalışır. Kiçik qızı Leyla Xanlar qızı Abdurəhmanova 1991-ci ildə Sumqayıt şəhərində anadan olub. Ali təhsillidir və hal-hazırda Azərbaycan Turizm və Menecment Universitetində magistr təhsili alır. Bununla yanaşı turizm sahəsində artıq 4 ildir ki, fəaliyyət göstərir.
Lilpar xanım hal-hazırda işləmir. Yaradıcılıqla məşğul olur. O, yüzlərlə şeir və qəzəl müəllifidir. Amma nə üçünsə şeirlərini çap etdirmək istəməyib. Bu, bəlkədə onun cavabdehliyindən, ədəbiyyatı ülvi bir varlıq bildiyindən irəli gəlib. Lilpar xanım uzun illərdir ki, yaradıcılıqla məşğul olsa da onun yalnız bir neşə şerləri qəetlərdə çap olunub. O, ilk kitabı üzərində işləyir. İnanırıq ki, müəllifin yeni işıq üzü görəcək kitabı oxucuların ən sevimli stolüstü kitablarından biri olacaq.
Ağalar İDRİSOĞLU
Əməkdar İncəsənət Xadimi
Vətən
Sularından içim, Vətən,
Yollarından keçim, Vətən.
Sənə uzanan əlləri,
Xəncər ilə biçim, Vətən.
Zəmilərin sapsarıdır,
Tarlaların dağ qarıdır.
Ana ilə Vətən yarıdır,
Hansını ilk seçim, Vətən.
Baş qoyaram torpağına,
Səcdə edim bayrağına.
Sənin azadlığın üçün,
Bu canımdan keçim, Vətən.
Düşmənlərin qanın içim,
Sənin üçün düz yol seçim.
Yarın yadların əlində,
Qovuşmayır neyçün, Vətən?
Dağlar küskün durub yenə,
Bürünüb dumana, çənə.
Bulaqların lal dayanıb,
Susamışam, içim, Vətən.
Ayrılıq nə günə salıb,
Orda evlər yetim qalıb.
Oxumur,bülbül darıxır,
Qarabağda gülçün,Vətən.
İmansızın imanı yox,
Yalan vədlər verilib çox.
Dizlərimi qoyum yerə,
Dua edim din üçün, Vətən.
Yağıları yurdda görür,
Natavan saçını yolur.
Həsrət qalıb muğamata,
Darıxıbdı dil üçün, Vətən.
Dilimin Allah kəlməsi,
Minarənin azan səsi.
Zalımlardan üz çevirib,
Oxunacaq sençün,Vətən.
İlham sənə arxa durar,
Xoş gün, xoş güzəran qurar.
Azadlığın sovqatını,
Gətirəcək elçün, Vətən.
Koroğlun var, Babəkin var,
Şəhərlərdən xan Bakın var.
Çiçəklənir günü gündən,
Yaxsi zaman, günçün,Vətən.
Tükənmir çörəyin, duzun,
Od püskürür oğlun, qızın.
Sızlamasın heç ürəyin,
Rahat olsun için, Vətən.
Qara qızıl sərvətindir,
Igidlərin qeyrətindir.
Sənin bayram libasını,
Əllərimlə biçim, Vətən.
Lilpar baxar anasına,
Naxış vurar xanasına.
Rəngin alıb təbiətdən,
Boyanıbdi əlçim, Vətən
Yar görüşə gecikəndə.
Günəş şöləsini saçmaz,
Güllər qönçələnər açmaz.
Ay fırlanar yerə baxmaz,
Yar görüşə gecikəndə.
Ürək küsər,qəmə batar,
Sevinc susar,sona çatar.
Gözlər nazı-qəmzə satar,
Yar görüşə gecikəndə.
Söz dolaşar kəlmələrdə,
Naxış düzməz ilmələr də.
Üzr istəyər hər səfərdə,
Yar görüşə gecikəndə.
Görüşməyi edər arzu,
Nə söyləsən olar razı.
Bir dəstə gül alar azı,
Yar görüşə gecikəndə.
Utanar çıxsın qarşına,
İstəsən dönər başına.
Düşər sevda yağışına,
Yar görüşə gecikəndə.
Vurnuxar oyan-buyana,
Oxşayar ürkmüş tərlana.
Yolunda dönər qurbana,
Yar görüşə gecikəndə.
Səhvini düşərsə başa,
Düyün vurmaz gözə-qaşa.
Mətləbə keçər birbaşa,
Yar görüşə gecikəndə.
Söz salar o sevdiyindən,
Nədən belə gəldiyindən.
Səninçün lap öldüyündən
Yar görüşə gecikəndə.
Qarşında suçlutək durar,
Könlünü alarsa gülər.
Xəcalət tərini silər,
Yar görüşə gecikəndə.
Səhvi səhv üstə yazılar,
Lilpar da xoş gün arzular.
Əhdi-ilqarı pozular,
Yar görüşə gecikəndə.
06 yanvar 2017-ci il
Dağlar
Başı buludlarda ayagı yerdə,
Gah şiş dayanırsan,gah da ki girdə.
Obalar köçübdü,düşübsən dərdə,
Tor gəlib ağlayan gözünə, dağlar.
Nə yaman qəmlisən,fikrə dalıbsan,
Yadların əlində əsir qalıbsan.
Dumanı özünə həmdəm sanıbsan,
Çəkmisən duvağı üzünə,dağlar.
Hanı ətrafinda şaqraq gülüşlər?
Ayrılıq kök salib,itib görüşlər.
Ceyran,cüyür küsüb,yoxdu örüşlər,
İnanmaz bir daha sözünə, dağlar.
Mən necə gəlim bəs səni görməyə?
Sinəndən əvəlik yığıb hörməyə.
Həsrətəm lavaşla pendir-dürməyə,
De necə düşüm mən izinə, dağlar.
Elinə güvənir el güvəncidir,
Təklik Ələsgərin ruhun incidir.
Onun hər kəlməsi,sözü incidir,
Küsübdü,baxmayır sazına dağlar.
Küləklər sığalı cəkir üzünə,
Qəm-qüssə çökübdü sənin gözünə.
Başımı qoyum mən o sərt dizinə,
Həsrətəm bulaşam tozuna,dağlar.
Lalələr boynunu əyib açmayır,
Zirvədə qartalın sınıb uçmayır.
Günəş də şəfəqin, nurun saçmayır,
Saxlayır bu gələn yazına, dağlar.
Igidlər atlanmır atın belinə,
Çayların güvənmir daha selinə,
Nə vaxt dəyəcəkdir əlim əlinə,
Rəhm eylə bu köçkün qızına,dağlar.
Ötüb gənclik çağı,cavanlıq çağı,
Nə solu görürəm, nə də ki sağı.
Başının üstünü alıbdı yağı,
Danışır nə gəldi ağzına, dağlar.
Ovçu ov axtarır dolaşır düzü,
Ovu qaçıb gedib itibdi izi.
Dağlayır ürəyi maralın gözü,
Söykəyib başını dizinə dağlar.
Saralıb şamama,quruyub tağı,
Nehrə çalxanmayır,unudub yağı.
Bülbül tək dolaşır bağçanı bağı,
Dözməyir güllərin nazına,dağlar.
Tanrım yaradıbdı axı gör nələr,
Qoynunda dupduru axır ceşmələr.
Səni vəsf etməyə yetmir kəlmələr,
Atlası dəyişmə bezinə,dağlar.
Duraydı dövran gözəl anında,
Alaçıq quraydıq sənin yanında.
Gəzəydim çəməndə, sübhün danında,
Baxmayıb çoxuna,azına,dağlar.
Üstünü alıbdı qara buludlar,
Çıxmır torpaq altdan çiçəklər,otlar.
Nə vaxt ətrafında köhlənlər otlar,
Gün ola çatasan arzuna,dağlar.
Necə söz salım,de,fani dünyadan,
Açılmır başımız yalan,xülyadan.
Nə vaxt oyanacaq millət röyadan,
Az qalıb əlliyə,yüzünə, dağlar.
Neçə igidlərim şəhid oldular,
Körpələr atasız,yetim qaldılar.
Nişanlı qızların saçın yoldular,
Əllər qovuşmayır üzüyünə,dağlar.
Yurduma yad,nəzər gözlər dikilib,
Vətən bölünübdü,sədlər çəkilib.
Evlər viran qalıb,uçub,sökülüb,
Quru torpağımdı xəzinə, dağlar.
Lilparam gözlerim toxdur hər zaman,
Həsrət ürəyimi incidir yaman.
Qarabağ düyünü açılan zaman,
Xalı sərəcəyəm düzünə,dağlar.
Arzular
Ən gözəl duyğudur, ən gözəl istək,
İnsanı yaşadan hisslərdir kövrək.
Ondan qidalanır, güc alır ürək,
Taledə yazılar yerin arzular,
Arzular, arzular, şirin arzular.
Günləri, ayları ömürdən qovar,
Çatdıqca tükənməz, yenisi doğar.
Sısqa bulaq olsa qaynayar, çağlar,
Dərya tək, ümman tək dərin arzular,
Arzular, arzular, şirin arzular.
İsidər günəş tək, coşar qanımız,
Yox olsa pozular hal-əhvalımız.
Sevgidə bağlanar əhd-peymanımız,
Hələ tapılmayıb sirrin, arzular,
Arzular, arzular, şirin arzular.
Bəzən yuxularda çatırıq sənə,
Yolun bağlananda batırıq qəmə.
Yarımçıq qalanda dönüb sərsəmə,
Keçirsən ömürdən sərin arzular,
Arzular, arzular, şirin arzular.
Bir ata minmişdim, qaldı yedəkdə,
Çox arzum, istəyim qalıb ürəkdə.
Lilparam, səhv etdim yolu seçməkdə,
Son ümidim,pənahım, şerim arzular,
Arzular, arzular, şirin arzular.
Şükr et
İnsan kimi yaradıbdı Yaradan,
Göz verib ki, ağı da seç qaradan.
Əl çəkginən maldan,vardan,paradan,
Bu dünyaya gəldiyinə şükr et.
Sağlamlığı Tanrıdan eylə arzu,
Ömürdə xoş günlər, bir az da ruzi.
Tapdığın heçnəyə olma narazı,
Gün işığın gödüyünə şükr et.
Dərd, kədərdən uzaq ol sən hər zaman,
Pis gündən əyilər, yıxılar insan.
Şan-şöhrətin qulu, köləsi olsan,
Bu məzhəbə girdiyinə şükr et.
Yaxşı günün yaxşısını arama,
Düz yolu seç, əl uzatma harama.
Pislik edib yaxşıları darama,
Gözlərinin güldüyünə şükr et.
Tale səni bərkə,boşa salarsa,
Əfi ilan kimi vurub çalarsa.
Qocalığın tək-tənha qalarsa,
Bağladığın kül, düyünə şükr et.
Talenin səninlə yoxdu qərəzi,
Pozulmasın yaxşı, yaman tarazı.
Axirətdə əyilməsin tərəzi,
Allahının verdiyinə şükr et.
Gülüş hər vaxt qismət olmur insana,
Göz yazşların çevrilməsin leysana.
Nəzir-niyaz paylaginən ehsana,
İslam adlı öz dininə şükr et.
Dünya malı azdırmasın yolunu,
Namaz, Quran hey bəzəsin dilini.
Dua eylə, göylərə tut əlini,
Allahını sevdiyinə şükr et.
Tükənmir Lilparın sözü, söhbəti,
Eşidin dediyi bu nəsihəti.
Bu dünyada adı,sanı, hörməti,
Qazandığın hər gününə şükr et.
Desinlər ki, bəxtəvərdi, bəxtəvər
Kəmər olum qoy dolanım belinə,
Çiçək olum, yar, səpilim yoluna.
Tale olum, mən yazılım alnına,
Desinlər ki, bəxtəvərdi,bəxtəvər.
Ulduz olum göy üzünə səpilim,
Şəfəq olum, dan yerindən sökülüm.
Sürmə olum, gözlərinə çəkilim,
Desinlər ki, bəxtəvərdi,bəxtəvər.
Qara gözün qəmzəsinə döz görək,
Vəsf etməyə sinə üstə saz gərək.
Sən nəğmə ol, sözlərimlə dərdləşək,
Desinlər ki, bəxtəvərdi,bəxtəvər.
Sığal olum, qoy toxunum telinə,
Ümman olum, mən qarışım selinə.
Çəmən baxsın çiçəyinə, gülünə,
Desinlər ki, bəxtəvərdi,bəxtəvər.
Sən dağlar ol, mənsə başının qarı,
Pozma bağladığın əhdi,ilqarı.
Daha zülm eyləmə, sevindir barı,
Desinlər ki, bəxtəvərdi,bəxtəvər.
Mən qəribin gəl eşit bu sözünü,
Xoş söz söylə biraz güldür üzünü.
Yığ yollardan həsrət çəkən gözünü,
Desinlər ki, bəxtəvərdi,bəxtəvər.
Gözəl olur dağ döşünün laləsi,
Xal düşübdü, tutulubdu çöhrəsi.
Bir ağacın cücərəndə pöhrəsi,
Desinlər ki, bəxtəvərdi,bəxtəvər.
Süsən olum, sünbülümə qovuşum,
Ocaq olum, alovunla alışım.
Xəzəl olum, torpağıma qarışım,
Desinlər ki, bəxtəvərdi,bəxtəvər.
Çıxım gəzim Vətənimin hər yerin,
Bulaqları,çeşmələri səpsərin.
Dil-ağızda qonaq olsun sözlərim,
Desinlər ki, bəxtəvərdi,bəxtəvər.
Lilpar, dolan, bu yerləri gəz biraz,
Çətin günə sinə gərib döz biraz.
Xoş günlərdən, xoş anlardan yaz biraz,
Desinlər ki, bəxtəvərdi,bəxtəvər.
Vətən sevgisi
Şeir yazaq,nəğmə qoşaq bu elə,
Çəmənlikdə çiçək açan tər gülə.
Qələbə ilə biz yığışaq şənliyə,
Yaşa, Vətən, xoş günlərin var olsun.
Pis niyyətli,düşmənimiz xar olsun.
Nə gözəldi ayna kimi bulaqlar,
Gövdəsinə arxalanan budaqlar.
Qurudammaz kökümüzü axmaqlar,
Yaşa, Vətən, xoş günlərin var olsun.
Pis niyyətli,düşmənimiz xar olsun.
Cəsarəti almışıq biz Babəkdən,
Yurd həsrəti silinməz heç ürəkdən.
Yorulmarıq bu torpağı sevməkdən
Yaşa, Vətən, xoş günlərin var olsun.
Pis niyyətli,düşmənimiz xar olsun.
Birlik olaq biz qoruyaq Vətəni,
Yurdumuza buraxmayaq yetəni.
Qarabağın nə vaxt bitər sitəmi
Yaşa, Vətən, xoş günlərin var olsun.
Pis niyyətli,düşmənimiz xar olsun.
Şəhid qanı yudu Ana torpağı,
Ucalardan uca tutduq bayrağı.
O yerlərdə at oynadır sərt yağı
Yaşa, Vətən, xoş günlərin var olsun.
Pis niyyətli,düşmənimiz xar olsun.
Kömək olsun Tanrı bizə hər zaman,
Küskün durub köks ötürür el yaman.
Dönəcək o yerlərə var güman
Yaşa, Vətən, xoş günlərin var olsun.
Pis niyyətli,düşmənimiz xar olsun.
Lilpar baxır çiçəklənən yurduna,
Sevinc qonur gözlərinə,qəlbinə.
Sevgi qatmır,Vətən,sənin sevginə
Yaşa, Vətən, xoş günlərin var olsun.
Pis niyyətli,düşmənimiz xar olsun.
Qarabağ niskili
Toy-büsatlı yaxşı günlər gələcək,
Qəm-qüssəni taleyindən siləcək.
Qarabağım azadlığı görəcək,
Zəfər günü yaxındadır ordumun,
Xoş novrağı sabahında yurdumun.
İnciməsin xan şəhərim, xan Bakım,
Şuşa adlı o gözələ baş çəkim.
Dağıdılmış evləri yenidən tikim,
Zəfər günü yaxındadır ordumun,
Xoş novrağı sabahında yurdumun.
Laçın orda ağlar qalıb,mələyir,
Dərd-kədəri gündə doğur, bələyir.
Düşmən tapdağında yanır, inləyir,
Zəfər günü yaxındadır ordumun,
Xoş novrağı sabahında yurdumun.
Qubadlıdan dəli rüzgar əsibdi,
Zəngilanım yetim qalıb, küsübdü.
Cəbrayılım lap canından bezibdi,
Zəfər günü yaxındadır ordumun,
Xoş novrağı sabahında yurdumun.
Xankəndinin, Ağdərənin dərdi çox,
Topxananın sinəsinə dəyib ox.
Füzulinin gözlərində yuxu yox,
Zəfər günü yaxındadır ordumun,
Xoş novrağı sabahında yurdumun.
Pis əmələ sevinməsin heç yağı,
Xoş günlərin tez gələcək sorağı.
Gül açacaq Kəlbəcərin yaylağı,
Zəfər günü yaxındadır ordumun,
Xoş novrağı sabahında yurdumun.
Dağlarının dərdi dağlar boydadı,
Bulaqların gözü axar çaydadı.
Qarabağım niskillidi, vaydadı,
Zəfər günü yaxındadır ordumun,
Xoş novrağı sabahında yurdumun.
Gözü tutulubdu, bulanıb çeşməm,
Şikəstəni susdurub namərd düşmən.
Azadlığı alacaqdı el rəsmən,
Zəfər günü yaxındadır ordumun,
Xoş novrağı sabahında yurdumun.
İlham deyir, biraz da dözün, ellər,
Daşacaq çaylarda bulanan sellər.
Açacaqdı Qarabağımda güllər,
Zəfər günü yaxındadır ordumun,
Xoş novrağı sabahında yurdumun.
Lilpar yurda layla desin, uyutsun,
Sinəsində yanan odu soyutsun.
Köçkünlərim evlərinə qayıtsın,
Zəfər günü yaxındadır ordumun,
Xoş novrağı sabahında yurdumun.
Ey insan
İnsanlığı salma belə hörmətdən,
Niyə gözün doymur vardan, dövlətdən.
Başın gicəllənir saxta şöhrətdən,
Vaxt gəlib dünyanı dəyişən zaman,
Heç nə köməyinə çatmaz, ey insan.
Açılmaz dünyanın gizli sirrləri,
Gur su da yuyammaz çirkab kirləri.
Fələk çırpdı yerə qızmış divləri,
Demə əbədidir, dəyişməz dövran
Heç nə köməyinə çatmaz, ey insan.
Yıxdın neçə yuva, evlər dağıtdın,
Günahsız insanın qanın axıtdın.
Güclüydün, gücsüzün gözün qorxutdun,
Tanrıdan yalvarıb istəmə aman,
Heç nə köməyinə çatmaz, ey insan.
Dünya yola saldı şahlar, sultanlar,
Baş kəsdi cəlladlar, töküldü qanlar.
Torpağın altına getdi qurbanlar,
Hökm dəyişilməz verilsə fərman,
Heç nə köməyinə çatmaz, ey insan.
Axirət gününə topla savabı,
Allahın önündə ver sən cavabı.
Ağır işgəncədir qəbir əzabı,
Cənnətə düşməyi eyləmə güman,
Heç nə köməyinə çatmaz, ey insan.
Yaxşılıq etmədin, tapdın yamanı,
Kol kimi ayırdın iki cavanı.
Yıxdın bir-birinə olan güvəni,
Ahıl çağlarında yox olsa iman,
Heç nə köməyinə çatmaz, ey insan.
Dünyaya deyirlər beş günlük dünya,
Yarısı həqiqət, yarısı röya.
Ömrün bəzəyidir namusla həya,
Ləkəli yaşasan, silinər ad-san,
Heç nə köməyinə çatmaz, ey insan.
Dağlar da əriyər dərdi olarsa,
Bulud da ağlayar gözü dolarsa.
Bir kimsə vətəndə qərib olarsa,
Gözləri önündə alışar cahan,
Heç nə köməyinə çatmaz, ey insan.
Xətirdir, hörmətdir, zirvə, ucalıq,
Pislərdən dərs alıb etmə alçaqlıq.
Səni də yaxalar bir gün qocalıq,
Əgər Allahına borclusansa can,
Heç nə köməyinə çatmaz, ey insan.
Lilparam ey təbib sarı yaramı,
Düz oldum, sevmedim yalan,haramı.
Ağ gün uzaq düşdü, tapdım qaranı,
Yol alıb başına gedərsə karvan,
Heç nə köməyimə çatmaz, ey insan.
Vətənin
Qərib kimi düşdüm tənha çöllərə,
Salam verdim yetim qalan ellərə.
İstədim ki, əl uzadım güllərə,
Gördüm saralıbdi gülü Vətənin.
Dağlarının başın alıb duman,çən,
Qarabağım köks ötürür gözü nəm.
Fəryadını eşitməyir el, aləm,
Tutulubdu, laldı dili Vətənin.
Bağçasında ötmür daha bülbüllər,
Zəmisində yetişməyir sünbüllər.
Çaylarına bənd vurubdu gör kimlər,
Daşmayacaq daha seli Vətənin.
Bənövşəsi kol dibində saralıb,
Günü batıb,gündüzləri qaralıb.
Gözləməyə yoxdu səbri, daralıb,
Düşübdü yanına əli Vətənin.
Zəngilanın, Kəlbəcərin, Laçının,
Qubadlının dən düşmüş ağ saçının.
Xankəndinin düzündə turacının,
Sınıbdı qanadı, beli Vətənin.
O yerlərin havasını udmağa,
Sac üstündə lavaşını dadmağa.
Tüfəng alıb, barmaq qoyub çaxmağa,
Yetişəcək yenə eli Vətənin.
Bir olaq bir yumruq kimi birləşək,
Dar günlərdə biz toplaşaq, dərdləşək.
Qaya kimi mərd dayanaq, sərtləşək,
Yaxşı gəlsin ayı, ili Vətənin.
Lilpar deyir, bulaqların qaynasın,
Ürəklərdə yurd həsrəti olmasın.
Uşaq, böyük şənlik etsin, oynasın,
Gülüstana dönsün çölü Vətənin
Bilirəm
Əllərinin sığalını göndər, dəysin saçıma,
Məhəbbətin od salıbdı ürəyimin içinə.
Susamışam yarım qalmış bu sevdadan içim nə?
Vüsalına çatammıram yol uzaqdı bilirəm.
Duyğylarım ürəyimdə ağlayır için-için,
Bu əzablı eşq yolunu söylə mən necə keçim.
İki yolun ayrıcında eyləmək olmur seçim,
Ayrılığın bir işgəncə, bir əzabdı, bilirəm.
Gözlərimin giləsindən qandı axan, yoxsa yaş,
Əllər əsir, diz titrəyir, bədən eyləyir təlaş.
Ömrün yarısı sakit keçir,yarısı edir savaş,
Mən sevdanın əsiriyəm, bu tuzaqdı bilirəm.
Necə gəlim, yollarıma şaxta düşüb,yağıb qar,
Sevənlərdə ismət olar, utanib eyləyər ar.
Bəlkə bizim bu görüşə şahid olcaq bahar,
Cığırları buz tutubdu, qar sazaqdı, bilirəm.
Qəhərlənmə ay sevgilim, yaraşmır sənə qəhər,
Zülmət geri çəkilərsə,doğacaq yeni səhər.
Hicranına bal qatsan da agzım olacaq zəhər,
Bu qəribə rəhmin gəlsin, çox yazıqdı, bilirəm.
Kəmənd atıb sözlərinə Lilpar səni çağırır,
Niskil dolub ürəyinə, ondan sevgi yoğurur.
Hər dəqiqə,hər saniyə şeir, nəğmə doğurur,
Səndən ayrı yaşamağı iztirabdı, bilirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB