Gülnarə Cəmaləddin

MƏN SƏNİ ELƏ SEVİRDİM VƏTƏN

Mən səni elə sevirdim, VƏTƏN

Şəhid qəbirlərinə

qərənfillər düzülməmişdi,

Xocalı əsir düşməmişdi.

Mən səni elə sevirdim, VƏTƏN

Quşlar göy üzünü sevəntək.

Mən səni elə sevirdim, VƏTƏN

Pioner balaların gül daşiyirdı

Bolşeviklərin bəzəkli məzarına,

Proletar balaların inanirdi

Kommunizm nagılına.

Bir də

səni o cürə sevməmək

o vaxt

Gəlməzdi heç kəsin ağlına.

Mən səni elə sevirdim, VƏTƏN

Çünki

sən

məndən çox

özgənin idin

o vaxt.

MƏN DAHA SƏNİ SEVƏCƏK QƏDƏR

Gözüm günahlara,

Könlüm sevdalara,

Dilim yalanlara alışdı.

Öldürdüm,

bir günahsız kəpənəyin

günahına batdım.

Mən daha

səni sevəcək qədər

məsum deyiləm, zavallım!

***

Atalar

ata ocağında

artıq olanda,

Analar

artıq yaşadığı üçün

utananda,

dünyanın

ən xanım qızları

çiyinlər üstə gəlin köçəndə,

kişilərin əli

dizinə dirənəndə,

ölümün ən gözəl,

ən dadlı vaxtı olur körpə.

Torpaq yiyəsiz olanda,

Adam urvatsız.

Şər vaxtı

xaraba bir evin damında

bayquş ulayanda,

ölümün ən gözəl,

ən dadlı vaxtı olur körpə.

Şər bəxtinə güləndə,

dörd divar arasında

tək – tənha,

Yaşlı bir qadın öləndə

Və külək əsəndə

divarların səssizliyindən

qulaqların

inim - inim inləyəndə,

ölümün ən gözəl,

ən dadlı vaxtı olur körpə.

BALIQLAR AĞLAMAZLAR Kİ...

Mələklər qonası çiyinləri yox,

Su yuyub aparar günahlarını.

Balıqların gözləri

su rəngində,

dupduru.

Balıqlar,

balıqlar ağlamazlar ki...

Gorları yox,

kəfən geyməzlər

əyinlərinə.

dünyanın

alını-qalını

balıqlar almazlar

eyinlərinə.

Naqqalar,

kilkələr,

sazan balıqlar.

hərdən su yolunu azan balıqlar.

bu paşa balıqlar,

bu xan balıqlar.

Bu naşı balıqlar,

bu xam balıqlar,

tilova düşərlər,

tora düşərlər,

balıqlar,

balıqlar ağlamazlar ki...

MƏN SƏNİ BELƏ TANIDIM HƏYAT

Sən atamın dərdi qədər kübar,

Anamın göz yaşları qədər zalım.

Bir uşaq oyuncağı kimi aldadıcı,

Bir yalan qədər məsum.

Daşlara adlar yazacaq qədər

vəfasız...

****

Mən öylə bir yerdəyəm,

Mən öylə bir zamanda.

SƏN-i gəzirəm,

SƏN-i

Bu can ilə cahanda.

Qapı – qapı dolaşdım,

Toz – torpağa bulaşdım.

Sükür !

SƏN-ə ulaşdım,

Əl çəkdim bu məkandan.

Ovuc - ovuc dən kimi

Torpaqlara əkildim.

Vardan yoxa çəkildim

SƏN-i bildiyim andan.

****

Gəlib çıxmadı

başıbatmış qaranquş,

bu yaz elə gecikdi ki...

Dedim bəlkə

yaz gələndə

anam gələ,

evini sahmana salmağa.

Səməni göyərtməyə

elə tələsərdi anam.

Yaz da vaxtında gələrdi,

bəlkə də tez.

Qoxlayıb keçərdi bənövşələri

dəyməzdi,

Elə bilərdi

inciyər yaz.

Amma

anam quşlar misali

Payızda köçüb getdi.

Gəlib çıxmadı

başıbatmış qaranquş

Bu yaz elə gecikdi ki...

ALLAHINI SAYMAYAN UŞAQ

Mən bir sevda yaşında,

Sən bir məzar başında

oynayan uşaq.

Nə olar daş olanda,

Torpağın da,

daşın da,

Allahı var,

Allahını saymayan, uşaq.

Çıxıbsan

ağac başına,

Çatarsan

ölüm yaşına,

Tanrın bir məzar

daşına

Bükər səni,

Allahını qarğıyan, uşaq.

Ölümə çapırsan

qamış atında,

Bir şeytan işi var

vallah zatında.

Üzüb ayağını torpağın üstdən,

Ay uşaq,

ay bala,

göyə çəkmə çox,

Bir də görərsən,

Tanrının ehtiyacı yox,

bəndəyə

sən adında,

Allahıyla çilingağac oynayan, uşaq.

MƏN SƏNİ SEVMƏDİM HEÇ

Quşların dimdiyində gəldi bu yaz,

Qanadında köçüb getdi.

Yağışlar yarpaqları dimdiklədi,

Ac sərçələr pəncərəmi,

Amma mən səni sevmədim heç,

Sadəcə çox istədim,

lap çox.

Gözlədim,

canlılar həsrətlə

baharı gözləyəntək.

can atdım sənə,

quşlar göy üzünə can atantək.

Amma mən səni sevmədim heç,

Sadəcə çox istədim,

lap çox...

Gülnarə Cəmaləddin

***

Qoymadılar,

daş atdılar

şüşə ürəyimi

neçə yol

qırdılar

çatdatdılar.

Yoxsa mən adam doğulmuşdum

adam olacaqdım

amma

sapand daşıyla

ən çox sevdiyim qaranquşu

qanadıından vurdular.

Qanadı qırılan quş

Yaşamadı,

bələndi öz qanına.

Anam allahı köməyə çağıranda

göyə baxardı.

öləndə

qapıya baxdı

bir də

bir də nakam balasının şəklinə.

mən anamı itrəndən

dünya anasız qaldı.

Çiynim qırılsın

qoymadılar

anamı özüm alım çiynimə.

Atamın ölümü kişiydi

güclüydü əlləri kimi.

qırmışdılar ürəyini

qırılmış ürəyini

ovcuna yığıb getdi.

Gözüm tökülsün

qoymadılar atamı

atamı

özüm ağlayım doyunca.

dedilər gedənin ardınca ağlamaq

gəlmir

gəlmir

Allahın xoşuna.

qaldırıb özümü

çırpdım

çırpdım dünyanın başına.

***

Xarabadır

Uçuq yurddur

Qəm

Sinəm üstə bir qurddur

Ölüm də məni qorxutmur

Ulama, bayquş

ulama.

MƏNDƏN OLSAYDI

Bu abi – kövsər iksirin

İçərdim... məndən olsaydı.

Seçimi lövhi -məhfuzdan

Seçərdim... məndən olsaydı.

Qarayla bildim ağını,

Şeytanla böldüm sağımı,

Ahım ilə Qaf dağını,

Yıxardım... məndən olsaydı.

Dustağam, dardı mədfənim,

Bu hücrədə çıxdı canım.

Yırtıb, ruhumun kəfənin

Çıxardım... məndən olsaydı.

***

Əvvəli

iməkləməkdi,

sürünməkdi,

hər kəsin üzünə

gülümsəməkdi.

Başının üstündə Allahdı,

ayağının altında torpaqdı.

Anladıqca,

anladıqca,

işin- peşən ağlamaqdı.

Axırı

beş arşın ağdı,

bir ovuc torpaqdı.

Yaşamaq

öz – özünlə

gizlənpaç oynamaqdı.

***

Payız leysanları başlar içində,

Talayar ruhunu payız sazağı.

Başlar qəribliyi qoca dünyanın

Doğmalar köçəndə,

dostlar köçəndə.

Kədər cilvələnər ,dərd daldalanar,

Tutaş kipriyində titrər göz yaşı,

Ələnər başına dünyanın daşı,

Doğmalar köçəndə,

dostlar köçəndə.

Bir qapı çırpılar üzünə qəfil,

Azalar dünyaya ərkin, gileyin,

Sıxılar qüssədən ,qəmdən ürəyin,

Doğmalar köçəndə,

dostlar köçəndə.

MƏNİM GƏNCLİYİM

Xarabalıqda bitən çiçək kimiydi

Mənim gəncliyim.

Ləçəkləri qəlpələrdən didik – didik,

Cırıq – cırıqdı.

Mənim gəncliyim

yalın ayaqlarla

Azadlıgı üçün yürüdü meydanlara.

Sənin tay tuşların

ata olur

ana olur

gəlin olur

gənc dost!

Mənim tay tuşlarım

əsir düşdü

şəhid oldu.

Biz hər səhər mərmi səsinə oyanıb

hər gecə quşlar kimi mürgülədik.

Sənin tay tuşların

nəğmə qoşur

şeir yazır.

Biz cəsədlərlə torpağa yazdıq ən gözəl şeirimizi.

Aynalara baxıb saçlarımıza sığal çəkmədik,

Aynalar utanar deyə

örtdük aynaların üzünü

Ağ mələfələrlə

Hər gün gözlərimiz danışdı

kipriklərimizin titrəyişiylə

Və hər gün ağı dedik

səngərlərdə ölən gəncliyimizə.

Sən indi gəncsən

güclüsən

gözəlsən

Qoy olsun.

Amma mən gəncliyimi yaşamadım desəm

gülmə.

Biz ağaclara

divarlara

torpaqlara yazdıq ismimizi qanımızla

Itkin düşməsin deyə.

Nə nimdaş paltarımızdan

Nə də yalın ayaqlarımızdan utandıq.

Yalnız düşmənə əsir düşən bayrağımızdan

Bir də

bir də

şəhid olan dostlarımızdan

utandıq

gənc dost.

SU

Uşaq kimi üzümə

matdım – matdım

baxan su

dağları qayaları

altdan – altdan

yıxan su.

Bütün xəbərlər Facebook səhifəmizdə