Ona de ki, xoşbəxtəm,

Yalan danış adımdan.

De ki, əsər qalmayıb

Sən gördüyün qadından.

De ki, heç əskik olmur

Üz-gözündən səadət.

Səni çoxdan unudub,

"Xoşbəxt" olub nəhayət...

Nə olar ona demə ki,

Onsuz dəli olmuşam.

Arzuları bəhrəsiz

Yarı yolda qalmışam...

Adımı çəkmə nə olar,

Adımı da anmasın.

Mən bitdim, heç olmasa

Onun qəlbi yanmasın!

Məni ona tanıtma,

Qoy məni "günah" bilsin.

Mən min dəfə ölürəm,

Qoy o bir dəfə ölsün.

Gözlərinə çoxlu bax,

Gör yenə də sevirmi?

Soruşsa mən hardayam,

Nə olar, demə yerimi!...

Əziz dost, son xahişim...

Tut onun əllərindən.

Mənə qoxusun gətir

Qoy ətri gəlsin səndən!

Ona de ki, xoşbəxtəm,

Yalan danış adımdan.

De ki, əsər qalmayıb

Sən gördüyün qadından..

Bütün xəbərlər Facebook səhifəmizdə