Xuraman Muradova

Niyə ağlayırsız, donmu vurubdu,
Qışda yarpağını tökən ağaclar.
Bəlkə tənhalıqdan üşüyürsünüz?
Qəlbimi köksümdən sökən ağaclar.

Hər kəsin qəlbinə meh olub əsdiz,
Yayda istisinin yolunu kəsdiz,
Dostanmı incidiz, məndənmi küsdüz?
Boynunu vədəsiz bükən ağaclar.

Yayda kölgənizdə dincələn kəslər,
Qışda qayğınızı beləmi bəslər,
Qolu kəsiləndə de kimi səslər,
Gözünü yollara dikən ağaclar.

Neçə sevgilərin şahidi kimi,
Sevən ürəklərin titrəyən simi,
Dəli sevdaların olduz hakimi,
Yükünü çiynində çəkən ağaclar.

Yoxsa gücünüzmü qalmayıbdı heç?
Sevən qəlbinizmi olmayıbdı heç?
Sizləri yadına salmayıbmı heç,?!
Hər kəsin evini tikən ağaclar...

Bütün xəbərlər Facebook səhifəmizdə