"Eurovision-2012": Azərbaycan üçün sınaq və qürur hadisəsi

Dünyanın 300 milyondan artıq əhalisinin həyəcanla gözlədiyi "Eurovision-2012" mahnı yarışması baş tutdu. Yüksək səviyyədə təşkil olunmuş yarımfinal mərhələlərindən sonra möhtəşəm final gecəsi keçirildi. May ayının 26-da təşkil olunmuş finalın heyrətləndirici məqamları haqqında danışmaq istəmirəm. Çünki, həmin gün nəinki hər bir azərbaycanlı, hətta, milyonlarla insan həyəcanlandırıcı anlar yaşadı, nələrin baş verdiyinin canlı şahidi oldu. Lakin dünyanın ən mötəbər mədəniyyət hadisəsi bitsə də, onun ölkəmiz üçün hansı məqamlarla yadda qalması bundan sonra da müzakirə mövzusu olaraq qalacaq.


Sınaq dövrü…


"Eurovision-2012" yarışması hələ başlamazdan əvvəl Azərbaycan müxtəlif istiqamətlərdən sistemli şəkildə idarə edilən təzyiqlərə məruz qalmağa başladı. Açıq söylənilməlidir ki, erməni lobbisi, onlarla maraqları uzlaşan xarici qərəzli dairələr, eyni zamanda, Azərbaycandakı bəzi reneqat dəstələr və dağıdıcı müxalifət sırf ölkəmizin demokratik dövlət imicinə xələl gətirmək və "Eurovision"un ölkəmizdə baş tutmaması üçün çirkin planlar həyata keçirirdilər. Əlbəttə, ölkəmizə qarşı olan bu kampaniya ilk vaxtlarda gizli aparılsa da, sonradan Azərbaycanın güclü və iradəli olması həmin qərəzli dairələri açıq şəkildə fəaliyyət göstəməyə sövq etdi.

Aydın olan odur ki, Azərbaycana zərbə vurmaq üçün bütün vasitələrdən istifadə olundu: xarici mətbuatda anti-Azərbaycan təbliğatı aparıldı, paralel olaraq, siyasi qərəzli qərarlar verildi, daxildəki reneqatların əli vasitəsilə dağıdıcılıq fəaliyyəti başladıldı.

Qərəzli qrupların ilkin hədəfi məhz, ölkə daxilində ictimai-siyasi sabitliyi pozmaq, cəmiyyətdə gərginlik yaratmaq, vətəndaş-dövlət münasibətlər sisteminə zərbə endirmək və bir növ ruh düşkünlüyü formalaşdırmaq idi. Bu səbəbdən də, "beşinci kalon"un QHT-ləri müxtəlif təxribatlar törədərək, əsassız iddialarla çıxış edərək, qondarma etiraz dalğası formalaşdırdı və bu dalğanın davamı olaraq da, radikal müxalifət mitinqlərə başladı. Lakin bu etirazlar sosium daxilində deyil, yalnız onların nəzarətində olan müxalifət qəzetlərinin səhifələrində sezilirdi. Belə ki, qərəzli dairələrin dəstəyilə aprel ayından mitinqlərə start vermiş radikal müxalifət sonra - "Eurovision-2012" yarışmasına sayılı günlər qaldıqda, icazəsiz aksiyalara başladı. Radikal müxalifətin atdığı bütün addımların əsas məqsədi isə ondan ibarət idi ki, Azərbaycana qarşı təzyiqlərin edilməsi və ya siyasi qərəzli qərarların qəbul edilməsi üçün zəmin yaratsın.

Bir sözlə, "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində Azərbaycan xalqı və dövləti çətin bir sınaqla və təxribatlarla üz-üzə qaldı. Amma Azərbaycandakı güclü siyasi sistem, Xalq-iqtidar birliyi və ümumi ideoloji hədəf ölkəmizə qarşı hazırlanmış planların effektsiz qalmasına səbəb oldu.


Qürur hadisəsi…


"Eurovision-2012" yarışması Azərbaycan xalqı üçün həm də qürur hadisəsi kimi yaddaşlara yazıldı. Bu müsabiqənin keçirilməsi üçün aparılmış hazırlıq müddətində dövlətimizin siyasi iradəsi ilə yanaşı, onun iqtisadi qüdrəti, yaradıcılıq potensialı, yüksək səviyyəli tədbirlərin təşkil edilməsi bacarığı bir daha nümayiş etdirildi.

"Eurovision"a hazırlığın yüksək səviyyədə həyata keçirilməsi bir daha göstərdi ki, Azərbaycan istənilən tədbiri təşkil edə və keçirə, bu işdə isə dövlətimiz bütün xoşməramlı təşkilatlarla konstruktiv işbirliyi qura bilər. Bütün texniki və təhlükəsizlik məsələlərinin öz həllini tapması, xidmət sektorunun intensiv fəaliyyət göstərməsi, xaricdən gəlmiş qonaqların və jurnalistlərin yerləşdirilməsi, onların müsabiqənin keçirildiyi müddət ərzində əyləncəli həyat şəraiti ilə təmin edilməsi sübut etdi ki, Azərbaycan hər bir beynəlxalq tədbiri qəbul etməyə hazırdır.

Azərbaycana gəlmiş xarici ölkələrin vətəndaşları buradakı yüksək qonaqpərvərliyi, mədəni ünsiyyət və davranışı, işıqlı, gözəl və təmiz Bakı şəhərini gördülər, milli məxbəx nümunələrini daddılar. Bəlkə də, bu cür abstrakt gözə çarpan məqamlar kimlərsə üçün adi görünə bilər. Lakin həmin xoşməramlı xarici dövlətlərin vətəndaşları Azərbaycanda gördüklərini artıq öz həmvətənlilərinə danışacaq və turist kimi yalnız buraya gəlməyi məsləhət biləcəklər. Hələ burada ikən, bir çox avropalı və asiyalı Azərbaycan kababından doymadığı, işıqlı şəhər gecələrindən heyrətə gəldiyini, hətta, alov kimi yanan "Baku Flame Towers"in görüntüsündən həyəcanlandığını bildirirdilər.

Göründüyü kimi, "Eurovision-2012" müsabiqəsi bütövlükdə, Azərbaycan üçün qürurverici hadisəyə çevrildi. Bu mədəniyyət yarışması ilə bağlı xatirələr daimi olaraq, həm azərbaycanlıların, həm də xarici qonaqların yaddaşına yazıldı. 20 illik müstəqillik dövrü olan ölkəmizin tarixində silinməz iz buraxan "Eurovision" Azərbaycanın sivil, demokratik və mədəni Avropa dövləti olduğunu isbatladı. Dünya mətbuatının və "Eurovision" pərəstişkarlarının da qeyd etdikləri kimi, "Eurovision-2012" bu yarışmanın tarixində ən möhtəşəmi oldu. Bu səbəbdən də, hər bir vətəndaş azərbaycanlı olması ilə fəxr edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə