Güzgülər: Elm, mistika, tarix və folklor arasında sirlərlə dolu bir dünya

İllüziya yoxsa gerçək?

Güzgülər insan həyatında həm adi məişət əşyası, həm də minilliklər boyunca sirli qüvvələrlə əlaqələndirilən mistik bir rəmz kimi mövcud olub. Onlar həm işığı əks etdirir, həm də insan şüurunun, qorxularının, inamlarının və miflərinin mərkəzində dayanır. Bəzi xalqlarda güzgü “şəxsin daxili dünyasına açılan qapı” sayılır. Başqasının güzgüsünə baxmağın onun taleyinə qarışmaq, şəxsi sahəsinə daxil olmaq, evin enerjisini pozmaq kimi mənalar daşıdığına inanılır.Bu araşdırmada güzgülərin çoxqatlı mahiyyətinə elmdən tutmuş, tarixə, folklora və mistik inanclara qədər geniş nəzər salmağa çalışacam.

Elmi baxış: Güzgü necə işləyir?

Elmə görə güzgü sadəcə işığı çox yüksək dərəcədə əks etdirən hamar səthdir. Lakin bu sadə mexanizmin arxasında maraqlı proseslər dayanır. Əks olunma prinsipi. Güzgünün səthi adətən alüminium və ya gümüşlə örtülmüş şüşə, işıq şüalarını minimal itki ilə geri qaytarır. Buna specular reflection, güzgüvari əks olunma deyilir.

Güzgü beynimizə necə təsir edir?

Elmi araşdırmalar göstərir ki, insan güzgüyə baxanda beynin özünü tanıma ilə bağlı sahələri aktivləşir. Güzgü insanın özünüdərk səviyyəsini artırır, davranışını daha nəzakətli edir. “Güzgü neyronları” deyilən xüsusi neyronlar güzgü qarşısında emosiyaları daha güclü hiss etməyə səbəb olur. Yəni güzgü insan psixologiyasına sadəcə görüntü ilə deyil, dərin neyroloji təsirlərlə də təsir edir.

Güzgünün minilliklər boyunca inkişafı

Güzgü ilə bağlı folklor inancları dünyanın demək olar ki, bütün xalqlarında mövcuddur. Hətta bəzən bir-biri ilə tam əks fikirləri belə əhatə edir.

Güzgülərin tarixi insan mədəniyyətinin öz inkişafına paralel şəkildə dəyişib. Məsələn, Azərbaycan və türk inanclarında gecə güzgü sındırmaq uğursuzluq gətirir. Yeni gəlinlərin toy günü güzgüyə baxması rifah rəmzi sayılır. Həmçinin nəzərdən, pis gözdən, pis nəfsdən qorunur. Evdə güzgünü qapı qarşısına assan, pis nəzər geri dönər. Uşaqların uzun müddət güzgüyə baxmaları ruh çaşqınlığı yaradır.

Qədim dövrlərdə Misirlilər ilk güzgüləri cilalanmış metaldan hazırlayırdılar. Şumerlər və Misir kahinləri güzgünü müqəddəs əşyalar arasına daxil etmişdilər.

Orta əsr Avropasında güzgülər lüks əşya hesab olunurdu və aristokrat ailələrdə olurdu. Güzgü qırılması 7 il uğursuzluq deməkdir. Hətta onların “ruhlara pəncərə” olduğuna inanılırdı. Vampirlərin güzgüdə görünməməsi onların ruhsuzluğu ilə izah olunur. Güzgülər cinləri və kabusları əks etdirdiyinə görə yuxusuzluğa səbəb ola bilər.

Venesiya dövründə, 16–17-ci əsrlərdə Venesiya güzgü istehsalı ilə dünyada məşhur idi. Venesiya güzgüləri o qədər dəyərli idi ki, ustaların sirləri açmaması üçün ciddi nəzarət vardı.

Çin folklorunda isə güzgü pis ruhları zəiflədən güclü qoruyucudur. Evə daxil olan ruhlar ilk olaraq güzgüyə baxır, burada öz çirkinliklərini görüb geri çəkilirlər. Çinlilər tunc güzgüləri bəzən sirlər, əfsunlar və qoruyucu yazılarla naxışlayırdılar.

Slavyan inanclarında güzgüyə su ilə baxıb gələcəyi görmək ən qədim fal üsullarından hesab olunurdu. Gecə saat 12-də güzgü qarşısında şam yandırmaq təhlükəli sayılırdı.

Müasir dövrdə isə güzgülər teleskoplardan lazer sistemlərinə qədər çox sahədə istifadə edilir. Yəni güzgü həm qədim inancların, həm də müasir elmin bir hissəsidir.

Mistika: Güzgü başqa aləmlə əlaqə qapısı kimi

Güzgülər mistik ənənələrdə bəlkə də ən çox qorxuyla qarışıq hörmət doğuran əşyalardan biri idi. Bir çox ezoterik və okkult təlimlərə görə güzgü sərhəd qapısı kimi, yəni fiziki dünya ilə qeyri-fiziki aləm arasında pəncərə, ruhların görüntüləndiyi sahə, enerji keçid qapısı hesab edilirdi.

Mistik inanclara görə gecə insanın enerjisi daha zəif olur və güzgü bu zəifliklə oynayaraq “kölgə varlıqlarını” göstərə bilər. İnsanın aura sahəsində qarışıqlıq yarada, yuxu aləmi ilə real aləm arasındakı sərhədi poza bilər. Buna görə də nənələrimiz gecə güzgüyə baxmağı qadağan edirdi.

İnanclara görə hər insanın öz enerjisi var və güzgü həmin enerjini yadda saxlayır. Güzgü mənfi enerjini özünə çəkə bilir. Uzun müddət eyni yerdə qalan güzgü gərginliyi yığır və mütəmadi təmizlənməlidir. Güzgü qarşı-qarşıya qoyulmamalıdır, bu “sonsuz enerji dövrəsi” yaradır və evdə negativlik artır.

Başqasının güzgüsünə baxmaq olmaz. Çünki başqasının güzgüsünə baxdıqda öz enerjini həmin güzgüdə qoyursan, güzgüdə olan başqa enerjiləri isə özünə çəkirsən. Bu, insanın enerjisinin tükənməsinə, özünü halsız hiss etməsinə səbəb ola bilər.

Çox qədim adətlərdən biri də qonaq gedən kimi güzgünün təmizlənməsidir. İnanclara görə evinizə gələn qonaq evdəki güzgüyə baxanda öz enerjisinin bir hissəsini güzgüdə qoyur,ev sahibinin enerjisindən də özünə götürür. Xüsusilə ağır enerjili insanlar gəlibsə qonaq gedəndən sonra dərhal güzgüdən “enerji izini” təmizləmək lazımdır.

Qədim inanclardan biri də çatlamış güzgülərdir. Çatlamış güzgünü evdə saxlamaq olmaz. Çünki çat güzgüdə enerjinin pozulması deməkdir. Evdə uğursuzluq və anlaşılmazlıqlar yarada bilər. Görüntü parçalandığı üçün “tale parçalanması” hesab olunur.

Güzgü evdə düzgün yerdə olmalıdır. Məsələn, güzgü enerjini çəkdiyi üçün yatağın qarşısında olmamalıdır. Qapının qarşısındakı güzgü uğuru geri qaytarır, güzgü evə işıq salan yerdə olmalıdır.

Tarixi və folkloru bir kənara qoysaq, güzgü həmişə insanın öz ruhuna metaforik bir pəncərə olub. Psixoloqlar deyir ki, güzgü insanın həm güclü, həm də zəif tərəflərini görməyə məcbur edir. Güzgü qarşısında özünü dərk etmək şəfa prosesinin bir hissəsinə çevrilə bilər.

Güzgü haqqında mistik inanclar çox vaxt insanın öz daxili qorxularının simvolik ifadəsidir. Həmçinin güzgü minilliklərdir öz yerini qoruyan bir simvoldur. O, həm işığı əks etdirir, həm də insanı ən dərin suallarla qarşı-qarşıya qoyur. Mən nəyi görməkdən qorxuram? Güzgü mənə həqiqəti, yoxsa illüziyanı göstərir?”

Tünzalə İsmayılova

Bütün xəbərlər Facebook səhifəmizdə