Səfərbər olub, ağ ölümə yox deyək!

Narkomaniya - Ağ ölüm! Bu ifadələr, bu deyimlər cəmiyyətimizdə səsləndikcə normal həyat tərzi keçirən hər bir insan üçün nə qədər tükürpədici və son dərəcədə iyrənc, qorxunc səslənir. İstər-istəməz düşünürsən ki, bu xəstəliyə düçar olanları heç kim məcbur etməyib, onlar özləri bilərəkdən bu narkomaniyanın toruna düşüblər və sonda ölüm kabusu sayılan bu cəhənnəm torundan çıxmaq çox çətin olur və əksər hallarda da heç çıxmaq olmur. Bununla bağlı bütün bəşəriyyət mütəmadi olaraq həyəcan təbili çalmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatı bu bədnam, iyrənc vərdişlərin ölümlə nəticələnməsini, özü də çox hörmətsiz və biyabrçı ölümlə nəticələnməsini hələ də narkamanlara izah etməkdədirlər. Ancaq neynəməli? Boyük Tanrının bunlara bəxş etdiyi ömürü, Tanrı buyurduğu kimi yaşaya bilmirlər. Çox təəsuflər olsun ki, bu təhlükəli xəstəliyin sayı günü- gündən artmaqdadır. Necə etmək lazımdır ki, bu xəstəliyin kökü tamam kəsilsin və yaxud heç olmasa qismən olsa da azalsın. Bu və bəzi suallara cavab tapmaq üçün yollandım Mingəçevir Şəhər Rayolararası Narkoloji Dispanserə. Dispanserdə əvvəlcədən çox yaxşı tanıdığım, şəxsiyyətinə və savadına bələd olduğum Nurəddin həkimlə görüşdüm. Onu da qeyd edim ki, Nurəddin həkim çox sadə və təvazökar bir insandır. O, gəlişimin məqsədini biləndə çox sevindi və bildirdi ki, bu işdə maarifləndirmə, təbliğat işinin aparılması çox vacibdir. Burada mətbuatın da roluna çox böyük ehtiyac var. Az keçmədi ki, Dispanserin digər həkimi Eldar Mustafayev də bizim söhbətimizə qoşuldu.

İlk öncə bu cəfakeş insanlarla oxucuları daha yaxından tanış etmək istəyirəm.

Qısa tanışlıq: Nurəddin Rizvan oğlu Ələkbərov 1958-ci ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub. Orta təhsilini də həmin qəsəbədə alıb. 1975- ci ildə Azərbaycan Dövlət Tibb İnstituna qəbul olub. 1982- ci ildə İnstitutu bitirib. 1985-ci ildən həkim narkoloq kimi fəaliyyətə başlayıb. 1992-ci ildən isə bu Dispanserin baş həkimidir. Ailəlidir. Beş övladı var.
Eldar Oruc oğlu Mustafayev 1960-cı ildə Mingəçevirdə doğulub. Orta təhsilini də bu şəhərdə alıb. 1977-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olub. 1984-cü ildə İnstitutu bitirib. 1987-ci ildən Dispanserdə həkim narkoloq vəzifəsində işləyir. Ailəlidir, iki övladı var.
İlk sualım Nürəddin həkimə oldu.

- Nurəddin həkim bəşəriyyətin hələ də böyük əziyyət çəkdiyi narkomaniyanın tarixi haqqında nə deyə bilərsiniz?
- Belə götürəndə narkomaniyanın tarixi çox qədimlərə qədər gedib çıxır. Amma narkomaniyi özü təxminən XIX əsrin axırlarında təbabət üçün aşkarlanıb. Bunu da törədən səbəb tütün məhsulları olduğu müəyyənləşib. Belə ki,tütün məhsulu əsasən ağır xəstələrdə ağrıkəsici kimi istifadə olunub. Bu xəstəlik də demək olar ki, tütünçülüyün əsas Vətəni sayılan Kolunbiyadan gəlib. Belə ki, XVIII əsrə qədər Kolunbiyadaki qədim tayfalar bu tütündən kor təbii şəkildə istifadə ediblər. Beləliklə, XVIII əsrin axırlarında tütünün kimyəvi tərkibi aşkarlanıb. Ona narkotik “narke” sözündən götürülən yunan dilində ad verilib. Tərcümədə isə mənası “yuxu” “bihuşluq” deməkdir. Və ya “mania” ,“cəzbetmə”, “ağılsızlıq” da deməkdir. Bax görürsünüzmü? Bu, təcrümədə “ ağılsızlıq” mənasını da verir. Deməli, ondan kor-təbii, sui istifadə insanda istənilən xoşagəlməz , bədbəxt, ağılsız anlar da yaşada bilir.

- Nədənsə narkotikaya aludəçilik yeniyetmə və gənclərdə daha çox müşahidə olunur. Eldar həkim sizcə bu nədəndir?
- Düz deyirsiniz. Bunun da bir çox mühüm səbəbləri var. Əsas də valideyn diqqətsizliyidir. Bu, birmənalı olaraq belədir.Valideynlərin hansınınsa pisixiaktiv maddələrdən istifadə etməsi natamam aillər, ailədaxili konfliktlər uşaqların narkomaniyaya meylini artırır. Hətta imkanlı ailələrdə də bu hal daha çox müşahidə olunuyr. O cümlədən gənclərin yaşadığı sosial mühit, onların əsas əhatə dairəsi də bu xəstəliyin yaranmasına səbəb ola bilir. Digər tərəfdən şəxsin pisixi-natamamlıq kompleksi olarsa məsələn həya, utancaqlıq, ünsiyyət qurma bacarığının aşağı olması da gəncləri bu vərdişlərə meyilləndirə bilər. Belə ki, bu gənclər belə düşünürlər ki, qoy bunu qəbul edim yaxşı aktiv danışa bilim və yaxud kiminləsə yaxşı ünsiyyət qurum. Əlbəttə, bunu onlar belə düşünürlər, ancaq bu belə deyil! Narkotik vasitə istifadəçiləri öz maddi çətinliklərinin qarşısını ödəmək üçün yeni-yeni gəncləri-xüsusən də imkanları öz əhatələrinə salmaq istəyirlər və əksər hallarda da bunu bacarırlar. Buna nail olurlar. Hər bir xəstəliyin müalicəsi onun qarşısının alınmasından daha çətindir. Ona görə də bu xəstəliklərin praflaktikasını aparmaq çox vacibdir. Biz həkimlər də bunun qarşısısnı almaq üçün bütün vasitələrdən istifadə edirik. Əksər hallarda isə biz, hüquq mühafizə işçiləri və müəllimlərlə birlikdə məktəblərdə və bir çox iş yerlərində, müəssisələrində oluruq. Narkotikanın bütün zərərini, onun dəhşətli ölüm təhlükəsi olduğunu insanlara dərindən izah edirik. Bəli, maarifləndirmə bu zərərli vərdişlərin qarşısını almaq üçün əsas şərtlərdən biridir. Həm də bu, çox vacibdir.

- Heç olmasa bunun bir nəticəsi olurmu?
- Əlbəttə, olur. Əksər hallarda isə valideynlər uşaqlarını anonim olaraq müayinə etdirmək üçün dispanserə vaxtaşırı müraciət edirlər və bunun da müsbət nəticələrini görürlər. Diqqətsizlik, biganəlik onları heç də xoş olmayan dəhşətli gələcəyə sürükləyə bilər.

- Nurəddin həkim ümumiyyətlə narkotikanın ən pis fəsadları nədir?
- Birincisi narkotikin ən pis təsiri mərkəzi sinir sistemindədir. Belə ki, o bütün sinir sisteminə öldürücü təsir edir. Bununla da bütün sinir ehtiyatları tükənir. Beləliklə, sinir hüceyrələri məhv olur. Bununla da insanda ensefalopatiya- ruhi əsəb pozuntusu, hətta ağıl zəifliyi yaranır. Orqanizimdə labarator funksiyanı yerinə yetirən qara ciyərə toksiki təsir edərək, onun hüceyrələrini parçalayır-piy distrofiyası- yəni serroz yaranır. Ümumiyyətlə narkotik vasitələr toksiki maddələr olduğu üçün hər bir orqana öldürücü təsirlər edir və ayrı-ayrı infeksion xəstəliklərin (QİTS və başqa hepotitlərin) narkomanlar arasında yayılma ehtimalını daha da yüksəkdir. Bu asılılığın qarşısını almaq üçün birinci müalicə və reabitasiya yalnız güclü iradə hesabına olur. İradə də insanların çoxunda olmadığına görə bu çox çətin olur. Son vaxtlar isə bizə ən çox müraciət edən xəstələr spirtli içki aludəçiləridi. Spirtli içkiyə alüdə də elə narkomaniya deməkdir. Bu da nartokik vasitələr kimi insan orqanizmində pis fəsadlar törədir. İnsanda ölüm riskini artırır. Narkomanların və spirtli içkiyə alüdəçi olanların ən pis xüsusiyyətləri odur ki, onlar özlərini gizlətməyə çalışırlar və xəstəliklərini heç kimə bildirmək istəmirlər. Bu da əlbəttə ki, xəstəliyin daha da ağırlaşmasına səbəb olur. Biz, ictimayyətlə keçirdiyimiz görüşlərdə də, mətbuatlardakı çıxışlarımızda da dəfələrlə demişik və bir daha da deyirik ki, bu müalicələr anonim saxlanılır! Biz, spirtli içkiyə, narkomaniyaya və siqaretə alüdə onları çox müvəfəqiyyətlə müalicə edib abstepepsiya vəziyyətindən (“lomka”) çıxarıb müvafiq məsləhətlərlə reabitasiya yerlərinə göndəririk, pisxoloqlar, pisxoterepevlərin nəzarətinə veririk. Psixoloqlar, psixoterapevtlər də həmin adamlarla geniş söhbətlər aparır və müalicə üsulları tətbiq etməklə həmin adamları o pis vərdişlərdən uzaqlaşdıra bilirlər. Buna görə ilk öncə sağlam yaşamaq istəyi həmin adamların özündə olmalıdır. Axı yaşamaq insana yalnız bir dəfə verilir. İnsan da çalışmalıdır ki, həmin həyatı mənalı, gözəl yaşasın. Özünün xoş əməllərilə insanlara gərək olsun. Mən, qətiyyətlə deyə bilərəm ki, spirtli içkiyə, narkomaniyaya və siqaretə meyilli adamlar heç vaxt mənalı həyat yaşaya bilməzlər.

- Eldar həkim pisxoaktiv maddələr nədir?
- Pisxiaktiv maddələr sinir sisteminə təsir edən xoş subyektiv hisslər yaradan maddələrdir. Narkotik maddələrdən fərqli olaraq bu maddələrin satışına dünya və ölkə qanunvericiliyinə görə qadağa qoyulmur. Çünki bir çox xəstəliklərin müalicəsində bu maddələrdən geniş istifadə olunur. Bu da yalnız həkim təyinatı ilə olur. Lakin ondan həkim təyinatından kənar sui istifadə edilərsə , bu da çox pis fəsadlarla nəticələnə bilər. Bu da insanda narkotikdən asılılıq yarada bilir, noksikomaniyaya səbəb olur. Bir sözlə demək istərdim ki, narkomaniya yalnız xəstəlik olmayıb, həm də şəxsiyyətin hərtərəfli zədələnməsi deməkdir. Bu xəstəlik adamda ağır əxlaqi psixoloji nəticələrə qədər gətirib çıxarır. Bu şəxslər nəinki fiziki sağlamlıqlarını, həm də ülvi hislərini, mənəviyyatlarını belə itirirlər. Onlarda həyəsızlıq, qəddarlıq, vicdansızlıq yaranır və həyatda heç bir amalı, məqsədi, arzusu olmayan bir varlığa çevrilirlər. Onların yaxınları ilə münasibətləri gərginləşir. Aralarında kəskin konfiliiklər yaranır. Bəzən də onların hüquqa zidd əməlləri meydana çıxır. Bu xəstəliyin ən pis xüsusiyyəti odur ki, onun insan mənəviyyatında yaratdığı dəyişiklik bərpa olunmur və onunla həmişəlik qalır. Bu da şəxsiyyətin tənəzzülüdür. Mən bir daha vurğulamaq istəyirəm ki, narkotika nəinki şəxsiyyəti alçaldır, həm də onu tənəzülə uğradır. O insan orqanizmasındakı əsas orqanları tam parçalayır və məhv edir. Orqanizmin sinir sistemini, immun sistemini parçalayır. Ürək və ağciyərləri tam sıradan çıxarır. Bu xəstələrin çoxu imkanları zəiflədikcə ucuz narkotiklərdən istifadə edərək və çox vaxt da narkotikləri özləri hazırlayırlar. Onlar hətta sirkə anhidridi və kimyəvi həlledicilərdən istifadə edərək narkotik maddələri özləri hazırlayırlar. Orqanizmə daxil olan bu kimyəvi maddələr nəinki qara ciyər toxumasını dağıdır, o cümlədən orqanizmin immun sisteminin zəifləməsinə səbəb olur. Beləliklə, orqanizmin digər xəstəliklərə müqaviməti zəifləyir.Uzun müddət narkotik maddələrdən, siqaretdən, spirtli içkilərdən istifadə edən şəxslərdə ağciyərə qətranın təsiri nəticəsində çox vaxt ağciyər xərçəngi yaranır. Bütün bunlar narkomaniyanın necə ağır xəstəlik olduğunu göstərir. Ən dəhşətlisi budur ki, hər bir narkoman ətrafındakı bir neçə nəfəri də xəstələndirə bilər. Xəstəliyə qarşı mübarizə yalnız xəstəliyin müalicəsi ilə deyil, o cümlədən əsas fikir, məqsəd cəmiyyətin digər təşkilat və orqanları tərəfindən əhalinin, əsasən də yeniyetmələrin maarifləndirilməsinə, narkotik vasitələrin yayılmasının qarşısının alınmasına yönəldilməlidir. Bu işdə bütün dövlər orqanları bizə lazım olan kimi kömək etməlidirlər.

- Belə başa düşürəm ki, bu xəstələr daima nəzarətdə olmalıdırlar?
- Adi həyatda daimi nəzarət həmişə mümkün olmur. Lakin, tibbi praktika göstərir ki, narkomaniyadan müalicə olmaq çox çətindir. Həm də narkotikdən asılılıq ondan bir və ya bir neçə dəfə istifadə etməklə baş verir. Lakin onun caynaqlarından qurtarmaq çox az adama nəsib olur. Hətta narkotikdən can qurtarmaq barədə güclü iradə yaranarsa da bunu etmək çox çətin və uzun müddət tələb edir. Bu problemi həll etmək də çox az adama nəsib olur. Buna görə də ən yaxşı həll yolu ona toxunmamaqdır! Yəni ondan istifadə etməməkdir. Amma spirtli içkidən və siqaretdən qurtulmaq mümkündür. Buna görə də ilk öncə insanda böyük iradə və yaşamaq eşqi yüksək olmalıdır.

- Nurəddin həkim, bu dəhşətli narkomaniya xəstəliyin statiskası barədə nə deyərdiniz?
- Çox təəssüf hissi ilə demək istəyirəm ki, bütün səy və bacarıqlarımıza baxmayaraq, bu xəstəliyin əhatə dairəsi genişlənməkdədir.Ümumdünya Səhiyyə Təşkilatının yaydığı hesablamalara görə dünya 16 milyona yaxın insan inyeksion narkotiklərdən istifadə edir, onlarında 3 milyonunda isə qazanılmış immun çatışmamazlığı sindiromu (QİTS) xəstəliyi vardır. Ən acınacaqlı hal budur ki, Azərbaycanda da rəsmi statiskaya görə son beş ildə narkomanların sayı 10 dəfə artıb. Son məlumatlara əsasən ölkədə narkomanların sayı 30 min nəfərə yaxındır. Bu hələ qeydiyyatda olanlardır. Birmənalı olaraq narkomaniyanın yayılması sağlam həyat tərzi üçün çox ciddi təhlükədir. Əvvəllər narkotikdən istifadə təhlükəsi bir neçə ölkə qarşısında dururdusa, artıq vətəndaşlarının narkoizolyasiyanın acı nəticələrini hiss etməyən ölkə demək olar ki, yoxdu. Vaxtı ilə bu problemə diqqət yetirilməməsi, ictimai təhlükəliyininin lazımınca qiymətləndirilməməsi nəticəsində narkomaniya yolxucu xəstəlik kimi insanlar arasında geniş yayıldı. Xüsusən də gənclər arasında yayılaraq, öz ərazisini genişləndirilmiş, yaşadığımız dünyanı dağıtmaq səviyyəsinə qədər gəlib çıxmışdır. Sonda mən onu demək istəyirəm ki, gəlin hamılıqla birlikdə sağlam düşüncəli cəmiyyətimiz səfərbər olub bu ağ ölümə-narkomaniyaya qarşı mübarizəni bacardığımız qədər gücləndirək! Bəşəriyyəti xüsusən də gənclərimizi bu bəladan xilas edək,. Bu, ən azı elə “gənclər bizim gələcəyimizdir” şüarı qədər eynidir. Bir sözlə, gəlin birlikdə səfərbər olub ağ ölümə yox deyək. Qoy “ ağ ölümə birlikdə yox deyirik” şüarı udduğumuz hava qədər, qəbul elədiyimiz qida qədər bizim əsas şüarımız olsun. Biz, yalnız və yalnız bu yolla bu dəhşətli bəlanın qarşısını ala bilərik.

Qabil İBRAHİMLİ,
Jurnalist-publisist

Bütün xəbərlər Facebook səhifəmizdə