“Qeysəriyyə əməliyyatı ciddi tibbi göstərişlərlə aparılmalı olan cərrahi müdaxilədir. Bu, təbii doğuşun mümkün olmadığı və ya həm ananın, həm də körpənin həyatı üçün risklər yarandığı hallarda tətbiq olunur”. Bu sözləri SİA-ya açıqlamasında ixtisaslaşmış həkim, mama-ginekoloq Nailə Əzizova deyib.
“Qeyd etmək lazımdır ki, qeysəriyyə əməliyyatı sıradan bir prosedur deyil – bu, tam narkoz və ya regional anesteziya ilə həyata keçirilən bir əməliyyatdır və hər cərrahi müdaxilədə olduğu kimi, burada da müəyyən risklər mövcuddur.
Əməliyyat zamanı qanaxma, infeksiya, tromboz və ya anesteziyaya qarşı reaksiyalar kimi fəsadlar baş verə bilər. Eyni zamanda, əməliyyatdan sonrakı sağalma müddəti təbii doğuşa nisbətən daha uzun olur və bu müddətdə ana bəzi fiziki məhdudiyyətlərlə qarşılaşa bilər. Həmçinin, növbəti hamiləliklər zamanı yaranabiləcək risklər – məsələn, uşaqlığın cırılması (uterin rüptura) və ya plasentanın yanlış yerləşməsi kimi hallar da nəzərə alınmalıdır.
Bu səbəbdən qeysəriyyə əməliyyatı yalnız zəruri tibbi göstərişlər olduqda aparılmalıdır. Belə göstərişlərə körpənin ana bətnində düzgün yerləşməməsi (məsələn, çanaq gəlişi), dölün iri olması, anada bəzi xroniki xəstəliklərin olması (hipertoniya, şəkərli diabet və s.), əvvəlki doğuşların qeysəriyyə ilə olması və ya doğuş zamanı gözlənilməz ağırlaşmalar daxildir.
Valideynlər, xüsusilə də ana, qeysəriyyə əməliyyatı qərarını verməzdən əvvəl bu əməliyyatın mahiyyətini, potensial risklərini və alternativlərini yaxşı başa düşməlidirlər. Tibbi heyətlə – mama-ginekoloq və anestezioloqla ətraflı müzakirə apararaq, həm ana, həm də körpənin sağlamlığını ön planda tutan ən doğru qərar verilməlidir.
Unutmaq olmaz ki, əsas məqsəd sağlam ana və sağlam körpədir. Ona görə də təbii doğuş mümkündürsə və heç bir əks-göstəriş yoxdursa, bu yol daha üstün hesab olunur. Əməliyyat yalnız zəruri olduqda, peşəkar tibbi nəzarət altında həyata keçirilməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə