“Təbii doğuş edən qadınları qəhrəman adlandırıram” - HƏKİM AÇIQLADI

“Müasir dövrdə bütün ölkələrdə qeysəriyyə əməliyyatlarının sayında artım müşahidə olunur. Müxtəlif ölkələrdə bu göstərici diri doğuşların 5%-dən 50%-ə qədərini təşkil edir. Qeysəriyyə əməliyyatlarının sayının artması hesabına perinatal itkilərin azalması yalnız müəyyən həddə qədər mümkündür. Ümumdünya Səhiyyə Təşkilatının 2009-cu ildə verdiyi tövsiyələrə əsasən, əgər qeysəriyyə əməliyyatlarının payı 15%-dən yuxarıdırsa, bu, artıq perinatal itkilərin azalmasına ciddi təsir göstərmir”. Bu sözləri SİA-ya açıqlamasında İxtisaslaşmış həkim, mama-ginekoloq Nailə Əzizova deyib.

Nailə Əzizova sözlərinə belə davam edib: “Azərbaycanda da son 5 il ərzində qeysəriyyə əməliyyatlarının aparılma tezliyi artmaqda davam edir. Belə ki, 2006-cı ildə bu göstərici 4.5%, 2010-cu ildə 15.5%, 2011-ci ildə isə 19.3% olmuşdur və artan qrafik üzrə davam edir. 2025-ci ildə isə artıq elə bir səviyyəyə çatmışıq ki, təbii doğuş edən qadınlar bəzən "qəhrəman" kimi qiymətləndirilir.

Bunun bir sıra səbəbləri var. Əvvəla, qeysəriyyə əməliyyatı üçün həm mütləq, həm də nisbi tibbi göstərişlər mövcuddur. Mütləq göstərişlərə dölün düzgün olmayan gəlişi, əvvəlki doğuşlardan qalan uşaqlıq çapıqları, doğum yollarındakı anatomik maneələr, ana və dölün ölçüləri arasında uyğunsuzluq kimi halları aid etmək olar. Həmçinin, ekstragenital patologiyaların artması da bu göstərişləri artırır. Məsələn, hipertoniya, preeklampsiya, göz xəstəlikləri, piylənmə, nevroloji problemlər və digər müasir xəstəliklər qeysəriyyəyə səbəb olan amillərdəndir.

Qeysəriyyə əməliyyatı yalnız tibbi göstəriş əsasında, həkim tərəfindən aparılmalıdır. Məqsəd ana və körpəni travmalardan qorumaqdır. Əgər tibbi göstəriş yoxdursa və pasiyent sadəcə təbii doğuşdan imtina edirsə, bu, düzgün yanaşma deyil və həkim məsuliyyət daşıyır.

Təəssüf ki, bu gün təbii doğuşdan qorxular artıb. Ən mühüm səbəblərdən biri həkimlərin pasiyentləri ilə psixoloji hazırlıq və profilaktik dialoqunun zəif aparılmasıdır. Eyni zamanda, sosial şəbəkələrdə yayılan yanlış və şişirdilmiş fikirlər qadınların təbii doğuşdan çəkinməsinə səbəb olur.

Bəzi qadınlar düşünür ki, təbii doğuş onların intim həyatına mənfi təsir edə bilər və bu səbəbdən qeysəriyyə əməliyyatına üstünlük verirlər. Halbuki, heç bir tibbi göstəriş yoxdursa, təbii doğuş həm ana, həm də körpə üçün daha təhlükəsizdir və travma riski azdır. Bu baxımdan, hamilə qadınlara təbii doğuşun üstünlükləri, əhəmiyyəti barədə düzgün məlumat verilməli və mütəmadi psixoloji dəstək göstərilməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə