Pandemiya və müharibə şəraitində böyük fədakarlıq göstərən həkimlərə 1 gün yox, hər gün borcluyuq
Artıq 22 ildir ki, ümummilli lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamına əsasən, hər il iyunun 17-si Azərbaycanda tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu illər ərzində tibb sahəsi kifayət qədər yenilənib, gənc bir respublika üçün səhiyyə strateji məsələ idi və ölkədə səhiyyənin inkişafı üçün lazım olan bütün addımlar atılırdı.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini bütün dünyaya elan etdikdən sonra demokratik hökumətin ilk qərarlarından biri 1918-ci il iyunun 17-də Səhiyyə Nazirliyinin yaradılması oldu. Səhiyyə və sosial təminat naziri postuna Xarkov Universitetinin tibb fakültəsini cərrahiyyə ixtisası üzrə bitirmiş Xudadat bəy Rəfibəyli təyin edildi. Onun rəhbərliyi ilə ölkə ərazisində xəstəxana və poliklinikalar açıldı, yeni tibb müəssisələrinin təməli qoyuldu, gənc həkimlər artdı, xaricdə təhsilə göndərilən peşəkarların sayı çoxaldı. Beləcə, Azərbaycan tibb elmi öz inkişaf yoluna qədəm qoydu.
Azərbaycan tibb işçiləri həmişə tibbi xidmətin keyfiyyətini yüksəltməyə çalışıblar. Əziz Əliyev, Zərifə Əliyeva, Mirməmməd Cavadzadə, Tamerlan Əliyev, Böyükkişi Ağayev, Adilə Namazova, İbrahim Topçubaşov və başqaları kimi tanınmış alimlər Azərbaycan tibb elminə əvəzsiz töhfələr veriblər.
Ümummilli liderin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra başlanmış islahatlar tibb sahəsində də öz bəhrəsini verib, səhiyyənin səmərəliliyinin yüksəldilməsi üçün zəmin yaradılıb, beynəlxalq əlaqələr genişlənib. Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı təkcə paytaxt Bakıda deyil, regionlarda da müasir tibb ocaqlarının açılmasına, köhnə tibb müəssisələrinin bərpasına, müasir avadanlıqla təchiz olunmasına imkan verib. Səhiyyə sisteminin inkişafı, maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsi, infrastrukturun yenilənməsi daim dövlətin diqqət mərkəzindədir.
Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində büdcədən səhiyyəyə ayrılan vəsait ildən-ilə artır. Bu, tibb müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi üçün yeni imkanlar açır, ümumiyyətlə, tibbi yardımı müasir tələblər səviyyəsinə qaldırır.
Son illər ölkəmizdə səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, köklü kadr islahatları və s. sahəsində genişmiqyaslı tədbirlər həyata keçirilib, səhiyyəyə ayrılan büdcə vəsaitlərinin həcmi dəfələrlə artıb. Bütün bunlar isə öz növbəsində səhiyyənin dünya standartlarına uyğun inkişafına, dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıl inteqrasiyasına və yerli səhiyyənin beynəlxalq aləmdə nüfuzunun əhəmiyyətli dərəcədə artmasına zəmin yaradır.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir sıra dövlət proqramlarının həyata keçirilməsində böyük xidmətləri var. Belə ki, 2005-ci il fevralın 8-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Azərbaycanda “Talassemiyasız həyat naminə” layihəsinə başlanıldığını elan edib. Bu proqram Azərbaycanda bu xəstəliyə qarşı mübarizədə dönüş nöqtəsinə çevrildi. Bundan əlavə, Heydər Əliyev Fondu əhalinin sağlamlıq problemlərinin həllində, xüsusilə şəkərli diabet və talassemiyalı xəstələrə qayğı göstərmək, onların müalicəsinin təşkili, qanvermə aksiyalarının keçirilməsi, ana və uşaq sağlamlığının yaxşılaşdırılması ilə bilavasitə məşğul olur.
Yeni növ koronavirus (COVID-19) infeksiyası və 44 günlük Vətən Müharibəsi dövründə ölkəmizin tibb işçiləri həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də yaralı hərbçilərin sağalmasında öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək böyük fədakarlıq göstərdilər.
Son bir neçə ilin tibbi xəbərləri, bu sahədə olan yeniliklər, uğurlu əməliyyatlar, peşəkar müayinə və müalicə barədə yazılanlar və danışılanlar bir sözlə müşayiət olunur– uzman. İşində uğuru olan-olmayan, peşəkar olan-olmayan bir çox həkimlər qonşu Türkiyədə təhsil aldıqdan, bəzən bir neçə aylıq, əksər hallarda isə 2 həftəlik seminar-kurslar keçdikdən sonra ölkəmizə qayıdanda adının qarşısına “uzman” sözünü də artırır. Maraqlıdır, bu söz nə deməkdir və həkimlərimizi bu sözdən asılı vəziyyətə salan hansı maraqlardır?
Uzman sözü Azərbaycan dilindəki ekspert sözünün türkcəsidir. Tibb fakultəsini bitirən hər kəs həkimdir, lakin konkret sahə seçəcəksə, bu sahənin həkimi, müasir dillə desək, uzmanı olmaq istəyirsə 3-4 il həmin sahədə asistentlik etməlidir. Yalnız bundan sonra cərrah, oftalmoloq, pediatr, ginekoloq və s. ola bilər. Yəni qısası, uzman həkim öz sahəsinin eksperti olan həkimlərə deyilir. Qəribə burasıdır ki, əvvəllər bu sahədə baş ağardan, ömrünü peşəsinə həsr eləyən həkimlər yalnız uzun illərdən sonra özünü öz sahəsinin eksperti hesab edirdi. Daha doğrusu onu cəmiyyət, tibb aləmi ekspert hesab edirdi, o özünü belə adlandırmırdı. Amma indi ali məktəbi yenicə qurtarmış, qonşu Türkiyədə bir-iki kurs təlimatı oxuyub lovğa-lovğa ölkəmizə qayıdan bütün gənc həkimlər özünü “uzman” adlandırır.
Uzman sözündən başqa yerli həkimlərimizin sevdiyi başqa bir titul da var– operatör. Bu sözü də Türkiyədə təhsil almış həkimlərimiz adlarının qarşısından əskik etmirlər. Televiziyalara müsahibə verən, qəzet-jurnalda boy göstərən bu həkimlər jurnalistlərə təqdimat zamanı adının qarşısına “operatör” yazmağı bərk-bərk tapşırırlar. Bu sözün Azərbaycan dilində mənası cərrahi müdaxiləyə ixtiyarı olan həkim deməkdir, yəni cərrah. Amma müşahidələrimizdən belə nəticəyə gəldik ki, cərrahi müdaxilə etmək ixtiyarı olmayan gənc həkimlər də bu tituldan istifadə edir. Ona görə də bu sahəyə ciddi nəzarət mexanizmi tətbiq eləmək lazımdır. Titul yox, həqiqi savad nümyiş etdirən həqiqi həkimlər, var olun!
Lalə Mehralı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB