Düzgün ixtisas seçimi necə edilməlidir?

“Düzgün ixtisas seçmək üçün ilk növbədə ötən illərin qəbul ballarına, plan yerlərinin sayına diqqət etmək lazımdır. Eyni zamanda abitruyentin yığdığı bal onun seçmək istədiyi ixtisasın bir il öncə olan keçid balı ilə uyğunluq təşkil edərsə bu zaman həmin ixtisas üzrə təhsil ala bilmək imkanı, biraz daha artmış olur”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov bildirib.

Onun sözlərinə görə, bəzən olur ki, ixtisas seçimi etdikdə abitruyentlər öz talelərini şansa buraxırlar: “Lakin belə olanda bəzən nə qədər yüksək bal toplasa belə abitruyent ali məktəbə qəbul olmaya bilir. Bunun səbəbi isə ixtisasın düzgün seçilməməsi və balının olduqca yüksək olmasıdır. Hətta keçid balı bu il 600 bal olan ixtisasın, gələn il üçün keçid balı 650 ola bilər. Eyni zamanda həmin ixtisas üzrə müraciət edənlərin sayı çox ola bilər. Eyni zamanda abitruyentlər ixtisas seçimi etdikdə mütləq gələcəklərini, bu ixtisas üzrə iş tapa bilmək potensialını da nəzərə almalıdırlar. Lakin yenə də düzgün ixtisas seçməklə bağlı dəqiq bir proqnoz vermək olmur.
Əlbəttə ki, gələcəyin ixtisasları olaraq İT, müasir rəqəmsallaşma və.s üstünlük vermək lazımdır. Eyni zamanda elə ixtisaslar var ki, bir neçə ixtisasın kəsişməsindədir. Mütləq ixtisas seçimi etdikdə müasir texnologiyaların da inkişafını nəzərə almaq lazımdır. Xüsusilə hazırkı dövrdə inkişaf o qədər sürətlidir ki, 5 ildən sonra bu inkişafın tempi daha yüksək səviyyədə olacaq. İndi inkişaf elə bir səviyyədədir ki, insan bir ixtisası mənimsəyib, ömrünün sonuna qədər o ixtisas üzrə çalışa bilməyəcək. Bu isə ən azı 5 ildən bir ixtisas yenilənməsinə səbəb olur. Təbii ki, ixtisas dəyişiminin belə bir sürətlə həyata keçirilməsi də müsbət bir haldır. Çünki bu insanın ömrü boyu təhsil alması, inkişaf etməsinə səbəb olur.
Bunlardan əlavə şəkildə ixtisas seçimi ilə bağlı başqa bir proqnoz vermək mümkün deyil. Amma bütövlükdə inkaf meyli haradırsa, onu müəyyənləşdirmək lazımdır.
Yeni nəsil gənclər isə tamamilə fərqlidir. Çevik, məntiqi düşüncəyə sahib olan gənclər təbii ki, düzgün qərar qəbul edərək, yeni ixtisasları mənimsəməkdə çətinlik çəkməyəcəklər”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə