Magistraturaya qəbul çətinləşir? EKSPERTLƏR AYDINLIQ GƏTİRDİ

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci il fevral ayının 20-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyən bakalavrlar üçün magistratura pilləsinə qəbul imtahanı keçiriləcək. Magistratura pilləsinə qəbul bu il də test üsulu ilə keçiriləcək. Lakin sosial şəbəkələrdə müzakirə olunan aktual mövzu 2024-cü ildə Magistratura pilləsinə qəbulda olunan dəyişikliklərdir. Burada xarici dilə qoyulan yeni tələblər “reading, writing, speaking” nəzərdə tutulur. Mövzu ilə əlaqədar SİA olaraq ekspertlərin fikirlərini öyrənməyə çalışdıq.

Təhsil eksperti Kamran Əsədov qeyd edib ki, Azərbaycanda magistratura pilləsinə test üsulu ilə qəbul imtahanları 2006-cı ildən etibarən keçirilməyə başlayıb : "2006 ilə qədər Unversitetlərdə qəbul həyata keçirirdilər. Magistratura üzrə imtahanlar mütamadi olaraq forması dəyişir. 2019-cu ilə qədər iki mərhələli imtahan keçirilməyə başladı. Birinci mərhələdə məntiq, informatika, xarici dil üzrə keçirilir. İkinci mərhələdə isə ixtisas fənni üzrə test imtahanı verirdilər. 2019-cu ildən sonra bu imtahanlarda yenidən dəyişiklik oldu. İndi yalnız 100 test üzrə məntiq, xarici dil, informatikadan bakalavrlar imtahan verirlər. 2024-cü ildə xarici dildən imtahanda digər qabiliyyətlər də “reading, writing, speaking” bacarıqları da yoxlanılacaq. Bu, düşünürəm ki, tələb olunmalıdır. Çünki magistratura pilləsində olanlar elmi məqalə yazanda bu bacarıqlar zəruri olacaq. Ali təhsil müəssisələrində təhsil alanlar xarici dili yalnız əzbərləyirlər. Müəyyən sözlər əzbərləyirlər, qramatik qaydaları oxuyurlar. Bu zaman tələbələrdə “reading, writing, speaking” kimi digər bacarıqları olmur. Amma, artıq müasir dövrün tələb etdiyi zəruri bacarıqlar halına gəlib. Eyni zamanda, elmi tədqiqatlar üçün bu bacarıqlara yiyələnmək vacibdir. Bəzən biz görürük ki, qəbul imtahanında yüksək bal toplayanlar ingilis dilində özlərini təqdim edə bilmirlər. Məhz bu bacarıqlar ona görə olmur ki, qəbul imtahanlarında yalnız əzbərlənmiş informasiyalar yoxlanılır. Yəni, test üsulu imtahan ilə xarici dil biliyinə tam nail olmaq olmur. Yalnız qayda və söz bazası yoxlanılır. Amma danışıq, dinləmə, yazma, anlama kimi kompintensiyalar yoxlanılmır. Hesab edirəm ki, bakalavr pilləsini bitirənlərdə və elmi işlə məşğul olanlarda bu bacarıqlar olmalıdır. Bu qərar dəstəklənməlidir. Bu, Azərbaycan elminə müsbət töhfəsini verəcək. Ona görə ki, magistratura pilləsinə verən şəxslər rahatlıqla yazma, danışma dinləmə bacarıqlarına da yiyələnəcəklər".

Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, bakalavrlara magistr imtahanı yaxınlaşır: "Təklif olunan dəyişikliklər, eyni zamanda, yayılan məlumatlar qeyri-narahatlıq doğurur. Lakin məsələ bundan ibarətdir ki, bu prosesə birdən-birə keçirilmir. Tədricən dəyişikliklər baş verir. Doktoranturaya qəbulda da bu cür dəyişiklik oldu. İLTS səviyyəsində sertifikatlar tələb olundu. Birdən-birə baş verdiyi üçün xeyli sayda doktoranturaya hazırlaşanlar seçimlərində dəyişiklik etməli oldu. Çünki bu tələblərə bütün iddiaçılar cavab vermirdi. Amma magistrlar üçün İLTS üçün xarici dildən bilik tələb olunması, sadəcə olaraq, fikirlərdir. Düşünürəm ki, bu formaya keçid təmin olunacaq. Çünki bizim alimlərin xarici dil bilgisi ilə bağlı ciddi problemləri var. Yeni nəsil elm adamlarının formalaşması üçün mütləq şəkildə xarici dili bilməsi vacibdir. Həm elmi ədəbiyyatların ingilis dilində olması ümumilikdə beynəlxalq təcrübə, beynəlxalq magistratura proqramından tələblər mütləq şəkildə İETS sertifkatının olmasını zəruri edir. Çox güman ki, bizim magistrlər üçün bunlar tələb olunacaq. Amma magistratura sənəd verən bakalavrların həm yazma, həm də danışma qabilliyyətinin yoxlanılması dövlət imtahan mərkəzinin son dəyişikliyi, düşünürəm ki, güzgün dəyişiklikdir. Qeyd edim ki, magistratura səviyyəsi, əslində, təhsilin daha yüksək səviyyəsidir. Çünki tədqiqatlara daha yaxşı çıxış etmək olar. Magistrlara bu tələbin qoyulması nitq, danışıq, yazma bacarıqlarının olması çox vacib məqamdır. Artıq zaman yetişib ki, biz bu cür tələbləri təmin edə bilək. Dövlət İmtahan Mərkəzinin bu qərarını düzgün hesab edirəm və dəstəkləyirəm".

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə əlaqədar danışıb ki, bəli, belə bir qərar verilib: "Qərarın 2024-cü ildən tətbiqi nəzərdə tutulur. Əlbəttə, bu qaydanın tətbiqi ümumi araşdırma nəticəsində irəli sürülüb. 2019-cu ildən etibarən ölkədə yeni üsulla qəbul imtahanları keçirilir. Bu zaman abituriyentlərin xarici dil bilikləri həm oxuyub anlama, həm də dinləyib anlama üzrə qiymətləndirilir. Həmin dövrün abituriyentləri bakalavr pilləsi üzrə qəbul olarkən, artıq bu format barədə məlumatlıdırlar deyə, onların bakalavr pilləsindən magistr pilləsinə keçid üçün verəcəkləri qəbul imtahanında xarici dil üzrə hər hansı bir narahatlıq keçirəcəklərini düşünmürəm. Nəzərinizə çatdırım ki, artıq bir çox ali təhsil müəssisəsində ixtisaslarda tədris ingilis dilində aparılır. Bu, bir növ dövrün tələbi olmaqla yanaşı, həm də zərurətdən irəli gəlir. Bu anlamda bakalavr pilləsində təhsil alan və magistratura pilləsinə qəbul olmaq istəyən tələbələrin xarici dil biliklərinin yüksək olması vacibdir. Qaldı ki İLTS və yaxud da TOEFL və digər xarici dil üzrə beynəlxalq qiymətləndirmə meyarlarına bənzətməyə, fikrimcə, magistraturaya qəbul imtahanını onlarla müqayisələndirmək düzgün deyil. Hər il magistratura pilləsinə qəbul üzrə 10-20 min arası sənəd verən var. Ən yüksək göstərici 19764 nəfər ötən il qeydə alınmışdı. Ayrılan plan yerindən təxminən 7-8 min nəfər çox bakalavr imtahana qatılıb. Bu qədər marağı nəzərə alıb birdən-birə çətinlik səviyyəsi artırılan imtahan və qiymətləndirmənin aparılması doğru olmaz".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə