Sülh, Sabitlik və Rifah – Cənubi Qafqazın yeni reallığı

“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında Ağ evdə, Prezident Donald Trampın iştirakı ilə keçirilən görüşdə regiona üç onillikdən sonra sülh, sabitlik və firavanlıq gətirəcək, tarixi sənəd - üçtərəfli, Birgə Bəyannamə imzalandı. Bu sənədin özü qədər, Vaşinqton formatı da regionda diplomatik balansın dəyişməsi deməkdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvanə Vəliyeva deyib.

Pərvanə Vəliyeva sözlərinə belə davam edib: “Tramp qeyd edir ki, bir çox dövlət, təşkilat, rəhbər bu iki ölkə arasında sülhə nail olunmasına çalışıb: ATƏT, Avropa İttifaqı, “yuxulu” Bayden. Ancaq heç bir dövlət, qurum, heç bir Ağ Ev rəhbəri bu sülhdə vasitəçi olmağa və bunu həqiqətən gerçəkləşdirməyə nail ola bilməyiblər.

Görüşdə diqqət çəkən məqamlardan biri Prezident Trampın bu Sülhə nail olunmasında oynadığı böyük rolun və dəstəyin qarşılığı olaraq, ona ehtiram əlaməti olaraq, Trampın Prezident İlham Əliyev tərəfindən səsləndirilən təkliflə “Nobel Sülh mükafatına” namizəd kimi göstərilməsi oldu. Dövlət başçımızın təklifi əsasında Ermənistanla birgə mükafat komitəsinə müvafiq məktubu ünvanlanacağı bəyan edildi.

Ən mühüm məqam isə odur ki, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” artıq xarici işlər nazirləri səviyyəsində paraflanıb. Bu, mətn üzərində razılığın əldə olunması deməkdir, lakin imzalanma və ratifikasiya hələ qarşıdadır. Yəni sənəd hələ hüquqi qüvvə qazanmayıb, amma prosesdə dönüş nöqtəsidir. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Birgə Bəyannamənin arxasında dayanması, ABŞ Prezidentinin isə buna şahidlik etməsi beynəlxalq legitimlik baxımından tarixi dönüş nöqtəsi idi.

İki ölkənin ATƏT-ə birgə müraciət etməsi 30 ildən artıq davam etmiş, lakin real nəticə verməmiş vasitəçilik mexanizminin rəsmi olaraq sona çatması deməkdir. Bu, çox böyük diplomatik irəliləyişdir. Bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçidin təmin edilməsi xüsusi vurğulanır. Bu isə Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı “Zəngəzur dəhlizi açılacaqdır” diktəsinin reallaşması deməkdir. Zəngəzur yolunun maneəsiz keçid olaraq açılması və dünya lideri Trampın bu yola “Qarant” olması 3 ölkə, region üçün, hətta Asiya və Avropa üçün yeni dividentlər gətirəcək. Birgə Bəyannamə ilk növbədə “qarşılıqlı fayda” prinsipinə əsaslanır, bu isə hər iki tərəfin siyasi cəhətdən qəbul edə biləcəyi formul kimi görünür.

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlı bağlantı layihəsi yeni diplomatik brenddir, adın birbaşa Donald Tramp ilə bağlanması onun prosesdə “zəmanətçi” olmasını simvolizə edir. Hesab edirəm ki, bu, həm siyasi, həm də infrastruktur xarakterli nəhəng bir layihədir və iqtisadi cəhətdən çox böyük potensiala malikdir. Bu isə, ilk növbədə, Azərbaycan xalqının sosial müdafiəsinin möhkəmləndirilməsinə, insanların rifah halının daha da yaxşılaşdırılmasına xidmət edəcək.

Bəyannamə beynəlxalq sərhədlərin toxunulmazlığı, güc tətbiqi ilə ərazi əldə etmənin yolverilməzliyi kimi prinsipləri qəbul edir. Bu isə Sülh gündəliyinin banisi Prezident İlham Əliyevin Ermənistan tərəfinə təqdim etdiyi sülh müqaviləsinin əsasını təşkil edən prinsiplərdən biridir. Bu prinsiplər bir-birinin suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının tanınması, bir-birinə qarşı ərazi iddiası ilə çıxış etməmək, bir-birinə qarşı güc tətbiq etməmək, güc tətbiqi ilə hədələməmək, sərhədlərin demarkasiyası və delimitasiyası, diplomatik münasibətlərin qurulması və kommunikasiyaların açılmasıdır. Sülh müqaviləsinin mətni də məhz, Azərbaycan tərəfindən hazırlanıb və bunu erməni mətbuatı da təsdiqləyir.

Birgə Bəyannamə həm revanşist yanaşmaların qarşısını almağa yönəlmiş siyasi mesajdır, həm də gələcəkdə sülhün davamlılığı üçün möhkəm baza yaradır. 2023-cü il antiterror əməliyyatına qədər Ermənistan Sülh müqaviləsinin layihəsinə Qarabağda yaşayan erməni sakinlərin məsələsinə dair bəndin salınmasını təkid edirdi. Azərbaycan isə bu məsələdə prinsipial olaraq vurğulayırdı ki, ölkənin daxili məsələsi dövlətlərarası sənədin subyekti ola bilməz. Diqtə edilən qəbul edildi.

Tərəflər bu görüşün “möhkəm təməl” yaratdığına əmin olduğunu bəyan etdi. Bu gecə bütün Azərbaycan xalqı, əminəm ki, tarixi anları izləmək üçün ayaqda idi. Donald Trampa ölkə rəhbərinin uzun illərdir ki, ədalətli Sülhü gözləyən Azərbaycan xalqı adından da təşəkkürü əlamətdar oldu.
Vaşinqton bu mərhələdə yalnız vasitəçi deyil, həm də prosesin uğuruna siyasi kapital qoyan tərəf mövqeyindədir. Bu, həm də ABŞ-ın Cənubi Qafqaz siyasətində yeni fəallıq mərhələsinin başlanğıcını qoydu”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə