Bakı Mühəndislik Universiteti Riqa Stokholm İqtisad Məktəbi ilə əməkdaşlıq edəcək

Riqa Stokholm İqtisad Məktəbinin rektoru Anders Paalzov və həmin məktəbin departament direktoru Nellija Titova Bakı Mühəndislik Universitetində (BMU) olublar. Görüşdə universitetin rektoru, professor Havar Məmmədov rəhbərlik etdiyi ali məktəbin ixtisasları, maddi-texniki bazası barədə ətraflı məlumat verib. Qeyd edilib ki, BMU təhsil sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir.

Görüşdən məmnunluğunu bildirən A.Paalzov deyib ki, Riqa Stokholm İqtisad Məktəbinin missiyası iqtisadiyyat və biznes sahələrində ən müasir, xüsusən də ölkələrin iqtisadi və sosial inkişafına təkan verən təhsili təmin etməkdir. Məktəbdə ABŞ, Almaniya, Danimarka, İsveç və digər ölkələrdən olan mühazirəçilər çalışırlar.

Qonaq BMU ilə əməkdaşlıq etmək, təhsil proqramlarını əks etdirən layihələr reallaşdırmaq arzusunda olduqlarını bildirib. Sonra texnoparkın müdiri Samir Məmmədov burada həyata keçirilən layihələr haqqında qonaqlara ətraflı məlumat verib. Riqalı qonaqlar universitetin tədris şəraiti ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə