İyulun 8-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) informasiya texnologiyaları və rabitə idarəsində şirkətin xarici və daxili təqaüd proqramlarının qalibləri kimi idarədə yay təcrübəsi keçmək hüququ qazanmış və müvəqqəti işlə təmin olunmuş tələbələrlə görüş keçirilmişdir.
ARDNŞ-in mətbuat xidmətindən SİA-ya bildirmişlər ki, görüşdə şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov çıxış edərək son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasətin ölkəmizə qazandırdığı uğurlardan danışmış, bu nailiyyətlərdə Dövlət Neft Şirkətinin rolundan bəhs etmişdir.
Gənc nəslin keyfiyyətli, beynəlxalq standartlara uyğun təhsil alması, peşəkar kadrların hazırlanması istiqamətində şirkətdə həyata keçirilən layihələr barədə danışan ARDNŞ-in vitse-prezidenti gənclərin müasir elmi və təcrübi biliklərə həvəsləndirilməsi məqsədi daşıyan daxili və xarici təqaüd proqramlarının əhəmiyyətini xüsusi vurğulamışdır. Bildirilmişdir ki, bu istiqamətdə aparılan işlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.
X.Məmmədov qeyd etmişdir ki, qarşıya beynəlxalq şirkətə çevrilmək məqsədi qoymuş ARDNŞ-də istedadlı, bacarıqlı və perspektivli informasiya texnologiyaları mühəndislərinə böyük tələbat vardır. Şirkətin layihələrinin iştirakçısı olan savadlı gənclər isə neft-qaz sektorunda işlə təmin olunurlar.
İdarədə təcrübə keçən Azərbaycan Dövlət Neft Akademiyasında, Bakı Dövlət Universitetində, habelə Vaterlou, Toronto, KAIST, Kaunas Texnologiya, Alberta, Mançestr, Aberdin, Anadolu, Ege, Doğu Akdeniz universitetlərində dövlət proqramı xətti ilə təhsil alan tələbələr əmək təcrübəsi dövründə onlara göstərilmiş qayğı və diqqətə görə şirkətin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB