BANM “Əməkdaşlıq Protokolu” imzaladı

BANM “Əməkdaşlıq Protokolu” imzaladı

Bu gün Bakı Ali Neft Məktəbində (BANM) ali məktəbin rektoru Elmar Qasımov və "British Council" təşkilatının regional direktoru Maykl Börd arasında birgə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə "Əməkdaşlıq Protokolu"nun imzalanma mərasimi keçirilib. SİA-nın xəbərinə görə, protokolda ingilis dili müəllimləri üçün dərslərdən kənar treninqlərin keçirilməsi ,idarəetmə aparatının, peşəyönümlü və ixtisas dərslərini tədris edən kafedraların işçiləri üçün BANM-da ödənişli təhsil ili dərslərinin təşkili nəzərdə tutulub. Həmçinin layihə çərçivəsində BANM əməkdaşları və tələbələr üçün tətil müddətində Böyük Britaniyada ingilis dili üzrə biliklərin zənginləşdirilməsi məqsədilə təlim-tədris səfərlərinin təşkil edilməsi, tələbələrdən aralıq, smestr və IELTS imtahanlarının qəbul edilməsinə metodiki yardım edilməsi təşkil olunacaq.

Elmar Qasımov tədbirdə çıxışında deyib ki, Azərbaycan uzun illərdir ki, "British Council"-la təlim-tədris sahəsində əməkdaşlıq edir. Rektorun sözlərinə görə, təşkilatla əməkdaşlıq sayəsində artıq Azərbaycanda müəllimlər və tələbələr arasında ingilis dilinin tədrisi əhəmiyyətli dərəcədə inkişaf edib: "Elə bu səbəbdən də Bakı Ali Neft Məktəbi ingilis dilinin tədrisilə bağlı "British Council" təşkilatına müraciət edib. Məqsədimiz müasir standartlara cavab verən ingilis dilli kadrların yetişdirilməsidir".

Azərbaycanda beynəlxalq standartlara cavab verən BANM kimi ali təhsil ocaqlarının yaradılmasının sevindirici və önəmli məsələ olduğunu deyən Maykl Börd bildirib ki, Azərbaycanla təşkilatın əməkdaşlığında böyük potensial mövcuddur: "Buradakı əsas partnyorlarımızdan biri də Bakı Ali Neft Məktəbidir. Bu gün imzalanacaq "Əməkdaşlıq Protokolu" vasitəsilə də mövcud əməkdaşlıq bir az da güclənəcək".

Sonda iki qurum arasında "Əməkdaşlıq Protokolu" imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə