İndoneziyanın ölkəmizdəki böyük elçisi ATİ-də tanışlıq görüşündə olub
İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Prayono Atiyanto və səfirin müşaviri Aqus Trimartono Azərbaycan Turizm İnstitutunda olublar. SİA-nın xəbərinə görə, ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov böyük elçi və onun müşaviri ilə görüş zamanı diplomatların ali təhsil ocağını ziyarət etmələrindən məmnun qaldığını dedi. Rektor C.Cəfərov öncə qonaqlara tanışlıq məqsədilə ATİ-nin yaranma tarixi barədə məlumat verdi. Azərbaycanda turizm sahəsində ixtisaslaşan yeganə təhsil-təlim-tədqiqat mərkəzi olması faktına detallı aydınlıq gətirdi. Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti ilə müqavilə çərçivəsində ikili diplom proqramının üstünlüklərini açıqladı. İyulun 12-də bakalavr, magistr pilləsini uğurla bitirən 211 məzundan 24 nəfərin eyni zamanda Avstriyanın Krems Universitetinin diplomunu aldığını, ümumilikdə son 3 il ərzində 503 nəfərin ATİ-nin məzun diplomunu aldığını bildirdi. ATİ məzunlarının dünyanın bir sıra ölkələrində, eləcə də Azərbaycanın nüfuzlu otellərində çalışdığını qonaqların nəzərinə çatdırdı.
Söhbət əsnasında rektor C.Cəfərov onu da xüsusi vurğuladı ki, hazırda ATİ 30 xarici ali məktəb və 34 beynəlxalq təşkilatla əlaqə saxlayır. İnstitutda bakalavr, magistr pilləsi, ikinci ali təhsil və doktarantura proqramı üzrə kadr hazırlığı uğurla yerinə yetirilir. İnstitutun Turizm Təlim Mərkəzində peşə istiqamətləri üzrə kursların təşkili, ATİ-nin nəzdində ötən ilin sonlarından Bakı Turizm Peşə Məktəbinin fəaliyyət göstərməsi ölkəmizin turizm müəssisələrində ixtisaslı kadr təminatına imkan verir. Söhbət əsnasında diplomatların nəzərinə çatdırıldı ki, ATİ tələbələri dünyanın müxtəlif ölkələrində təcürbə proqramlarında uğurla iştirak edirlər.
İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prayono Atiyanto səmimi qarşılandıqları və ATİ haqqında geniş məlumat aldıqlarına görə rektor C.Cəfərova təşəkkürünü bildirdi. Öz ölkəsinin turizm potensialı, eləcə də qədim mədəniyyət və dəniz turizm məkanı kimi şörhətləndiyini xüsusi vurğuladı. İndoneziyada bir sıra dövlət və özəl ali məktəblərində turizm təhsilinə xüsusi önəm verildiyini diqqətə çatdırdı. ATİ –dəki tanışlıq görüşünün iki ölkənin ali təhsil müəssisələri arasında faydalı əməkdaşlığa səbəb ola biləcəyinə inandığını önə çəkdi.
Sonda xatirə şəkli çəkildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB