Kitablar ağırdır, yoxsa dərs yükü? - MÜNASİBƏT BİLDİRİLDİ

"Şagirdlərin dərs çantasının ağırlığı Elm və Təhsil Nazirliyi tərəfindən verilən dərs vəsaitlərindən başqa müəllimlərin şagirdlərə tövsiyə etdiyi çalışma dəftərləri, yaxud da, dərs vəsaitlərinin kifayət qədər olmasıdır". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib.

O bildirib ki, bundan başqa nəzərə alsaq ki, şagirdin bir gündə 6-7 dərsi olur: "Kitablar, dəftərlər, əlavə olaraq da dərs vəsaitlərinin olması çantada ağırlıq yaradır. Bu da kifayət qədər övladlarımızın fiziki cəhətdən inkişafına mane ola bilir. Çantaların ağırlığının səbəbi hər fənn üzrə kitab və dəftərdən başqa, əlavə dərs ləvazimatlarının da daşınmasıdır. Şagird özü ilə hər fənn üzrə bir kitab, bir dəftər, bir test kitabı, bir iş dəftəri götürməlidir. Bunların hamısını yığdıqda çanta çox ağır olur. Bundan başqa bir çox şagirdlər özləri ilə yemək və su götürür ki, bu da çantanın daha da ağırlaşmasına gətirib çıxarır. Beynəlxalq təcrübədə və qəbul olunan prinsiplərdə çantanın ağırlığı uşağın çəkisinin 14-15 faizini keçməməlidir: bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kiloqram (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kiloqram ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməməlidir.

Çiyin asqıları enli və ortopedik olan çantalar seçilməlidir. Onu alan zaman boş vəziyyətdəki ağırlığına diqqət edilməlidir. Ağır çanta uzun müddət daşındığı vaxt, uşaqlarda onurğa probleminə səbəb olur. Düzgün seçilən məktəbli çantası nəinki şagirdin yükünü azaldır, həm də onun sağlamlığını qorumağa kömək edir.

Elektron dərs vəsaitlərinə keçmək məsələsinə gəldikdə isə hazırda bilirsiniz ki, özəl məktəblərdə, liseylərdə demək olar ki, elektron dərs vəsaitlərindən istifadə olunur. Valideynlər oraya kifayət qədər ödəniş ödəyirlər. Ancaq hazırda biz bunu dövlət məktəbləri üçün tətbiq etmək istəsək, bu, əlavə maliyyə vəsaiti tələb edir və hər kəsin maddi vəziyyəti buna uyğun olmaya bilər. Hazırkı vəziyyətdə ənənəvi qaydada kitab-dəftərlərdən istifadə mümkündür. Gələcəkdə ola bilər ki, belə bir hal olsun, biz artıq elektron vəsaitlərdən istifadə edək. Onun üçün gərək məktəblərin də maddi-texniki bazası buna imkan versin. Dərs vəsaitləri üçün tələb olunan planşetlərin məbləği də valideynlərin büdcəsinə uyğun olsun ki, biz elektron vəsaitlərdən istifadə edə bilək.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə