“Cəbrayılın Qarabağ bölgəsi üçün geostrateji əhəmiyyəti böyükdür” - ŞƏRH OLUNDU

“44 günlük Vətən Müharibəsi və şanlı ordumuzun keçirdiyi hərbi əməliyyat nəticəsində azad olunan ilk şəhər Cəbrayıl oldu və düz 4 il sonra yenidən Cəbrayıl şəhərində yeni yaşayış kompleksi tikilərək məhz bu tarixdə - 4 oktyabr tarixində cəbrayıllıların ixtiyarına verildi. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 4 oktyabr - Cəbrayıl Şəhəri Günü elan edilib”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

O bildirib ki, Qarabağın bütün ərazisində aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri davamlı şəkildə həyata keçirilir, tamamilə dağıdılmış şəhərlərdə ən müasir üslubda evlər tikilib istifadəyə verilib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Vitse-Prezident Mehriban Əliyeva Cəbrayılda yeni tikilmiş mənzillərin açarlarını cəbrayıllılara təqdim etdi.

Qürurverici anlardan biridir ki, bütün bunlar məhz 44 günlük Vətən müharibəsindən ötən 4 il müddətində baş verir, Cəbrayıl şəhərinin işğaldan azad olunmasının xüsusi önəmi var, Cəbrayıl şəhərində yaşayış binalarının tikilməsi ilə yanaşı, çox keyfiyyətli yollar və infrastruktur, qidroelektrik stansiya istifadəyə verilib. Cəbrayıl rayonunun Qarabağ bölgəsi üçün geostrateji əhəmiyyəti vardır, Cəbrayıl sakinlərinin vətənlərinə qayıtması şəhəri daha da canlandırmış olacaq. Xüsusən cənab Prezidentin vurğuladığı kimi Cəbrayıl və Qarabağın digər bölgələrində keçmiş məcburi köçkünlərin məşğulluğu təmin olunur, onların işlə təmin olunması üçün yeni müəssisələr açılır. Ölkə başçısı Cəbrayıla səfəri zamanı bu qəbildən olan obyektlərin açılışlarını etdi. Bunlar isə öz növbəsində Qarabağ bölgəsinin iqtisadi inkişafı baxımından çox önəmlidir.

Bütün bu quruculuq işləri Azərbaycan xalqına və Qarabağ sakinlərinə böyük hədiyyə sayıla bilər və bunların 44 günlük vətən müharibəsinin 4-cü ildönümündə edilməsinin ayrı bir önəmi və əhəmiyyəti vardır. Sakinlər vətənlərinə qayıtdıqca və Qarabağda infrastruktur və yaşayış yerləri tikildikcə Qarabağa həyat qayıdır və inkişaf edir. 30 illik işğal dövründə doğma Qarabağımız bütün bu inkişafdan məhrum olmuş, yalnız dağıntılara və erməni vandalizminə məruz qalmışdı. Bu sahədə vəziyyətin dəyişməsi isə dövlətimizin bölgədə yaratdığı yeni reallıqlardan irəli gəlir. İndi Qarabağda uğurlu hərbi əməliyyatları geniş quruculuq işləri əvəz edib və bu sahədə də dövlətimiz bir çox yeniliklərə imza atır, yaşayış məskənlərinin bərpası ilə yanaşı mədəni-dini-tarixi abidələr müasir üslubda bərpa olunur, xalqımızın mədəni irsinin qorunub saxlanmasında mühüm işlər görülür”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə