“Metropolitendə sərnişinin halı pisləşdikdə ən qısa müddətdə yardım göstərilir” - QURUM RƏSMİSİ DANIŞDI
“Bakı Metropolitenində hər bir maşinist işə tibbi prosedurları keçməklə başlayır. Belə ki, qan təzyiqdən alkotestə qədər hər bir testin nəticəsi normal olduğu təqdirdə maşinist işə başlaya bilir. Gün ərzində maşinst əvəzlənmələri olur və daimi olaraq maşinistlə əlaqə yaradılır. Həmçinin maşinistlər dövri olaraq narkoloji testlərdən də keçirilirlər”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Nəbiyev deyib.
O bildirib ki, qatarda sərnişinin halı pisləşdiyi halda maşinistə məlumat verilir və maşinist də məsələ ilə bağlı dispeçer mərkəzinə məlumat ötürür: “Ən yaxın stansiyada isə sərnişinə müvafiq yardım göstərilir və Təcili Tibbi Yardım xidməti də dəvət olunur.
Stansiyada olan zaman sərnişin halı pisləşdiyi zaman istənilən metropoliten əməkdaşına yaxınlaşa bilər və bu zaman dərhal müvafiq tədbirlər görülür. Bakı Metropoliteninin Təcili Təxirəsalınmaz Tibbi Yardım xidməti ilə birbaşa operativ əlaqələri var. Daxil olmuş müraciətə uyğun olaraq ən yaxın stansiyada yerləşən məntəqə və ya stansiyaya ən yaxın briqada yönləndirilir, bununla da mümkün ən qısa müddət ərzində sərnişinə yardım göstərilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə