“Din sevgisi ilə yaşayan insan həyatı boyu radikal ola bilməz” - DİN XADİMİ DANIŞDI
“Biz demokratik ölkədə yaşayırıq və ölkəmizdə sakitlik hökm sürür, hər şey öz qaydasında gedir. Amma bəzən radikalizm ifadəsini din ilə yanaşı çəkirlər, mən bunu qəbul etmirəm. Dini inanca sahib olan insan həlim, səmimi, halal olur, nəinki insanların insanların haqq-hüquqlarına hörmətlə yanaşır, eyni zamanda Allahın yaratdığı bütün canlılara sevgi ilə yanaşır. Din sevgisi ilə yaşayan insan həyatı boyu radikal ola bilməz”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, din xadimi Fuad Nurullayev deyib.
O bildirib ki, radikalizmi isə böyük güclər yaradıblar: “Bu təkcə İslam dini deyil, bütün dinlərdə din adı altında pərdələnmiş təşkilatlar, qurumlar dünyada qırğın törədirlər. Terror hadisəsini həyata keçirən insanın isə nə dini, nə də inancı var.
Biz çalışmalıyıq ki, gənclərimiz sağlam düşüncəyə və dini inanca sahib olsunlar. Azərbaycanda bütün din nümayəndələri bir arada yaşaya bilirlər, böyük humanistlik nümayiş olunur. Lakin bütün cəmiyyətlərdə olduğu kimi bəzən bizim cəmiyyətimizdə də dini radikalizmə qurban gedənlər olur. Buna görə də daim maarifləndirmə işləri aparmalıyıq. İslam dininin daşıyıcıları olaraq yetişən gənclərimizi İslamın buyurduğu düzgün yola istiqamətləndirək”.
Bütün xəbərlər Facebook səhifəmizdə