"Məktəb sosiallaşdırmağa borclu deyil" - MÜNASİBƏT BİLDİRİLDİ

"Həmişə bu qənaətdə olmuşam ki, məktəbi sosial məkan kimi qəbul etməmişəm". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti, STM əməkdaşı Elmin Nuri deyib.

O bildirib ki, məktəb mənim üçün müqəddəs dəyər, amildir: "Amma onun şəxsiyyəti formalaşdıran bir mexanizm, energetik aura kimi qəbul etməyim daha çoxdur, nəinki sosial bir məkan, sosial bacarıqları inkişaf etdirən məkan kimi. Biz məktəbi struktur olaraq başqa formaya salırıq. Onu kiçik cəmiyyət kimi qeyd edirik. Ona qalsa, ailənin, məhəllənin özü də sosial mühitdir. Bəzi şəxslər məktəbi sosial mühit, şagirdi sosiallaşdıran yer kimi qəbul edirlər. Mən onlarla qətiyyən razı deyiləm. Məktəb sosiallaşdırmağa borclu deyil. Bunu edə bilir, edir də. Məktəbin birinci işi bu deyil. Məktəb şəxsiyyət formalaşdırır. Bu, funksional və konseptual bacarıqlar hesabına baş verir. Şəxsən mən çox əsəbləşirəm "məktəb sosial mühitdir" ifadəsini eşidəndə. Məktəb ali mühitdir. Universitet öz funksiyasına, missiyasına görə məktəbə uduzur. Belə də olmalıdır".

Onun sözlərinə görə, hazırda repetitor institutuna uduzan, öz nüfuzunu gündən günə itirən və qalxmaqda çətinlik çəkən məktəblərimizdən yox, söhbət pedaqoqların əsərlərindəki böyük məktəblərdən gedir: "Halbuki, o məktəblər bizdə də var idi. Kaş ki, yenə olsun. Bunu çox böyük arzu kimi qeyd edirəm. Bunu hədəf kimi də qeyd edə bilərik. Buna çox təəssüflənirik.

Bu gün məktəb niyə sosial mühit olmalıdır? Məktəb özünün ən düzgün formasını orta əsrlərin qızğın dövründə Şərq mühitində tapıb. Dünyanın hər bir yerindən Şərqin elm şəhərlərinə, Şama, Bağdada, Bakıya, Təbrizə, Marağaya, Ərdəbilə təhsil almağa gəlirdilər. Şərq mühitində məktəb həmişə konseptual və funksional bacarıqlı şəxsiyyəti formalaşdırmaqla məşğuldur. Sonrakı sosial mühit kimi inkişaf sonranın göstəricisidir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə