“ABŞ Ermənistandakı revanşist qüvvələri də qızışdırır” - ŞƏRH OLUNDU
”Bu və ya digər regionda öz maraqlarını təmin etmək istəyən uzun illərdir ki, eyni metoddan istifadə edir. Tabeliyində olduğu, idarə etdiyi təşkilatlar, qurumlar vasitəsilə müxtəlif ölkələrdə beşinci kalonlar formalaşdırır və sonra da həmin qüvvələr vasitəsilə stabilliyin pozulması istiqamətində addımlara start verir. İndi də eyni fəaliyyəti Cənubi Qafqaz regionunda həyata keçirmək istəyir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
O bildirib ki, ABŞ hər nə qədər Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması istiqamətində müəyyən addımlar və təşəbbüslərlə çıxış etsə də, mövqeyində ikili standartların olduğu və bir sıra hallarda tərəfkeşlik etdiyi ortadadır. Ermənistanın birtərəfli qaydada dəstəklənməsi, silahlandırılması, separatçıların tör-töküntülərinin müdafiə olunması bunun ən bariz sübutudur.
Bu sırada ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi olan USAID xüsusi olaraq seçilir. Məlum olduğu kimi Agentlik Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox - 120 milyon dollardan 250 milyon dollara qədər artırmaq haqqında qərar qəbul edib. Əslində bu gözlənilən idi və bu planın əsası bu ilin aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşündə qoyulmuşdu. Həmin görüşdə əvvəldən elan olunmadığı halda USAİD rəhbərliyinin də iştirak etməsi Ermənistana külli miqdarda maliyyə vəsaiti ayrılacağı ilə bağlı ehtimallar irəli sürməyə imkan verirdi. Çünki söhbət hər hansı bir təşkilatdan deyil Samanta Pauerin rəhbərlik etdiyi bir qurumdan gedir. Bu həmin Pauerdir ki, Qarabağ separatçılarının nümayəndəsi, milyarder Ruben Vardanyanla sıx əlaqələrdə olub. Samanta Pauer Ukraynada separatçıları maliyyəşdirən Ruben Vardanyanla nəinki əməkdaşlıq edib, hətta erməni milyarderin “soyqırıma məruz qalmış ermənilər”ə yardım etmək məqsədilə yaratdığı “Avrora” təşkilatından 1 milyon dollar dəyərində mükafat da alıb.
Odur ki, indi də öz anti Azərbaycan və anti Türk mövqeyi ilə tanınan, Qarabağın erməni sakinlərinin Ermənistana miqrasiyasını “məcburi köç” kimi qəlmə verməyə çalışan, Azərbaycanla Türkiyəni “vəhşi” adlandıran, qondarma soyqırımın tanınacağı günü özünün ikinci ad günü elan edəcəyini bildirən bir şəxsin rəhbərlik etdiyi qurumdan nə isə başqa şey gözləməyə dəyməz.
5 aprel görüşü ərəfəsində Azərbaycanın bütün etirazlarına, belə bir görüşün Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, gərginliyin artmasına səbəb olacağını deməsinə baxmayaraq o görüş təxirə salınmadı. Həmin ərəfədə Prezident İlham Əliyevə zəng vuran ABŞ Dövlət katibi Antoni Blinken bu görüşün Azərbaycana qarşı olmadığını desə də sonrakı prosseslər göstərdi ki, Azərbaycan öz etirazlarında haqlı imiş.
Bunun ən bariz sübutu kimi “Eagle Partner 2024” adlı Ermənistan-ABŞ birgə təlimlərini göstərmək olar. Hüş kimdə şübhə yoxdur ki, Birləşmiş Ştatlar bu təlimlərlə ABŞ-Ermənistan siyasi birliyini, Vaşinqtonun bölgədəki fiziki varlığını göstərmək istəyirdi və buna da nail oldu. Həm İrana, həm də Rusiyaya mən artıq bölgədəyəm mesajını vermiş oldu. Bu cür davranış isə, yəni Ermənistanın sürətli şəkildə silahlanması istiqamətində adıımların atılması, bu ölkəyə müxtəlif fondlar və qurumlar vasitəsilə yüz milyonlarla yardımın verilməsi və eləcə də birgə hərbi təlimlərin keçirilməsi ilə ABŞ Ermənistandakı revanşist qüvvələri də qızışdırmış oldu.
Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ özü də sülh çağırışlarında səmimi deyil və otuz il ərzində ATƏT-in Minsk Qrupunun həmsədri kimi tutduğu mövqedə də elə bir ciddi dəyişiklik baş verməyib. Başqa sözlə desək öz Cənubi Qafqaz maraqlarını təmin etmək üçün Azərbaycan və Ermənistan arasında gərginliyə bir fürsət kimi baxan ABŞ indi də münaqişənin dondurulmuş vəziyyətdə saxlanılmasına çalışır”.
Bütün xəbərlər Facebook səhifəmizdə