Müasir gənclərin nitq bacarığı niyə zəifdir? - EKSPERT RƏYLƏRİ

“Şagirdlərin ünsiyyət və özünü ifadə bacarıqlarının zəifliyi təkcə pedaqoji metodlarla bağlı lokal problem deyil, uzun illər test mərkəzli təhsil modelinin formalaşdırdığı sistematik nəticədir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov bildirib.

Ekspert qeyd edib ki, zəiflik həm dərs prosesinin strukturunda, həm qiymətləndirmə mexanizmlərində, həm də sinifdaxili ünsiyyət mədəniyyətində özünü göstərir və müasir əmək bazarının tələb etdiyi 21-ci əsr bacarıqları ilə ciddi ziddiyyət təşkil edir. Təhsil Haqqında Qanunun 10-cu maddəsində “şəxsiyyətin sərbəst düşünmə və özünü ifadə bacarığının inkişaf etdirilməsi” təhsilin məqsədlərindən biri kimi göstərilsə də, məktəblərdə tətbiq olunan ənənəvi tədris modeli bu məqsədi tam reallaşdırmır və şagirdlərin danışıq, təqdimat və kommunikasiya bacarıqlarının aşağı səviyyədə qalmasına səbəb olur.

Statistika göstərir ki, PISA 2022 nəticələrində Azərbaycan şagirdlərinin “öz fikrini sinif qarşısında sərbəst ifadə etməkdə çətinlik çəkməsi” göstəricisi OECD ölkələri arasında ən yüksək səviyyələrdən birinə malikdir və şagirdlərin 47%-i sinif müzakirələrində çıxış etməyə çəkinir. Bu nəticə həm də sinif sıxlığının yaratdığı struktur problemi əks etdirir; çünki ölkədə orta hesabla siniflərdə 32–35 nəfər şagird var və bu mühitdə hər bir şagirdə şifahi cavab vermək, fikrini təqdim etmək, arqument qurmaq üçün kifayət qədər zaman ayrılmır. Dünya təcrübəsi göstərir ki, Estoniya və Finlandiyada siniflərin orta sayı 18–22 nəfər arasında dəyişir və bu ölkələrdə PISA nəticələrinin yüksək olmasının səbəblərindən biri məhz şagird fəaliyyətinə geniş yer ayrılmasıdır.

Test yönümlü təlimin uzun illər dominant olması daha bir əsas faktordur. Şagirdlər informasiyanı qısa müddətdə yadda saxlamağı və test variantları üzərindən işləməyi öyrənsələr də, fikir demək, arqumentasiya etmək və qarşılıqlı ünsiyyət qurmaq vərdişləri formalaşmır. Bununla belə, Dövlət İmtahan Mərkəzinin son illərdə tətbiq etdiyi müxtəlif test modelləri – situasiya tapşırıqları, mətn təhlili, açıq tipli suallar, dərinləşdirilmiş nitq və düşünmə bacarıqlarını ölçən qiymətləndirmə nümunələri – bu problemin aradan qaldırılması istiqamətində çox ciddi və müsbət addımdır. Xüsusilə yeni modeldə təqdim olunan kompleks tapşırıqlar şagirdin təkcə “doğru cavabı seçməsini” deyil, həm də məntiqi ardıcıllığı, arqumenti, mövqeni ifadə etməsini tələb edir. Bu baxımdan DİM-in fəaliyyəti ünsiyyət bacarıqlarının inkişafına yönəlmiş ən effektiv qiymətləndirmə mexanizmlərindən biri kimi yüksək qiymətləndirilməlidir.

Apardığım təhlillər onu da göstərir ki, dərsliklərin dili və strukturu da şagirdlərin ünsiyyət bacarıqlarına təsir edən əhəmiyyətli amildir. Bir çox dərsliklər informativ baxımdan zəngin olsa da, dialoq, müzakirə, təqdimat, şifahi nitq bacarıqlarını təşviq edən tapşırıqların payı cəmi 10–12% civarında qalır, halbuki OECD standartlarında bu göstərici 30%-dən aşağı olmamalıdır. Bu uyğunsuzluq nəticəsində dərs prosesinin məzmun komponenti ilə qiymətləndirmə komponenti arasında ziddiyyət yaranır. Elm və Təhsil Nazirliyi son illərdə şagird fəaliyyətini gücləndirən dərslik modelinə keçid, kommunikasiya bacarıqlarını inkişaf etdirən kurikulum tapşırıqları, təqdimat əsaslı dərs nümunələri, layihə yönümlü tədris materialları hazırlığının genişləndirilməsi kimi addımlar atır və bu siyasət ünsiyyət bacarıqlarının inkişafında dönüş yaradan müsbət istiqamətdir.

Müsbət tərəf odur ki, həm Elm və Təhsil Nazirliyi, həm DİM eyni istiqamətdə – şagirdin düşünməsi, danışması, söz ehtiyatını artırması, arqument qurması – hədəfini gücləndirirlər. Nazirliyin yeni dərs modeli, məktəbdaxili qiymətləndirmədə təqdimat və layihə fəaliyyətlərinə verilən üstünlük, müəllimin məktəbdə daha çox qalmasını nəzərdə tutan yeni iş rejimi, fərdi işə ayırılan vaxtın artması şagirdin danışıq bacarığını inkişaf etdirən struktur şərait formalaşdıracaq. DİM-in qiymətləndirmə mexanizmləri isə bu bacarıqların nəticədə ölçülməsini təmin edəcək və beləliklə “öyrədilənlə ölçülən” arasında ziddiyyət minimuma enəcək.

Mənfi tərəf ondan ibarətdir ki, sinif ölçülərinin hələ də böyük olması, psixoloji xidmətlərin zəif təşkil olunması və məktəblərdə şagird yönümlü pedaqoji mədəniyyətin tam formalaşmaması ünsiyyət bacarıqlarının inkişafını ləngidir. Psixoloq–şagird nisbətində də ciddi fərq var; hazırda ölkədə orta göstərici 1:900-dür, halbuki UNESCO standartı 1:250-dir. Bu fərq şagirdlərin özünə güvən, ictimai çıxış və sosial ünsiyyət bacarıqlarını mənfi təsirləndirir.

Hesab edirəm ki, yeni təhsil idarəetmə modeli şagirdlərin ünsiyyət bacarıqları üçün daha əlverişli mühit formalaşdıracaq: daha kiçik qruplar, layihə əsaslı tapşırıqlar, rəqəmsal təqdimatlar, danışıq fəaliyyətinin qiymətləndirilməsi və məktəbdaxili müzakirə mədəniyyətinin artması. Dəyişməsi vacib olan isə sinifdaxili metodların tam yenilənməsi, müəllimlərin kommunikativ yanaşma üzrə müasir təlimlərə cəlb edilməsi, dərsliklərin dilinin sadələşdirilməsi və şagirdin nitqini inkişaf etdirən mətn strukturlarının artırılmasıdır. Dünya təcrübəsi göstərir ki, kommunikasiya bacarığını inkişaf etdirən təhsil sistemi yalnız bilik deyil, həm də əmək bazarı üçün hazırlıqlı insan yetişdirir və bu baxımdan Elm və Təhsil Nazirliyinin islahat xətti rasional, müasir və nəticəyönümlü siyasət kimi qiymətləndirilə bilər”.

Məsələ ilə bağlı psixoloq Gülər Məmmədova fikirlərini bölüşüb:

“Testlərlə aparılan qiymətləndirmə uşaqlarda nitqin formalaşması və danışıq qabiliyyətinin inkişafı üçün kifayət qədər şərait yaratmır. Halbuki insanın idrak prosesləri və nitqi məhz erkən yaşlardan başlayaraq tədricən formalaşır, müxtəlif sosial və psixoloji təsirlərin nəticəsində daha da inkişaf edir.

Valideynlərin iş qrafikinin sıxlığı və uşaqlara verilən KSQ, BSQ kimi test yönümlü tapşırıqlar sözlü ifadə, sərbəst danışıq və fikir söyləmə vərdişlərinin inkişafına mane olur. Bu tip tapşırıqlar uşağı yalnız doğru cavabı tapmağa yönəldir, amma düşüncəsini ifadəli şəkildə təqdim etməyə təşviq etmir. Halbuki tapşırıqlar şifahi və analitik tərzdə təşkil edildikdə şagirdlər öz fikirlərini sərbəst şəkildə ifadə etməyi öyrənir və nəticədə nitq mədəniyyəti məktəb illərindən etibarən sağlam şəkildə formalaşır.

Təəssüf ki, bəzi valideynlər uşaqları ilə kifayət qədər ünsiyyət qurmur, yalnız dərs soruşmaqla kifayətlənirlər. Uşağın gündəlik emosional vəziyyəti, yaşadıqları, hiss və düşüncələri haqqında söhbət aparılmadıqda onun psixoloji və sosial inkişafı zəifləyir. Uşağın tərbiyəsi və psixo-fizioloji inkişafının əsas formalaşma mühiti ailədir. Valideynlərlə ünsiyyət zəif olduqda, məktəbdə isə davamlı şəkildə testlərə əsaslanan yanaşma tətbiq olunduqda uşaq yavaş-yavaş yalnız əzbərləməyə və cavab tapmağa istiqamətlənir, bu isə danışıq qabiliyyətinin zəifləməsinə gətirib çıxarır.

Bu gün müşahidə olunan gənclər arasında nitqin zəifliyi, fikrin ardıcıl və ifadəli təqdim olunmasındakı çətinliklər də məhz bu səbəblərlə əlaqələndirilə bilər. Xüsusilə kitab oxuma vərdişi olmayan gənclərin danışıq qabiliyyəti daha zəif olur, onlar öz fikirlərini auditoriya qarşısında söyləyərkən sıxıntı yaşayır və sosial fobiya əlamətləri göstərə bilirlər. Bu hal həm psixoloji amillərlə, həm də ünsiyyət kasadlığı ilə bağlıdır.

Uşaqların sağlam nitq və ünsiyyət bacarıqlarının formalaşması üçün ailədə ünsiyyətin gücləndirilməsi, məktəbdə isə test yönümlü tədrisin balanslaşdırılıb şifahi ifadəyə daha çox yer verilməsi zəruridir”.

Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə