"Mərkəzi Asiya ilə münasibətlər inkişaf edir" - ŞƏRH EDİLDİ

"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı və müşavərətçi kimi təmsil olunması, əslində, gözlənilən və məntiqi bir proses idi. Biz bilirik ki, Azərbaycan təkcə Cənubi Qafqaz ölkəsi deyil, eyni zamanda Xəzəryanı bölgənin vacib üzvüdür və coğrafi baxımdan Mərkəzi Asiya ölkələrinə çox yaxındır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.

Siyasi şərhçi sözlərinə belə davam edir: "44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, torpaqlarını işğaldan azad etdi və bu mühüm məsələni həll etdikdən sonra artıq xarici siyasətdə daha geniş coğrafiyanı əhatə etməyə başladı. Azərbaycan bu gün Avropa, ABŞ, Yaxın Şərq və Mərkəzi Asiya ölkələri ilə vacib tərəfdaşlıq qurmuş ölkəyə çevrilib. Qərb — Avropa İttifaqı və ABŞ-Mərkəzi Asiyaya böyük maraq göstərir. Bu region həmçinin Çin və Rusiya üçün də önəmli maraq dairəsidir. Belə bir regionda Azərbaycanın daim iştirak etməsi və söz sahibi olması ölkənin beynəlxalq mövqeyini gücləndirir.

Bu, həm də “Orta Dəhliz” adlanan nəqliyyat marşrutunun səmərəli istifadəsi baxımından əhəmiyyətlidir. Azərbaycan bu dəhlizin əsas iştirakçılarından biridir və Mərkəzi Asiyadan gələn yüklərin dünya bazarlarına çıxışı üçün əsas tranzit ölkə rolunu oynayır. Bu isə həm Azərbaycanın, həm də tərəfdaş ölkələrin maraqlarına tam uyğundur.

Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın ikitərəfli münasibətləri - xüsusilə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanla iqtisadi, ticarət, humanitar və mədəni sahələrdə əlaqələri - çox inkişaf edib. Nəqliyyat baxımından da bu ölkələr bir-biri ilə birləşmiş vəziyyətdədir və Azərbaycanın bu əməkdaşlıqda tamhüquqlu iştirak etməsi həm regional, həm də qlobal miqyasda onun rolunu gücləndirir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə