"Hər bir xalqın həyatında elə maraqlı, tarixi günlər olur ki, onları sonralar xalq inkişaf etdikcə, zaman keçdikcə bir bayram kimi qeyd etməyə və ən azından milli bir gün kimi yaddaşında saxlamağa çalışır. Azərbaycan xalqının tarixində belə günlər çoxdur. Onlardan biri də 17 Noyabr — Milli Dirçəliş Günüdür". Bunu SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, 1992-ci ildən bu yana dövlət bayramı, dövlətin rəsmi günü kimi qeyd olunan bu hadisə - Milli Dirçəliş Günü sözsüz ki, tarixi bir hadisəyə söykənir. Əslində bir deyil, bir neçə hadisəni özündə birləşdirən 17 noyabr ötən əsrin 80-ci illərinin sonlarına doğru Ermənistan və erməni millətçilərinin Azərbaycana qarşı apardığı terror və işğalçı siyasətinə qarşı xalqımızın birləşdiyi, ayağa qalxdığı dövrdür.
Bu hadisələr yalnız Bakıda deyil, eyni zamanda Lənkəran, Naxçıvan, Neftçala, Cəlilabad və digər bölgələrdə də baş vermişdi. Milli Dirçəliş Günü - 17 noyabr və ondan əvvəl-sonra baş verən günlərdə Azərbaycan xalqı keçmiş Lenin meydanına, indiki Azadlıq meydanına axışaraq günlərlə, bəzən həftələrlə orada öz səsini rəhbərliyə, SSRİ rəhbərliyinə və dünyaya çatdırırdı. KQB-nin, o dövrdə dünyanın böyük bir hissəsini idarə edən güc strukturlarının, milisin və digər orqanların təzyiqlərinə baxmayaraq, xalq qorxmadan ayağa qalxmışdı.
Topxana meşəsinin qırılmasından tutmuş Qarabağda baş verən hadisələrə, Qərbi Azərbaycandan soydaşlarımızın qovulmasına qədər bütün bu hadisələrə etiraz edən xalq Milli Azadlıq Hərəkatının güclənməsinə təkan verdi. Mən özüm də o zaman Bakıdakı texniki peşə məktəbində oxuyurdum və dərsdən sonra mitinqlərə gedirdik, xalqın haqq səsini dəstəkləyirdik.
İllər keçdi və bu hadisələr 20 Yanvar, Qarabağ müharibələri və nəhayət, Vətən Müharibəsindəki Zəfərlə davam etdi. Məhz 17 Noyabrda xalqın ayağa qalxması və bir yumruq kimi birləşməsi tariximizin qızıl hərflərlə yazılan səhifələrindəndir. O zaman respublikada zəif rəhbərlik vardı və Bakıda baş verən hadisələr SSRİ rəhbərliyinə də ötürülürdü. Müxtəlif qüvvələr — dövlət təhlükəsizlik orqanları, milis və siyasi qruplar — bu xalq hərəkatından öz məqsədləri üçün istifadə etməyə çalışırdı. Lakin xalq hər şeyi aydın görürdü və mübarizə zamanı Azərbaycan bayrağını meydanda qaldırırdı. Ziyalılarımız, yazıçılarımız, alimlərimiz xalqın milli-mənəvi dəyərlərini önə çıxarmağa çalışırdılar. Eyni zamanda, Heydər Əliyevin Azərbaycana qayıdaraq rəhbərliyi ələ alması ilə bağlı təşəbbüslər də meydana çıxmışdı.
Məhz 17 noyabrda dünya və keçmiş SSRİ Azərbaycan xalqının mübariz və döyüşkən ruhunun şahidi oldu. Bu ruh daha sonra 20 Yanvar, Qarabağ müharibələri və 44 günlük Vətən Müharibəsində öz təsdiqini tapdı. Bu mübarizənin təməlində isə məhz 17 Noyabr - Milli Dirçəliş Günü dayanır.
Əgər o zaman Heydər Əliyev kimi xalqı arxasınca aparan bir lider və bu xətti Zəfərlə tamamlayan Prezident İlham Əliyev olmasaydı, bəlkə də bu günü biz bu cür qürurla qeyd edə bilməzdik. Tarix yaşayan bir varlıqdır və 17 noyabrdan başlayaraq yaşananlar bu günkü zəfər dolu və bayramlarla zəngin Azərbaycan reallığını yaratdı. Biz buna görə fəxr etməliyik. Demokratikləşmə, milliləşmə və müstəqilləşmə prosesi Azərbaycanın da bir parçası olmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB