Azərbaycanın Mərkəzi Asiya və Qafqazlarda yeni tarixi missiyası necə təsbit olundu? - MƏQALƏ

Bu gün bir tarixi, yeni dünya düzəninin qurulması prosesini bəlkə də özümüz də hiss etmədən canlı-canlı yaşamağımız danılmaz bir gerçəklikdir. Yəni, faktiki olaraq dünya yenidən bölüşdürülür, hər bir ölkə və dövlət bu sanki öz mənsəbinə və məcrasına doğru sürətlə axan çaya bənzər, üzdə sakit görünsə də, əslində isə əksər hallarda çox amansız bir beynəlxalq mübarizənin getdiyi ortamda öz yerinin harada olmalı olduğuna qərar vermək, mövqeyini müəyyənləşdirmək istəyir. Böyüklüyündən və kiçikliyindən asılı olmayaraq ölkələr hazırda öz xarici siyasətlərində şahmat oyununda olduğu kimi strateji və taktiki gedişlərini edir, bəziləri isə anidən, gözlənilməz zərbələr yeməmək, nəticədə seytnota düşməmək, mat olmamaq bir yana, hətta pat vəziyyətini yaşamamaq üçün həddindən artıq diqqətli olmağa səy göstərir. Göründüyü kimi öncədən hesablayaraq analitik yanaşma və düşüncə ilə ağıllı gedişlər fikirləşməyi, düzgün qərarlar qəbul etməyi, bununla paralel yüksək zəka, təcrübə, strateji-taktiki qabiliyyət tələb edən bu “böyük oyun”u dünya siyasətinin hazırkı qrossmeysterləri çox diqqətlə və həssaslıqla oynamağa çalışırlar. Həqiqət budur ki, bu böyük mübarizə və mücadilədə Azərbaycan Respublikası inanılmaz bir sıçrayış, cəsarət və üstün ağılla öz yerini tutmaqdadır. Bu böyük “şahmat yarış”ında Azərbaycan dövlətinin Lideri, cənab Prezident İlham Əliyevin strateji düşüncəsi, taktiki gedişləri və sırf milli maraqlara (sadəcə Azərbaycanın deyil, faktiki olaraq bütün türk dünyasının) söykənən addımlarını xarici siyasəti bilən bir təcrübəli diplomat olaraq heyrannlıqla izləyirəm və buna zaman-zaman da KİV-dəki məqalələrimlə və çıxışlarımla öz münasibətimi bildirirəm. Azərbaycan Prezidenti çox riskli, çətin, “böyük güclər”in amansız, qanlı mübarizə apardıqları bir dövrdə onların geo-siyasi maraqlarının toqquşduğu bir bölgədə yerləşən ölkəni de-fakto regional gücə çevirə bilib. Üstəlik, Azərbaycan və azərbaycanlılar artıq strategiya düşünən, onu çevikliklə və müdrikliklə həyata keçirən ölkə və xalqdır. Bu çətin və qeyri-bərabər mübarizədə riskləri minumuma endirən Cənubi Qafqazın lider dövləti həm də “böyük güclər”in “maraq dairəsi” mübarizəsində başqasından yana tərəf olmamaqla yanaşı onların Bakı mərkəzli ciddi siyasi xətlə hesablaşmalarına nail ola bilib. Bu tarixi bir gəlişmə, nailiyyət və reallıqdır.

Bu mənada ötən həftənin sonu Türküstandan, onun göz bəbəyi Özbəkistandan, tarixi qərarların qəbul edildiyi qədim Daşkənddən əsən xoş ətirli yellər də bu uğurumuzun xoş xəbərçisidir. Azərbaycan həm şimal, həm cənub, həm şərq, həm də qərblə elə münasibətlər formalaşdırıb ki, artıq hər kəs bu siyasəti quran Liderlə, Prezident İlham Əliyevlə hesablaşır və onu qəbul edir. Bu baxımdan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə tamhüquqlu üzv qəbul olunan Azərbaycan Respublikası artıq sadəcə Qafqazlarda deyil, həm də Türküstan coğrafiyasında söz sahibi olan, sözü,məsləhəti eşidilən və qəbul olunan dövlətə çevrilib. Bilirik ki, hazırda ABŞ öz xarici siyasətində çox ciddi reveranslar, yeni şəraitə uyğun olaraq dövlətlərlə əlaqələrini “update” edir, bir növ bununla əvvəlki Bayden administrasiyasının ciddi, Vaşinqtonun maraqlarına əksər hallarda zidd olan səhvlərini düzəldərək daha çevik siyasi və praqmatik mahiyyətli addımlar atır. Azərbaycana verilən önəm və bizimlə əlaqələrə xüsusi yanaşılması əslində ABŞ-nin öz çıxarlarına tamamilə uyğundur. Bu nöqteyi-nəzərdən biz və dünya bu ilin avqustunda Vaşinqtonda Azərbaycana və onun Liderinə xüsusi münasibətin və rəğbətin olduğunu açıq-aşkar gördük. Prezident Tramp Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına diqqətlə yanaşır. Zəngəzur koridoruna, “TRİPP layihəsi”nə Donald Trampın özəl münasibəti isə bu kontekstdə olmaqla yanaşı həm də ümumbəşəri əhəmiyyətə malik strateji qərardır. Məncə belədir. Ona görə də faktiki Asiya-Avropa ticarətinin yeni, amma çox etibarlı körpüsü olan Azərbaycanın bu tarixi nailiyyətini öz xalqının mütləq dəstəyi ilə Prezident İlham Əliyev tərəfindən qazanıldığı ABŞ başda olmaqla Avropa İttifaqında, Çində, Rusiyada və digər “böyük oyunçu” olan ölkələrdə yaxşı başa düşür və bu faktı qəbul edərək öz siyasətlərini müəyyənləşdirirlər. Demək ki, bizim Azərbaycanımızın Mərkəzi Asiya ölkələrinin Məşvərət platformasına qəbul edilməsi heç bir halda adi bir hadisə sayıla bilməz. Bu sırf siyasi, strateji, geo-siyasi maraqları ehtiva edən zamanında verilmiş doğru bir qərardır. Azərbaycan çox güclü dövlətdir. Öz siyasəti, iqtisadiyyatı, dinamik artan əhalisi, müharibəni zəfərlə başa vurmuş qüdrətli ordusu olan bir ölkə artıq sadəcə yerləşdiyi bölgədə siyasət yürüdə bilməzdi. Bu missiya yeni şəraitdə və şərtlərdə cənubi Qafqaz bögəsindən kənara çıxmalı idi və çıxdı da... Artıq Cənubi Qafqaz və Mərkəzi Asiya dünyanın gözündə vahid bir geo-siyasi məkandır. Azərbaycan isə bu prosesin lokomotiv ölkəsidir. Əsas sual isə məncə budur: İndi nə olacaq və bu üzvlük bizə nə verəcək?

Əvvəla ilk növbədə dünya siyasətində Azərbaycanın çəkisi yüksələcək. Bu birmənalıdır. Coğrafi baxımdan Mərkəzi Asiyada yerləşməyən bir ölkə oranın taleyi üçün qəbul ediləcək qərarlarda və müzakirələrdə söz sahibi olacaq. Digər tərəfdən Cənubi Qafqazın üç dövləti var, ancaq o platformada təmsil olunan yeganə ölkə Azərbaycandır. Bu həm də öz yerləşdiyi coğrafiyada Azərbaycanın təsdiq olunan digər bir mühüm rolunun göstəricisdir. Diqqət etdinizsə, həmin Daşkənd zirvəsində Azərbaycan Prezidenti öz çıxışında vurğuladı ki, Cənubi Qafqaz və Mərkəz Asiya ortaq maraqları olan vahid bir məkana çevirlib. Deməli, yeni dünya düzəni qurularkən biz də vahid məkan olaraq söz sahibinə çevrilməkdəyik. Əslində biz Türk Dövlətləri Təşkilatının ən son Qəbələ zirvəsində Prezident İlham Əliyevin çıxışında bu təşkilatda birləşən ölkələrin transmilli məsələlərdə vahid mövqedən çıxış etmələrinin zəruriliyinə dair fikirlər səsləndirdiyini maraqla izləmişdik. Buradan həm də başqa bir nəticə də hasil olur ki, cənab Prezident türk dövlətləri ilə yanaşı Tacikistanın da üzv olduğu Mərkəzi Asiya ölkələrinin birləşdiyi bu platformaya da eyni siyasi qərarlılıqla yanaşır, birliyimiz, necə deyərlər diriliyimiz üçün yaranmış bu tarixi fürsəti düzgün qiymətləndirərək, sadəcə sözdə deyil, əməldə də bir olub addmlar atmağın vacbliyinə çağırış edir, həmçinin bu məqsədə nail olmaqla üçün ciddi addımlar da atır. Yəni, bu qərarları və real addımları ilə cənab Prezident ötən əsrin əvvəllərində babalarımızın bizə vəsiyət etdiyi: “Dildə, işdə, fikirdə birlik” məfkurəsinə də sadiqlik nümayiş etdirir. Bu böyük siyasi, ideoloji və mənəvi keyfiyyətdir ki, Prezident İlham Əliyevin türk dünyası qarşısında unudulmayacaq tarixi xidmətləridir. Türkiyə də bu prosesləri yaxından izləyir və başda Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan olmaqla bütün Türk milləti qardaş Azərbaycanın bu tarixi uğurlarına sevinməklə yanaşı, onun bu addımlarını birmənalı olaraq dəstəkləyir.

Ona görə də Azərbaycanla yanaşı bu layihələr bütün Türk dövlətlərinə, region ölkələrinə, Asiya-Avropa ticarətində orta koridor üzrəində yerləşən, hətta yerləşməyən ölkələrə belə fayda verəcək. Vaşinqtonda cənab Trampın təşəbbüsü ilə keçirilmiş Mərkəzi Asiya liderləri ilə görüşdə alınan siyasi, iqtisadi, strateji yönümlü qərarlardan dərhal sona Azərbaycanın artıq 3-cü dəfə iştirakçısı olduğu bir platformaya tam hüquqlu üzv olması Azərbaycan dövlətinin dünya siyasi proseslərində də gücünə güc qatacaq. Zəngəzur koridoru mütləq açılacaq, Ermənistanla müvafiq və haqlı tələblərimiz yerinə yetirildikdən sonra sülh müqaviləsi də imzalanacaq və bu da bölgəmizin rifahını və xoşbəxt gələcəyini təmin etmiş olacaq.

Beləliklə, Türküstandan əsən yellər daha o tərəflərdən acı xəbərləri deyil, xoş sədaları bizlərə gətirəcək....

Hulusi Kılıç,

İMZA İB-nin Türkiyə təmsilçisi

Bütün xəbərlər Facebook səhifəmizdə