“Yeni trendlərin tətbiqində çatışmazlıqlar müşahidə olunur” - MEDİA EKSPERTİ
“Yaşadığımız dövrdə informasiya dövriyyəsi kifayət qədər yüksək intensivliklə müşahidə olunur. Belə ki, gün ərzində istehsal olunan, yayılan informasiyaların kəmiyyəti kifayət qədər artıb. İnsanlar artıq informasiyaları izləmək üçün böyük həcmli və ağır materiallar oxumur. İndiki onlayn rejim dövründə yeni formatlardan istifadə olunur. Yəni insanlar qısa, lakonik yəni, az vaxt sərf etməklə çox informasiya əldə etmək prinsipinə üstünlük verirlər”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Müşfiq Ələsgərli deyib.
O bildirib ki, media da öz işini bu prinsipə uyğunlaşdırır: “Media sahəsində dünyada gedən əsas proses qısa, lakonik şəkildə çoxlu informasiyanın verilməsidir. Buna uyğun olaraq da mətn tərtibatında bir sıra üsullardan istifadə olunur. Məsələn, çox informasiya vermək, tədqiqat işlərini hazırlamaq üçün adətən “hipermətn” üsulundan istifadə edirlər. Bu tərtib hazırda ən çox istifadə olunan üslublardan biridir. Əlavə olaraq data jurnalistikanın prinsiplərindən də istifadə olunur. Yəni, rəqəmlərin müqayisəsini verməklə artıq nəticə çıxarmaq, şərh etmək oxucunun üzərinə buraxılır.
Təəssüf ki, Azərbaycan mediasında yeni trendlərin tətbiq olunması məsələsində çatışmazlıqlar müşahidə olunur. Buna görə də bu istiqamətdə də mühüm addımlar atmaq vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə