Həyata keçirilən tədbirlər ÜHST tərəfindən yüksək qiymətləndirilib

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi internet saytında “Quduzluğa qarşı mübarizədə Azərbaycanın təcrübəsi: heyvanların geniş miqyasda peyvəndlənməsi” sərlövhəli məqalə yayımlanıb. Bu barədə SİA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentiyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Məqalədə qeyd edilir ki, 2015-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı, ÜHST, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Quduzluğa Qarşı Qlobal Alyans tərəfindən qəbul edilən “2030-cu ilə qədər insanlar arasında quduzluqdan sıfır ölüm” qlobal strategiyası müxtəlif ölkələrdə həmin ölümcül xəstəliyin aradan qaldırılması üçün milli planların hazırlanması üçün əsas olub. Bu sahədə Azərbaycanda mühüm işlər görülüb. Quduzluğa qarşı mübarizə Azərbaycanın baytarlıq xidmətləri və səhiyyə orqanları üçün prioritet məqsədə çevrilib. Əsas vəzifə isə heyvanları peyvənd etməklə quduzluğu aradan qaldırmaq və insanların quduzluq problemi barədə məlumatlılığını artırmaqdan ibarətdir.

Məqalədə Azərbaycanda quduzluqla bağlı mövcud vəziyyət və bu xəstəliklə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Bu ilin iyun ayında Avstriyanın paytaxtı Vyanada Avropa məkanında “Vahid Sağlamlıq” konsepsiyasının tətbiqi ilə əlaqədar keçirilən seminarda AQTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi, ölkəmizin ÜHST yanında daimi nümayəndəsi Qalib Əbdüləliyev tərəfindən səsləndirilən təkliflərə yer verilib.

Qeyd edək ki, Vyanada Avropa məkanında “Vahid Sağlamlıq” konsepsiyasının tətbiqi ilə əlaqədar təşkil olunan tədbirdə ölkəmizdə zoonoz xəstəlikər üzrə aidiyyəti qurumların əlaqəli fəaliyyəti və quduzluğa qarşı aparılan profilaktik və monitorinq tədbirləri yenilik kimi qəbul edilib və yüksək qiymətləndirilib. Eyni zamanda, Azərbaycan nümayəndə heyətinin quduzluğa qarşı aparılan tədbirlərlə əlaqədar Regional Məsləhət Qrupunun yaradılması təklifi müsbət qarşılanıb. Növbəti mərhələlərdə həmin məsələyə baxılması qərara alınıb.

ÜHST-nin rəsmi internet saytında ingilis dilində yayımlanan “Quduzluğa qarşı mübarizədə Azərbaycanın təcrübəsi: heyvanların geniş miqyasda peyvəndlənməsi” sərlövhəli məqalə ilə linki vasitəsilə daha ətraflı tanış olmaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə