Bal var, müştəri yoxdur - Bal yarmarkasından REPORTAJ

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 9-29 sentyabr tarixlərində arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkası keçirilir. Bal yarmarkasında 39 rayondan 275 arıçı iştirak edir. Qeyd edək ki, yarmarka hər gün saat 09:00-dan 19:00-dək fəaliyyətdə olacaq.

SİA yarmarkadan reportajı təqdim edir:

Satıcı Kərimağa İbrahimov: “Astara rayonundan gəlmişəm. Bu il rayonumuzda məsuldarlıq yaxşı oldu, balın keyfiyyəti də çox gözəldir. Mən 300 arı saxlayıram və bir çoxlarını arıçılıq sahəsinə cəlb etmişəm. Bizim ulu babamız, nəslimiz arıçı olub.

Yarmarkada 20 ildən çoxdur iştirak edirəm, Bakıda alıcılarım çoxdur. Hələ ki, yarmarka təzə başlayıb, zənnimcə, alıcı səviyyəsi getdikcə artacaq. Bal qiymətləri keyfiyyəti və növünə uyğun olaraq 25-50 azn aralığında dəyişir.

İnsan üçün ən yararlı bal növü çiçək və cökə balıdır. Cökə balı ürək, qan-damar sistemi üçün daha faydalıdır. Çiçək balı isə bədənin immunitetini qaldırmağa xidmət edir. Bundan əlavə arı südü kimi müxtəlif məsullarımız var ki, hər biri orqanizm üçün xüsusi əhəmiyyət kəsb edir. Uşaqlıdan təmiz bal qəbul edən insanın gələcəkdə orqanizmində problem olmur”.

Satıcı Ələkbər Sarayev: “Uzun illərdir arıçılıqla məşğulam və hər zaman bal yarmarkasında iştirak edirəm. Hər il olduğu kimi bu il də yarmarka çox gözəl təşkil olunub. Yarmarkaya məsullarımızı təqdim etmək üçün gəlirik. Ballarımız ekoloji təmiz məsullardır, qiymətlər 35-40 azn təşkil edir. Dağ və meşə ballarımızın hər biri AQTA-nın laboratoriyalarından keçib”.

Satıcı Teymur Babayev: “Yarmakada iştirak etmək üçün Astara rayonundan gəlmişəm. Bir neçə dəfə yarmarkada iştirak etmişəm. Bu il xüsusilə bir məqam fərqlənirdi. Belə ki, hər il müəyyən məbləğ ödəyərək yarmarkada iştirak mümkün olurdusa, bu il tamamilə ödənişsiz idi. Lakin bu il yarmarka hər zamankından tez başladığı üçün havalar istidir və bu səbəbdən də alıcılar azdır. Buna baxmayaraq məsulumuz bol, qiymətlərimiz uyğundur”.

Satıcı Ziyafət İbrahimova: “Bal yarmarkasında artıq 18 ildir ki, iştirak edirəm. Bu il yarmarka hər zamankından daha tez baş tutsa da, biz hazırlıqlı idik. Bal qiyməti 30-35 azn aralığında dəyişir. Meşə, cökə, may balı kimi müxtəlif bal növləri mövcuddur. Alıcılar isə daha çox cökə və meşə balına üstünlük verirlər”.

Satıcı Rubail Əlizadə: “Yarmarkada iştirak etmək üçün Astara rayonundan gəlmişəm və özümlə 400 kq bal və 30 çərçivə bal gətirmişəm. Yarmarkada 2014-cü ildən bəri iştirak edirəm. Mənim öz təsərrüfatımdır, bu iş mənə ata-babamdan qalıb. Müxtəlif bal növləri gətirsəm də, cökə balına tələbat daha çoxdur”.

Satıcı Sadiq Ağayev: “Astara rayonunda yaşayıram, gənc arıçıyam. Atam uzun illərdir yarmarkada iştirak etsə də, mən ilk dəfədir gəlirəm. Buna görə də mənim üçün çox maraqlıdır və sevincliyəm. Bal qiymətləri 20-35 azn aralığındadır. Alıcılar isə hələ ki, azlıq təşkil edir”.

Satıcı Şahsuvar Abdullayev: “Cənub bölgəsindən gəlmişəm və təxminən 400 kq bal gətirmişəm. Gətirdiyim bütün bal növləri AQTA-nın labaratoriyalarında yoxlanışdan keçmişdir. Qaratikan, cökə, meşə kimi müxtəlif bal növlərimiz var. Yarmarka başladığı ildən hər zaman iştirak etmişəm. Digər illərlə müqayisədə alıcı səviyyəsi aşağıdır”.

Satıcı Elsevər Rzayev: “Gədəbəydən gəlmişəm və bu il yaxşı məsulumuz oldu. Bal növlərindən başqa çiçək tozu, vərəm mumu kimi məsullar da gətirmişik. Çiçək tozu immunitet sağlamlığı üçün çox xeyirlidir. Alıcılar hələki çox deyil, qiymətlər 30-40 azn dəyişir. Lakin endirimlər də edirik”.

Satıcı Dağbəyi Mənsurov: “Otuz ilə yaxındır ki, arıçılıqla məşğul oluruq. Dördüncü ildir ki, təsərrüfatımız Laçına köçürülüb və burada təsərrüfatımızı daha da genişləndirmək istəyirik. Qarabağ zonasında bal verən bitkilər həddindən artıq çoxdur. Yarmarkaya 400 kq bal gətirmişik, alıcı səviyyəsi isə zəifdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə