QHT rəsmilərinin "Formula 1" yarışlarına BAXIŞI - SORĞU

Təqvimə əsasən, paytaxtımız növbəti Azərbaycan Qran-Prisinə 2024-cü ilin 13-15 sentyabr tarixlərində ev sahibliyi edəcək. Sayca səkkizinci dəfə təşkil ediləcək Bakı yarışı təqvimdə yer alan 24 yarışdan biridir. Yeni F1 mövsümü martın 2-də Bəhreyndə başlayıb ənənəyə sadiq qalaraq dekabrın 8-də Əbu-Dabidə başa çatacaq. Bəs, Azərbaycanda keçiriləcək "Formula1" yarışlarının əhəmiyyətini Qeyri-Hökumət Təşkilatları necə dəyərləndirir?

"Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev: "Ölkəmizdə keçirilən Formula-1 yarışları son yarım əsrdə çox məşhurlaşmış və dünyada ən çox izləyicisi olan yarış növlərindəndir. Bakı nadir şəhərlərdəndir ki, bu yarışları şəhər daxilində təşkil edir. Bakının dar və sərt döngəli küçələri yarış iştirakçıları üçün həyəcan dolu əsil sınağa, azarkeşlər üçün isə bu yarışın daha maraqlı olmasına səbəb olur.

Bu yarışlardan ölkəmizin qazancı ilk növbədə dünyada daha da çox tanınması olur. Həm yarışları canlı izləmək üçün saysız-hesabsız turist ölkəmizə səfər edir, həm də dünyanın aparıcı KİV-ləri məqalə və reportajlar hazırlayıb izləyicilərinə təqdim edir ki, bu da dünyada 100 milyondan artıq insanın efir vasitəsi ilə Azərbaycanı görüb tanıya bilir. Bu da öz növbəsində ölkəmizə maraq yaranaraq turist kimi səfər etmək istəyənlərin sayını kəskin şəkildə artırır.

Xatırladım ki, bu yarışın keçirildiyi marşrut paytaxtımızın həm qədim tarixi hissəsini, həm də müasir şəhəri əhatə edir. Turistlərin gəlişi ölkəmizdə otel, restoran, muzey, nəqliyyat (o cümlədən taksi) sahələrinin inkişafına və gəlirlərinin artmasına səbəb olur. Bununla yanaşı yarışların keçirilməsinə hazırlıq dövründən yarışlar yekunlaşana qədər çoxsaylı qısa müddətli iş yerləri yaranır ki, bu da əhalimizin maddi rifahının artmasına səbəb olur. Ümumilikdə yarış dövrü gələn ziyarətçılər və turustlər tərəfindən ölkəmizdə 100 minlərlə dollar xərclənir ki, bu da xidmət göstərən sahələrin qazancına və onlar tərəfdə dövlətə vergin ödənişinin artması ilə nəticələnir.

Vətənimizin ərazi bütövlüyü bərpa edildiyi bir dövrdə hesab edirəm ki, Formula-1 bir yarışları gələcəyə hesablanmış, turism axınını güçləndirə biləcək bir fürsətdir. Doğma Azərbaycanımızın gəzməli görməli və heyran olunası guşələri çoxdur. Bu gözəl guşələrin bir hissəsi də hal hazırda bərpa edilir və turistlər üçün də açıq olacaq".

"Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova: "Ölkəmizdə sayca səkkizinci dəfə təşkil ediləcək dünyanın ən bahalı və elit idman növü olan Formula-1 yarışı 13- 15 sentyabrda bütün dünyanın diqqətini yenidən Bakıya yönəldəcək. Belə möhtəbər yarışlara evsahibliyi etmək ölkəmizin nüfuzunu artırmaqla yanaşı, həm də ona böyük iqtisadi imkanlar qazandırır.

Təşkilatçıların verdiyi məlumatlardan da göründüyü kimi yarışları izləmək üçün ölkəmizə 100-dən çox fərqli ölkələrdən azarkeş axını gəlir.

Ən çox bilet alan alan ölkələr arasında Azərbaycan, Türkiyə, Birləşmiş Krallıq, ABŞ, Niderland və Hindistan liderdir. Yarışda iştirak edəcək 2 min könüllüdən 100-ü dünyanın fərqli qitələrindən müraciət edən xarici ölkə vətəndaşlarıdır. Bütün bu məlumatlar göstərir ki, yarışları izləməyə gələn azarkeşlərin iqtisadiyyatımızın müxtəlif sahələrinə, o cümlədən hotel və mehmanxana, hava yolları, restoran, nəqliyyat, iaşə obyektləri və digər sektorlara verəcəkləri faydalar da həddindən artıq böyük olacaq".

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli: “Formula 1 Azərbaycanın təşkil etdiyi olduqca əhəmiyyətli idman layihələrindən biridir. Yarışları dünyanın ən nüfuzlu telekanalları yayımlayır. Formula 1-i dünya üzrə 500 milyondan çox insan izləyir. Azərbaycanın hər Qran-prisini isə 100 milyona yaxın tamaşaçı canlı yayımda görür. Tirajlı KİV-lər, sosial şəbəkə hesablarında Bakıdan canlı yayımlar verilir.

Bu yarışların Bakıda təşkil olunması ölkəmizin dünyada tanıdılması baxımından çox önəmlidir. Adi günlərdə Azərbaycanla bağlı hansısa reklam çarxı dünyanın nüfuzlu telekanallarında yayımlanması olduqca bahalıdır. Lakin Formula 1 günlərində milyonlarla insan canlı yayımda Azərbaycanı, paytaxt Bakını görür, ölkəmizin əldə etdiyi sosial-iqtisadi nailiyyətlərinin şahidi olur. Bu Azərbaycanın dünyada tanıdılması, həm də turistlərin ölkəmizə cəlb olunması baxımından çox əhəmiyyətlidir. Formula 1 yarışlarının keçirildiyi günlərdə ölkəmizdə iqtisadiyyat canlanır, ölkəmizə valyuta axını sürətlənir. Bu yarışları izlməyə gələnlər əsasən elit insanlardır. Bu da elitar turizmin inkişafına təkan verir. Məlumdur ki, elit turistlər orta statistik turistlərdən daha çox pul xərcləyir. Ümumilikdə orta hesabla yarış günlərində əcnəbi turistlər Azərbaycanda milyonlarla dollar vəsait xərcləyirlər. Taksi xidməti, mənzil-kirayə bazarı, otelçilik və iaşə sektorunda canlanma yaranır, yeni iş yerləri açılır. Dövlətlə yanaşı vətəndaşlarımız da pul qazanır. Əlbəttə, turnirin təşkilinə Azərbaycan dövləti vəsait ayırır. Azərbaycan Qran prisi hər il yüksək səviyyədə təşkil edilir. Bunu ölkəmizə gələn turistlər də təsdiq edirlər. Yollar qaydaya salınır, infrastruktur yenilənir. Amma nəticə göstərir ki, bütün bur xərclərə dəyər. Çünki ölkəmiz, vətəndaşlarımız həm maddi, həm də mənəvi olaraq qazanır. Gənclər iş yeri tapır, yeni biliklər əldə edir, peşələrə sahib olurlar.

Hər Qran-pri ərzində prosesə minlərlə gənc, könüllü olaraq qatılıb, onlar üçün bir çox təlimlər keçirilib. Bakı Şəhər Halqası Akademiyasında gənclər üçün xarici dil kursları təşkil olunur. Çoxsaylı təlimlər, treninqlər keçirilir. Gənclərə kommunikasiya, təşkilatçılıq, liderlik bacarıqları öyərdilir. Bu da Formula 1-in insan kapitalının inkişafına qatqısıdır.
Formula 1 zamanı şəhərdə müəyyən çətinliklər də yaranır. Yolar bağlanır, gündəlik iş ahəngi pozulur. Lakin Bakı sakinləri bunu təmkinlə qarşılayır”.

"Ortaq Dəyərlərİctimai Birliyinin sədri Aqil Camal: "Formula 1 beynəlxalq yarışmasının ölkəmizdə keçirilməsi bir neçə aspektdən əhəmiyyətli hesab oluna bilər. Bunlardan ilk növbədə onu qeyd etmək olar ki, təkcə Formula 1 deyil, bu tipli istər yarışma, istər beynəlxalq tədbirlər olsun (elə bu keçiriləcək COP -29 tədbirlərini də bu sıradan aid etmək olar) bunlar Azərbaycanın həm idman ölkəsi, həm beynəlxalq humanitar tədbirlərə ev sahibliyi edən, ümumiyyətlə dünyada humanizmi humanitar böhranlarla bağlı məsələləri diqqətdə saxlayan o cümlədən idmana, sağlamlığa, insanların sağlamlığına önəm verən, diqqət çəkən bir ölkə kimi dünyada təbliğ üçün önəmlidir.

İkincisi bu cür tədbirlər, xüsusilə də Formula 1 yarışmasının özü turistik baxımdan da əhəmiyyətlidir. Bir sıra insanlar bu yarışları izləmək üçün Bakıya gəlirlər, bura gəlməkdə məqsədi ilk növbədə həmin yarışlarla bağlı olub, yəni ölkəyə turist kimi gəlmək yox, məhz həmin yarışlarda izləyici kimi iştirak etmək üçün olub. Amma gəlib ölkəmizlə tanış olandan sonra onların təkrar bir turist olaraq ölkəmizə qayıdışı və yaxud da ətrafındakı insanları da ölkəmizlə bağlı məlumatlandırması və turist olaraq cəlb etməsində əhəmiyyətli rol oynaya bilir.

Üçüncüsü isə təbii ki artıq Azərbaycan bu yarışmanı Bakı şəhərində təşkil edir. Bu yalnız bir təbliğat və yaxud göstəriş üçün deyil, eyni zamanda bunun bir iqtisadi səmərəsi də var ki mütləq şəkildə bu olmasa bunu illərlə davamlı olaraq paytaxtda müəyyən aylar problemlər yaradır. Müəyyən çətinliklər yaratsa belə bunun iqtisadi səmərəsi də var. Bu baxımdan hesab edirəm ki, Formula 1 yarışması artıq Azərbaycanın həyatında özünəməxsus yeri olan bir yarışmadır və Azərbaycan bu yarışmanı hər il olduğu kimi çox mütəşəkkil formada yüksək səviyyədə təşkil edir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə