Kadr çatışmamazlığını asan yolla necə aradan qaldırmaq lazımdır? - ARAŞDIRMA
Azərbaycan iqtisadiyyatının ayrılmaz hissəsi olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Dövlət əhalinin ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam etməkdədir. Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatında neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahədir. Həmçinin bu sahə iş yerləri ilə təminatda ən böyük pay sahibidir. Prezident İlham Əliyev kənd təsərrüfatının iqtisadiyyatın çox böyük potensiala malik olan nəhəng sektor olduğunu bildirərək, sahənin inkişafını həm də məşğulluğun təmin edilməsi kimi qiymətləndirib. Ölkə başçısı deyib ki, bu sahədə ixrac potensialı kifayət qədər böyükdür: “Əsas qida məhsulları üzrə biz bir, maksimum iki ildən sonra özümüzü tam təmin etmək imkanındayıq".
Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin kənd yerlərində əhalinin əksəriyyətini sahibkarlar və fermerlər təşkil edir. Bu sahədə məhsuldarlığın artırılmasını, təsərrüfatların genişləndirilməsini və mexanikləşdirilməsini əsas məqsədlər kimi qeyd etmək olar.
Elmi əsaslandırılmış dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində kənd təsərrüfatı və onun emal məhsullarının istehsalı xeyli artmışdır. Regionların sosial-iqtisadi inkişafı sahəsində görülən tədbirlər, həyata keçirilən məqsədyönlü proqramlar kənd yerlərində əhalinin rifah halını xeyli yaxşılaşdırmağa imkan vermişdir.
Qısa müddətdə respublikada fəaliyyət göstərən aqraryönümlü bütün təşkilat və elmi-tədqiqat institutları, həmçinin müvafiq fakültələri olan ali təhsil ocaqları ilə geniş əlaqələr yaradılmışdır. Aqrar elm sahəsində Azərbaycan Milli Elmlər Akademiyasında koordinasiyanın təmin edilməsi istiqamətində daha bir addım atılmışdır. Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının “Kənd təsərrüfatı bitki və heyvanlarının genetika və seleksiyası problemləri üzrə Elmi Şura”sı və “Torpaq və su ehtiyatlarının idarə edilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə Elmi Şura”sı yaradıldı və fəaliyyətə başladı. Bütün bu proseslərə baxmayaraq hazırda ölkəmizdə Kənd təsərrüfatı sahəsində mütəxəssis çatışmamazlığı yaşanır.
"Azərbaycanda bəlkə də kifayət qədər kənd təsərrüfatı mütəxəssisi var, sadəcə olaraq onların işə cəlb olunması, qabiliyyətlərinə görə seçilməsi, nazirlikdən tutmuş rayon kənd təsərrüfatı idarələrinə qədər çox az müəssislərdə rast gəlinir". Bu sözləri SİA-ya açıqlamasında İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib. Ölkədə bütün sahələrdə mütəxəssislər qabiliyyətlərinə görə seçilməlidir. Yaşadığımız ölkədə isə çox vaxtı qohumluq əlaqələrinə, tapşırığa, rüşvətə görə seçilir. Dövlət fermer təsərrüfatıdır və hamı rəhbər vəzifəsinə götürdüyü adamları hansısa başqa bir xətlə götürür. Kənd təsərrüfatı sahəsinə cəlb olunan mütəxəssislərin qabiliyyətinə görə seçim olunmalıdır. Belə olan halda problemin bir hissəsi həll olunacaq və bu günə qədər əmək qabiliyyətinə cəlb olunmuş mütəxəssislər öz töhfələrini vermiş olacaqdır. Gəncə şəhərində Aqrar Universitet fəaliyyət göstərir və həmin universitet mütəmadi olaraq mütəxəssis yetişdirir. Bu gün ali məktəbə, kənd təsərrüfatı sahəsinə lazım olan sifarişləri dövlət verir. Nə qədər aqronom, baytar, mexanizator lazımdır, hansı mütəxəssislərə daha çox ehtiyac duyulursa onların siyahısını hazırlamalıyıq. Bunların hamısını müəyyənləşdirməli və universitetin qəbul planını tələbata uyğun qurmalıyıq. Bununla yanaşı universitetdə təhsilin səviyyəsini yüksəltmək, xarici mütəxəssislər dəvət etmək lazımdır. Dünyadakı mütərəqqi aqrotexniki qaydaları, xidmətləri, Azərbaycana gətirib tətbiq etməliyik. Kənd Təsərrüfatı Universiteti xarici əlaqələrdən istifadə edərək dövlətin dəstəyi ilə öncül ölkələrlə əlaqə saxlamalıdır.
Həmçinin Kənd təsərrüfatı naziri aqronom, onun müavini baytar, digər müavini bitki mühafizəsi üzrə mütəxəssis olmalıdır ki, bu sahədə müəyyən qədər irəliləyişlər olsun. Kənd təsərrüfatı naziri və nazir müavinləri kənd təsərrüfatı mütəxəssisləri olmalıdırlar. Onların bu vəzifə sahibləri olmayınca, mən inanmıram ki hansısa istiqamətdə aqrar sahədə inkişafa nail olsun. Bu gün Azərbaycanda suvarma suyunun çatışmazlığının bir səbəbi mütəxəssislərin az olması və sudan istifadə qaydalarını bilməməsidir. Suyun yuxarı axarında nə qədər sahə varsa, ildə 4/5 dəfə suvarılma əvəzinə 10 dəfə suvarılır. Bu qədər çox suvarmada yerlərdə şoranlaşma yaranır. Şoranlaşma nəticəsində də məhsuldarlıq aşağı düşür. Misal üçün bostan, tərəvəz bitikiləri əkilir və azotu çox verirlər. Azot çox veriləndə məhsul həm dadlı, həm də görkəmli olur, amma onu tərkibində olan maddələr insan orqanizmi üçün zərərlidir və zəhərlənmələr gətirib çıxarır. Kənd təsərrüfatında keyfiyyətli mütəxəssislərin olmaması həm məhsuldarlığı aşağı salır, həm keyfiyyətinə xələl gətirir, həm də insan orqanizminə mənfi təsir göstərməsinə səbəb olur.
Bəs bu problemi aradan qaldırmaq üçün ilk tədbirləri hansı qurumlar görməlidir?

Təhsil eksperti Elçin Süleymanov tələbələrin bu sahəyə marağını artırmaq üçün Aqrar Universitetin atdığı addımlardan danışıb.
Aqrar Universitet Azərbaycanın tarixi universitetlərdən biridir. Xüsusilə Sovet dövründə kənd təsərrüfatı kadrlarının hazırlanması, regionlarda yaxınolması məqsədilə universitet məhz Gəncədə qurulmuşdur. Və təbii ki Sovet dövründə iqtisadiyyatın planlı olması üçün ümumi olaraq kənd təsərrüfatı mütəxəssislərinə ciddi ehtiyac duyulurdu. Müstəqillikdən sonrakı dövrdə qərarlar ləğv olundu və insanlarda belə bir təəssürat yarandı ki, kənd təsərrüfatı sahəsində iş yerləri yoxdur. Bu sahədə olan ixtisaslara sahib olmağa çox pərəstişkarlıq etmirlər. Universitetin giriş balının aşağı olması və yerlərin boş qalması da elə bu səbəbdən baş verirdi. Keçid balı digər universitetlərdə 200 olduğu halda, Aqrar Universitetdə 150 bal təşkil edir. Müstəqilliyin ilk illərinə baxanda hazırki illərdə kənd təsərrüfatının inkişafında savadlı mütəxəssislərin, aqronomların, baytarların yüksək maaşlı işlərə cəlb olunma imkanları son illərdə daha çox genişləndirilmişdir. Bu da sahəyə olan marağın artmasına gətirib çıxarır.
Son 10 ildə Aqrar Universitetində kifayət qədər müsbət dinamika olub. Yeni binalar, yataqxana, tədris korpusu tikilmişdir. Eyni zamanda təqaüd imkanlarının genişləndirilməsi də yüksək ballı tələbələrin bu universiteti seçməsinə şərait yaradır. Aqrar Universitet həm Türkiyə, həm də digər ölkələrlə əməkdaşlıq proqramları həyata keçirir. Ali məktəbin paytaxtda olmaması, eyni zamanda məzunların işləmək imkanların məhdud olması bu universiteti seçməkdən imtina etməsinə gətirən səbəblərdəndir. Aqrar Universitetdə çox vacib və aktual ixtisaslar olmasına baxmayaraq bir çox gənclər fermer təsərrüfatlarında işləməsini özlərinə yaraşdırmır. Son zamanlarda kənd təsərrüfatına dövlətinin verdiyi dəstək ,investisiyalar universitet məzunlarının iş imkanlarını artırmağa başlamışdır. Qeyd etdiyim kimi savadlı aqronomlara, baytarlara, kənd təsərrüfatı məhsullarının qablaşdırılması və satışı mütəxəssislərə ciddi ehtiyac var. Bütün bu işlər onu deməyə əsas verir ki, yaxın gələcəkdə tendensiya müsbətə doğru inkişaf edəcəkdir.
Ekspertlər zaman-zaman ölkəmizdə aqrar sahə üzrə ixtisaslı kadr çatışmazlığı olduğunu qeyd edirlər. Bəs, tələbələrin kənd təsərrüfatı sahəsində təcrübə qazanmaq üçün xarici ölkələrə göndərilməsi bu sahədə bir canlanma yarada bilər?

İqtisadçı-ekspert Rauf Qarayev isə məsələyə fərqli aspektdən yanaşıb. Ekspertin sözlərinə görə, Sovet sisteminin vaxtında Azərbaycanın kənd təsərrüfatı sahəsində kifayət qədər təcrübəli və peşəkar kadr potensialı vardı: SSRİ-yə daxil olan 15 ölkədə intellektual səviyyəsi ilə özünü təsdiq etmiş kənd təsərrüfatı mütəxəssisləri, alimlərimiz olub. Ölkədə heyvandarlıq, bitkiçilik üzrə kifayət qədər peşəkar kadrlar yetişirdi. O vaxtlar təcrübə keçmək üçün baza da mövcud idi. İstənilən alim gedib hansısa bir kolxozda öz kəşfini sınaqdan keçirə bilirdi. Dövlət tərəfindən də bu cür layihələrin həyata keçirilməsi üçün xüsusi vəsait ayrılırdı.
SSRİ dövründə peşəkar mütəxəssisin yetişməsi üçün bünövrə olduğunu vurğulayan iqtisadçı onu da qeyd edib ki, durğunluq SSRİ dağılandan sonra olub. Artıq təcrübə keçmək üçün sınaq yerləri yox idi. Kənd təsərrüfatı sahəsində elm adamları əvvəlki kimi öz təcrübələrini keçirə bilmirdi. Dövlət tərəfindən də, yardımlar demək olar ki, yox idi. Kim nə edirdisə, öz gücünə etməli idi. Bu baxımdan kadr kasadlığı yaranmağa başladı. Hətta deyərdim ki, baytar, aqronom olmaq aşağı səviyyəli ixtisas sayılırdı. Çox adam cəhd belə etmirdi ki, gedib bu sahədə təhsil alsın. Kəndli öz təcrübəsinə əsaslanaraq işini qururdu.
Ekspertin fikrincə, zəncirin müstəqilliyə keçid dövründə qırılmasının hələ də fəsadlarını görürük. Amma artıq müasir kənd təsərrüfatı, müasir biliklər tələb edir. Yəni xarici texnologiyaların tətbiqi, su qıtlığını aradan qaldırmaq üçün mexanizmlərdən istifadə, havanın zəhərlənməsi bitkini təbii yolla yetişdirmək mümkün olmadığından, dərman komponentlərini də aqronom bilməlidir. Müasir dövrdə artıq ölkədə ən tələbatlı kadr aqrar sahə üzrə yüksək ixtisaslı kadr sayılır. Yəni kadr təhsildən əlavə, təcrübə kurslarına da gedib öz biliyini inkişaf etdirməlidir. Xarici dil biliyi olmalıdır ki, müasir dövrlə ayaqlaşa bilsin. Azərbaycanın özündə Kənd Təsərrüfatı Nazirliyində idarəçilik baxımından kadr kasadlığı var. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bizim aqrar sahə üzrə nazirlikdə kənar və vəzifələrinə uyğun olmayan kadrlar var. Bundan əlavə yerli kadrların biliyinə güvən prinsipi yoxdur. Nəticədə idarəçilik heyəti məcbur qalıb kənarda işçi axtarır. Halbuki, xaricə göndərilən kadrları özümüz də yetişdirə bilərik.
Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB