“Bahalaşma qlobal prosesin bir hissəsidir” - ŞƏRH EDİLDİ

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi tezislər istər siyasi, istər sosial-iqtisadi baxımdan ölkənin tutduğu yol xəritəsinin, o cümlədən, bir sıra həssas nüanslara münasibətdə qəti mövqeyimizin ifadəsi baxımdan çox vacib elementləri əhatələyir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, ilk növbədə, dünyada əsas problem kimi getdikcə dərinləşən və iqtisadiyyatın qanunlarına görə Azərbaycanın da bu prosesdən kənarda qala bilməyəcəyi ərzaq qıtlığı təhlükəsi ilə bağlı ölkəmizin tutacağı sosial-iqtisadi yol və mövcud vəziyyətə ölkənin birinci şəxsi tərəfindən şəxsən münasibət bildirilməsi əhalinin narahatlığının aradan qaldırılması baxımdan zamanında və yerində atılmış addım oldu: “Cənab Prezidentin də dediyi kimi, Azərbaycanda müşahidə olunan bahalaşma qlobal prosesin bir hissəsidir, yəni “qiymətinin qalxması Azərbaycana bir növ, - əgər belə demək mümkündürsə, - idxal olunub.” Lakin Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin zamanında atdığı strateji addımlar, xüsusən, Rusiya ilə münasibətlərin böyük siyasi ustalıqla zərgər dəqiqliyi ilə qurulması nəticəsində əsas qlobal böhran olan ərzaq qıtlığı, daha dəqiq desək, taxıl qıtlığını Azərbaycan əhalisi hiss etməyəcək. Yaşı 30-dan yuxarı olan hər kəs 90-cı illərdə AXC-Müsavat cütlüyünün hakimiyyəti illərində əhalinin çörəklə necə sınağa çəkildiyini, çörək mağazaları qarşısında necə uzun növbələrin olduğunu yaxşı xatırlayır. Baxmayaraq ki, həmin illərdə qıtlıq lokal xarakter daşıyırdı və qlobal səviyyədə ərzaq qıtlığından söhbət getmirdi. İndi isə qlobal taxıl qıtlığı fonunda Azərbaycan məhz prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində bu problemlə üzləşməyəcək. Möhtərəm Prezidentin də dediyi kimi, “Biz ənənəvi olaraq taxılı da, gübrəni də Rusiyadan alırıq. Rusiyalı tərəfdaşlarımızla əldə edilmiş razılaşmalar nəticəsində Azərbaycana istədiyimiz qədər həm gübrə, həm taxıl ixrac edilir və ediləcək.”

Deputat sözlərinə belə davam edib: “Cənab Prezidentin bu açıqlaması həmçinin Rusiya-Azərbaycan münasibətlərinin və strateji tərəfdaşlığının əsl mahiyyətini başa düşməyən, bu münasibətləri milli maraqlara zidd olduğunu iddia edərək spekuliyasiya ilə məşğul olanlara sözün əsl mənasında tərs sillə oldu. Cənab Prezident bir daha göstərdi ki, onun bütün siyasi gedişlərinin hədəfində yalnız xalqın və dövlətin maraqları dayanır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə